Şənbə , Noyabr 17 2018
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur” – TƏHLİL

“Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur” – TƏHLİL


Gəlir əldə etmək üçün əlimizdə olan vəsaiti hara yatıraq?

“Kommersant.az” xəbər verir ki, bəzən qısamüddətli yatırım üçün maliyyəni hansı istiqamətə yönəldəcəyimizi bilmirik.

Pulun “işləməsi” və gəlir gətirməsi üçün nə və necə edək?

İqtisadçı ekspert Cəfər İbrahimli suala cavab olaraq redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycanda sadəcə əmanətlər deyil, onlardan başqa da maliyyə alətlərinə investisiya yatırmaq imkanları var:

“Müştərilər qısamüddətli yatırım üçün qiymətli kağızlara üstünlük verir. Azərbaycanda heç bir bank 2-3%-dən yuxarı əmanətlərə faiz vermir. SOCAR-ın qiymətli kağızlarının gəlirliliyi hazırda 5%-dən 4,30%-ə düşüb. Bu isə həmin istiqrazlara olan yüksək tələblə bağlıdır. SOCAR istiqrazları digər maliyyə alətlərinə nisbətən ən yaxşı şərtlərlə yüksək gəlir təklif edir. Dünyanın heç bir yerində qiymətli kağızları geri alma təminatı yoxdur. SOCAR-ın isə geri alma təminatı var. İstənilən vaxt istiqraz sahibinin likvidliyi təmin edilə bilir.

Manatda isə daha çox, sıfır riskli olduğuna görə dövlət qiymətli kağızlarına yatırımı məsləhət görürük. Amma orada gəlir o qədər də qaneedici deyil. Bu valyutada kağızların illik gəliri 7% olduğu üçün müştərilər üçün o qədər də cəlbedici görünmür. Sıfır risk istəyirlərsə, birmənalı şəkildə dövlət kağızlarını alsınlar. Buna paralel olaraq, “Metak” kimi şirkətlərin korporativ istiqrazları da var”.

İqtisadçı əlavə edib ki, əgər müştərilər Azərbaycan maliyyə bazarındakı qısamüddətli maliyyə alətlərini bəyənmirlərsə, portfel idarəçiliyi çərçivəsində ABŞ, Avropa, yaxud Türkiyə bazarında daha yüksək gəlirli maliyyə alətlərinə investisiya qoymaq məsləhət görülür:

“Bu yolla 4-5% gəlir əldə etmək mümkündür. Məsələn, vəsaitlərinin bir hissəsini qızıla investisiya edə bilərlər. Qızıl ən güvənli maliyyə aləti hesab olunur. Bu, riskin azaldılması üçün ciddi maliyyə alətidir. Likvid olmayan uzünmüddətli investisiya isə daşınmaz əmlakdır. Azərbaycanda bu sektora kifayət qədər investisiya yatırılıb. Təkrar investisiya etmələri o qədər də cəzbedici görünmür”.

Digər iqtisadçı ekspert Rəşad Həsənov isə məsələ ilə bağlı “Kommersant.az”a açıqlamasında qeyd edib ki, Azərbaycanda indiki halda yatırımlar daha çox manatla əmanət formasında edilir:

“1 il müddətində likvid alətlərdə vəsaitlərin yerləşdirilməsi daha məqsədəuyğundur. Dünya təcrübəsində səhmlər və bank istiqrazları, eyni zamanda banklarda vəsaitlərin yerləşdirilməsi (depozitlər və s.) yollarından istifadə olunur. Amma Azərbaycanda qısamüddətli dövrdə daha çox manatla depozitlərin yerləşdirilməsinə üstünlük verilir. Çünki valyuta ilə əmanətlərin yerləşdirilməsi üçün tətbiq olunan faiz dərəcələri kəskin aşağı düşüb. Vəsaitlərin bir çoxu hətta dövriyyədən kənarlaşıb. Yığım vəsaitləri artıq demək olar ki, əvvəlki dövrlərdə olduğu kimi çox istifadə olunmur. Amma buna baxmayaraq qısamüddətli dövrdə daha çox manatla əmanətlərin yerləşdirilməsinə üstünlük verilir. Çünki onlar, çox gəlir gətirmə imkanlarına malik olan vəsaitlərdir. Bəzi insanlar qısamüddətli dövrdə investisiya aləti olaraq deyil, biznes fəaliyyəti olaraq hansısa sahədə ticarət əməliyyatları ilə məşğul olur. Bu zaman vəsaitlərin likvidləşdirilməsi imkanı nisbətən artıq olur”.

Ekspert vurğulayıb ki, Azərbaycanda qısamüddətli dövrdə vəsaitlərin hansısa formada dəyərləndirilməsi imkanları məhduddur:

“Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur. Maliyyə bazarları inkişaf etməyib. Bu baxımdan imkanlar çox məhduddur. Məsələn, daşınmaz əmlak bazarında qısamüddətli yatırım üçün mənzil, yaxud torpaq alarkən də ən optimal qiymətə, satarkən də uyğun qiymətə sata bilməlisiniz. Azərbaycanda pulu qısamüddətli yatırıb, sonradan götürmək üçün ciddi sahələr yoxdur. Nisbətən qızıl bazarını izləmək olar. Lakin bazarın trendindən asılı olaraq vəziyyət dəyişə bilər.

Bəzi insanlar qısamüddətli dövrdə vəsaitləri tur paketlərin alınması ilə qiymətləndirməyə çalışırlar. Onlar mövsüm olmayan dövrlərdə paket alaraq, mövsüm dövründə bazarlarda daha baha qiymətə təklif edirlər”.

R.Həsənov bildirib ki, qısamüddətli yatırım üçün xarici ölkələrdə investisiya yatırmaq doğru olmazdı:

“Ölkədən getmək, bazarın öyrənilməsi, sonradan likvidləşdirmək zaman tələb edir. Region ölkələrində vəziyyət kifayət qədər dəyişkəndir. Proqnozlaşdırmanın ortamüddətli dövr üçün aparılması belə indiki halda mümkün deyil”.

VIPedu.BIZ

Həmçinin oxuyun

İlham Əliyev Sumqayıta 10 milyon manat ayırdı

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin …