Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda inflyasiya nə zaman azalacaq: beynəlxalq agentliyin proqnozu…

Azərbaycanda inflyasiya nə zaman azalacaq: beynəlxalq agentliyin proqnozu…

Azərbaycanın istehlak bazarında qiymətlərin sürətli artımı davam edir. Baxmayaraq ki, qlobal bazarlarda son 6 ayda əsas ərzaq məhsulları üzrə davamlı ucuzlaşma qeydə alınır, Azərbaycanda bu prosesin əksi müşahidə olunmaqdadır. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, sentyabr ayında ölkədə mal və xidmətlərin dəyəri avqust ayı ilə müqayisədə 3,1 faiz artıb. Əvvəlki ilin sentyabr ayına nisbətən isə istehlak qiymətləri indeksində 15,6 faiz artım qeydə alınıb.

2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz yüksəlib. Sentyabrda ərzaq məhsulları keçən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz, yanvar-sentyabrda isə eyni dövrə nisbətən 19,9 faiz bahalaşıb.

Azərbaycanda inflyasiya 13 faizə çata bilər - təhlil

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunub.

2022-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,4 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 10,5 faiz təşkil edib. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, divar kağızlarının, mebellərin, məişət cihazlarının, xalçaların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

İstehlak qiymətlərindən əlavə, Azərbaycanda istehsalçı və idxalçı qiymət indekslərində də artım müşahidə olunur. Belə ki, 2022-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 0,9 faiz, heyvandarlıq məhsulları üzrə 2,6 faiz artıb. Sentyabrda bitkiçilik məhsullarının istehsalçı qiymət indeksləri ötən ilin sentyabrına nisbətən 17,5 faiz, heyvandarlıq məhsulları üzrə 16,5 faiz, yanvar-sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə birinci 22,3 faiz, ikinci isə 12,8 faiz artıb.

2022-ci ilin avqust ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 22,7 faiz, 2022-ci ilin yanvar-avqust aylarında 2021-ci ilin yanvar-avqust aylarına nisbətən isə 21,9 faiz yüksəlib.

İstehsalçı və idxalçı qiymət indekslərinin artımı yaxınmüddətli dövrdə ölkənin istehlak bazarında bahalaşmanın davam edəcəyini göstərir.

Maraqlıdır ki, bahalaşmanın davam etdiyi bir dövrdə Azərbaycan hökuməti 2023-cü il və sonrakı 3 illik dövrdə inflyasiyanın 4 faiz civarında olmasını hədəfləyir. Lakin əksər beynəlxalq qurumlar fərqli mövqedədirlər. Məsələn, “Fitch” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 13,7 faiz təşkil edəcəyini, real effektiv məzənnənin artması və tədarük zəncirində fasilələrin azalması ilə, 2023-cü ildə bir qədər azalaraq 9,7 faizə, 2024-cü ildə isə 6,8 faizə enəcəyini proqnozlaşdırır. Agentliyin yaydığı hesabatda qeyd olunur ki, bu proqnozlar Azərbaycan Mərkəzi Bankınin hədəfindən (+4 faiz/-2 faiz) və proqnozlaşdırılan “BB” medianı üzrə 4 faizdən yüksəkdir”.

“Fitch” ekspertləri hesab edirlər ki, Azərbaycanda illik inflyasiyanın sentyabrdakı 15,6  faiz artımı, ərzaq qiymətlərindəki 21,8  faiz artım, eləcə də Rusiya və Ukraynadan idxalın kəsilməsi ilə bağlıdır: “Pul-kredit siyasəti zəifdir və uçot dərəcəsi bu il cəmi 50 faiz bənd artırılaraq 7,75 faizə çatdırılıb. Halbuki məcburi ehtiyatlar və Azərbaycan Mərkəzi Bankının likvidlik alətlərinin genişləndirilməsi hesabına likvidliyin sərtləşdirilməsi mümkün olardı”.

Onu da qeyd edək ki,  oktyabrın 21-də “Fitch” Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) “müsbət” proqnozla “BB+” səviyyəsində təsdiqləyib. Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın güclü fiskal mövqeyi, aşağı suveren borcu, yüksək neft və qaz qiymətləri nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivləri ölkənin reytinq üzrə proqnozunun artırılmasını şərtləndirib. Reytinq üzrə proqnozu “sabit”dən “pozitiv”ə yüksəldən agentlik Azərbaycan Respublikasının xalis suveren aktivlərini 2022-2024-cü illərdə 14,3 faiz artaraq ÜDM-in 77,6 faizinə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir. Agentliyin press-relizində qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə ÜDM-in 2 faizi həcmində kapital qoyuluşları, habelə yüksək inflyasiya şəraitində artan sosial xərcləri də nəzərə aldıqda, yenilənmiş neft qiyməti proqnozu və qaz qiymətlərinin müəyyən müddət yüksək qalacağı ilə bağlı gözləntilər nəzərə alınaraq 2023-cü ildə icmal büdcənin profisitinin son hesabatdan bəri 1,5 faiz artırılaraq ÜDM-in 6,7 faizinə bərabər olacağı gözlənilir.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, “Fitch Ratings” tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi üzrə proqnozun “stabil”dən “müsbət”ə yüksəldilməsi gec də olsa, düzgün addım kimi qiymətləndirilir. “Biz hesab edirik ki, Azərbaycanın beynəlxalq kredit reytinqini əvvəllər olduğu kimi, investisiya səviyyəsinə yüksəltməyin vaxtı çatıb”.

