Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda neft hasilatı 5 faizdən çox azalıb

Azərbaycanda neft hasilatı 5 faizdən çox azalıb

Azərbaycanda neft hasilatında ciddi azalma qeydə alınır. Energetika naziri Pərviz Şahbazovun özünün “Twitter” hesabında yaydığı məlumata əsasən, bu ilin on ayında Azərbaycanda 27,2 milyon ton neft hasil olunub ki, bunun da 21,9 milyon tonu ixraca nəql edilib. Ötən ilin eyni dövründə ölkədə neft hasilatının 28,7 milyon ton olduğunu nəzərə alsaq, bu ilin on ayında hasilatın illik ifadədə 5,2 faiz azaldığını görürük.

Qeyd edək ki, 2022-ci ilin büdcə layihəsində hökumət neft hasilatına dair xeyli nikbin proqnozlar irəli sürmüşdü. Cari ilin büdcə layihəsində Azərbaycanda 34 milyon 830,3 min ton neft, 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, real hasilat bu proqnozdan 4-5 milyon ton civarında aşağı olacaq.

Bu ilin büdcə layihəsində 2023-cü ildə ölkədə neft hasilatının 35 milyon 752,7 min ton, 2024-cü ildə 35 milyon 672 min ton, 2025-ci ildə 34 milyon 707,6 min ton səviyyəsində olacağı nəzərdə tutulurdu. Bir il sonrakı proqnozlar isə bu gözləntilərdən kəskin fərqlənir. Belə ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə əsasən, 2026-cı ildə ölkədə 30 milyon  274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 milyon 222,3 min ton) ilə müqayisədə 3 faiz azdır. Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 milyon 649,7 min ton və 30 milyon 695,4 min ton neft hasil olunacaq.

Reallıq göstərir ki, hətta növbəti 3 ilə dair hökumətin proqnozlaşdırdığı azalma tempi on ayda qeydə alınan səviyyədən xeyli nikbindir.

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, 2011-ci ildən başlayaraq Azərbaycanda neft hasilatının davamlı azalması qeydə alınır: “Yalnız 2017-2018-ci illərdə hasilat sabit qalıb, qalan illərdə davamlı azalma baş verib. 2020-ci ildə pandemiya şəraitində OPEK+ çərçivəsində hasilat daha kəskin azaldıldığı üçün 2021-ci ilin yekununda artım görünür. Amma keçən il hasil edilən 34 milyon 580,7 min ton neft pandemiyadan əvvəlki 2019-cu ildəki  37 milyon 517,6 min tondan xeyli aşağıdır. Bu azalmanın səbəbi budur ki, müstəqillik illərində biz aşağı ehtiyatlı ”Qarabağ” neft-qaz yatağı istisna olmaqla, yeni neft yatağı aça bilməmişik. “Qarabağ”da da hasilat hələ başlanmayıb. Yeganə əsas neft mənbəyimiz sovet dövründən açılan və artıq 25 ildir istismar olunan “Azəri-Çıraq-Günəşli”dir.”

Ekspertə görə, 25 illik hasilatdan sonra “Azəri-Çıraq-Günəşli” yatağının neftverimliliyinin azalması gözlənilən prosesdir: “Lakin azalma tempinin səviyyəsi ilə bağlı fərqli mövqe-rəy vardı. AÇG üzrə yeni müqavilə imzalandığı 2017-ci ildə indikindən xeyli aşağı azalma tempi proqnozlaşdırılırdı. Reallıq budur ki, bu ilin 9 ayında 9 faizə yaxın azalma var. Bu azalma prosesi yataqdan hasilat iqtisadi baxımdan səmərəsiz səviyyəyə düşənə qədər davam edəcək. Bu prosesin azı 20 il çəkəcəyi gözlənilir. Əməliyyat şirkətlərindən verilən məlumatlardan aydın olur ki, azalma indi hasilatın həyata keçirildiyi daha dərin qatlarda verimliliyin aşağı olması ilə bağlıdır.Kondesant hasilatı isə daha uzun müddətə – 60-cı illərə qədər davam edə bilər. Hazırda ölkədəki bütün işlək qaz yataqlarından kondesant hasil olunur. Bu il ümumi kondensat hasilatının 5 milyon tondan yuxarı olması gözlənilir”.

Onu da qeyd edək ki, Azərbaycanda neft hasilatının azalması əsas ixrac boru kəməri olan “Bakı-Tiflis-Ceyhan”da boş nəql potensialının artmasını şərtləndirir. Bu isə Xəzərin o tayından – əsasən də Qazaxıstandan neftin Azərbaycanın ixrac şəbəkəsi ilə dünya bazarına çıxarılması üçün əlverişli şərait yaradır.

Artıq Qazaxıstan və Azərbaycan arasında bununla bağlı razılıq əldə olunub və Qazaxıstan 1 yanvar 2023-cü il tarixindən etibarən Bakı-Tiflis-Ceyhan (BTC) kəməri ilə neft nəqlinə başlayacaq. Bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov ölkə parlamentinin plenar iclasından sonra keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanıb. Proqrama əsasən Qazaxıstan nefti Aktau limanından Bakı limanına çatdırılacaq və buradan BTC vasitəsilə nəql ediləcək: “Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu xətti də var. Bir də Çin istiqaməti var. Hazırda biz bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işləyirik. Bakı-Tbilisi-Ceyhan istiqamətinə gəldikdə isə, biz 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə etmişik”.

Baş nazir qeyd edib ki, bu həcmin daha sonra 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.

Həmçinin oxuyun

Dollar bahalaşır: Manat ucuzlaşacaq? – Ekspert danışır

Bu il ABŞ Mərkəzi Bankının (FED) faizlərini son 40 ildə ən sürətli şəkildə artırması, eləcə …