Nazir vurğulayıb ki, reytinq proqnozunun yaxşılaşdırılması ilə bağlı bu qərar geciksə də ilk addımdır: “Maliyyə Nazirliyi digər beynəlxalq reytinq agentliklərinin də yaxın vaxtlarda analoji addım atacağına ümid edir”.

Ekspert: “Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində  Karbamid zavodunun mühüm rolu var”

 Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, “Fitch” Agentliyinin ortamüddətli dövr üçün Azərbaycanda inflyasiyanın səviyyəsinə dair açıqladığı proqnozların reallaşması çətindir: “İlin başa çatmasına 2 ay qalmış illik inflyasiya ilə bağlı proqnozlaşdırma aparmaq asandır, mümkündür. Lakin istər beynəlxalq təşkilatlar olsun, istər ayrı-ayrı agentliklər, istərsə də elə Azərbaycan hökumətinin özünün 2023-cü ildə, ondan sonrakı illərdə inflyasiyanın mümkün həddi barədə apardıqları proqnozlaşdırmanın reallaşması çox çətindir. Hər şeydən əvvəl ona görə ki, hazırda bütün dünyada inflyasiya da daxil olmaqla, iqtisadi proseslərə beynəlxalq siyasi-hərbi vəziyyətin çox ciddi təsirləri var. Bildiyiniz kimi, qlobal səviyyədə istehlak qiymətləri indeksinin artımı ötən ilin ortalarından baslanıb. Həmin vaxtlar və cari ilin 24 fevralına qədər demək olar ki, bütün dünyada analitiklər inflyasiya prosesinin bu ilin birinci yarısının sonunadək yavaşıyacağını proqnozlaşdırırdılar. Yeri gəlmişkən, mən də bu fikirdəydim və müsahibələrimdə də bunu qeyd etmişdim. Yəni heç kim Ukraynada müharibənin başlayacağını və onun qlobal bazarlara belə ağır təsir edəcəyini gözləmirdi. İndi də Ukraynada müharibənin nə zaman bitəcəyini, bu müharibənin davam etdiyi müddətdə beynəlxalq siyasi-iqtisadi münasibətlərdə hansı dəyişikliklərin baş verəcəyini proqnozlaşdıra bilmir. Bilmək olmur ki, Rusiya öz neftinə qiymət tavanı təyin olunmasına qarşı hansı addımları atacaq, bu addımlar enerjidaşıyıcılarının qiymətinə hansı təsirləri göstərəcək. Enerjidaşıyıcılarının qiyməti demək olar ki, bütün digər sahələrdə qiymətlərə ciddi, mən deyərdim ki, həlledici təsirə malikdir. Bir tərəfdən inkişaf etmiş ölkələrin əksəriyyətində getdikcə daha açıq şəkildə iqtisadi resessiya əlamətləri özünü büruzə verir. Artıq dünyada resessiyanı qaçılmaz proses kimi qəbul edirlər, indi qorxular onun daha dərin maliyyə-iqtisadi böhrana keçməsi ilə bağlıdır. Bu, xammal bazarlarına qiymətazaldıcı təsir göstərsə də, Ukrayna müharibəsi, Rusiyanın neft ixracını kəskin azaltması ehtimalı enerjidaşıyıcılarının qiymətində ciddi azalmanın qarşısını alır”.

Ekspert qeyd edir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesi yavaşımasa, Azərbaycanda da bunun baş verməsi mümkün olmayacaq: “Biz xüsusilə də ərzaq təminatında idxaldan çox asılıyıq. Bu asılılıq imkan vermir ki, qlobal bazarlardakı qiymət artımının daxili bazara təsirlərindən yayına bilək. Bu baxımdan, Azərbaycanda inflyasiya səviyyəsinə dair proqnozlaşdırma apararkən dəqiqlik ehtimalını yüksək qiymətləndirmək mümkün deyil. Çünki bizdə qiymətlərin formalaşmasında dünya ərzaq bazarında inflyasiya prosesinin rolu çox böyükdür. Doğrudur, inhisarçılıq da Azərbaycanda inflyasiyaya “töhfəsini” verməmiş deyil. Lakin indiki dövrdə bu töhfənin həlledici rola malik olduğunu söyləyə bilmirik, çünki inflyasiyanın qaynağı xarici bazarlardır”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Dollar bahalaşır: Manat ucuzlaşacaq? – Ekspert danışır

Bu il ABŞ Mərkəzi Bankının (FED) faizlərini son 40 ildə ən sürətli şəkildə artırması, eləcə …