Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda inflyasiya 13 faizə çata bilər – TƏHLİL

Azərbaycanda inflyasiya 13 faizə çata bilər – TƏHLİL

S & P Global Ratings beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını yaxşılaşdırıb. Agentlik hesab edir ki,  2022-ci ildə Azərbaycan iqtisadiyyatında əvvəlki gözləntisi ilan 2.7 faiz deyil, 3,5 faiz artım olacaq. S&P 2023-2025-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımının təxminən 1,3 faiz olacağını gözləyir. Agentlik 2022-ci il üçün Azərbaycanın ÜDM-in nominal həcmini 72 milyard dollar (yanvarda 61 milyard dollar proqnozlaşdırmışdı), 2023-cü ildə 69 milyard (yanvarda 60 milyard), 2024-cü ildə 61 (yanvarda 58 milyard), 2025-ci ildə isə 64 milyard (61 milyard dollar) proqnozlaşdırır. Bu proqnoz əsasən qaz hasilatının artımını, qeyri-neft sektorunda canlanmanı və neft hasilatının cüzi azalmasını əks etdirir. “Bununla belə, ortamüddətli artım perspektivləri daha zəifdir – 2023-2025-ci illər ərzində orta hesabla illik 1,3 faiz böyümə- köhnəlmiş yataqlar səbəbindən neft hasilatının azalması fonunda, qaz ixracının artımı ilə qismən kompensasiya ediləcəyi ehtimal edilir”.

S&P analitikləri Azərbaycan iqtisadiyyatının hazırda əlverişli qlobal neft qiymətlərindən faydalanan karbohidrogen sektorundan böyük həcmdə asılı olduğunu qeyd edirlər. Neft və qaz ixracın 90 faizini və ÜDM-in təxminən 50 faizini təşkil edir: “Azərbaycan üçün əlverişli ticarət şərtlərinin 2022-ci ilin sonuna və 2023-cü ilə qədər davam edəcəyini proqnozlaşdırırıq. Həmçinin son illərdə iqtisadiyyatın şaxələndirilməsi və struktur islahatlarında yalnız məhdud irəliləyişi nəzərə alaraq, qeyri-neft sektorunda güclü artımın 2022-ci ildən sonra da davam edəcəyini gözləmirik”.

S&P Azərbaycanda bu il gözlənilən inflyasiya səviyyəsini ikiqat artırıb. Agentlik ekspertlərinə görə, 2022-ci ildə Azərbaycanda 13 faizlik  (yanvar proqnozunda – 6,5 faiz) olacağı, 2023-cü ildə 9 faizə (4,5 faiz), 2024-cü ildə 6 faizə (3 faiz), 2025-ci ildə isə 5 faizə qədər (3 faiz) azalacaq.

S&P ekspertlərinin fikrincə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısnda məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq: “Lakin karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalsa, hökumət məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildə yaşadığına bənzər valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsinin qarşısını almağa kömək edəcək”.

Oxu.az - S&P: “Azərenerji”nin borclarının 80%-dən çoxu valyuta risklərinə  məruz qalır

Agentlik “Brent” markalı neftin bu il orta hesabla 102 dollar, 2023-cü ildə 85 dollar, 2024-2025-ci illərdə isə orta hesabla 55 dollar olacağını gözləyir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi iyun ayında Azərbaycanda 0,1 faizlik deflyasiya qeydə alındığını açıqlayıb. Komitənin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 12,9 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,4 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,3 faiz yüksəlib. Məlumatda qeyd olunur ki, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 14,2 faiz təşkil edib. İyun ayında ötən ilin eyni ayı ilə müqayisədə ərzaq məhsulları 21,3 faiz, qeyri-ərzaq məhsulları 7,4 faiz, ödənişli xidmətlər 10,9 faiz bahalaşıb.

Ötən  ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində Komitə ciddi dəyişikliklər qeydə almayıb.

Statistika Komitəsinin açıqladığı məlumatdan aydın olur ki, deflyasiya tərəvəzlərin qiymətindəki 14 faizlik ucuzlaşma nəticəsində qeydə alınıb.

Rəsmi statistikaya əsasən 2022-ci ilin may ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 3,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,9 faiz, 2022-ci ilin yanvar-may aylarında 2021-ci ilin yanvar-may aylarına nisbətən isə 21 yüksək olub.

İxrac olunan məhsulların qiymət indeksləri isə 2022-ci ilin may ayında əvvəlki ayla müqayisədə 6,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 82,7 faiz, 2022-ci ilin yanvar-may aylarında 2021-ci ilin yanvar-may aylarına nisbətən isə 77,4 faiz artıb.

Məlumdur ki, Azərbaycanda inflyasiyanın sürətlənməsində hərəkətverici amil kimi qlobal bazarlardakı bahalaşma göstərilir. Son aylarda Azərbaycan hökuməti qlobal bazardakı bahalaşmanın kənd təsərrüfatı istehsalçılarının məhsul istehsalı xərclərinə təsirini azaltmaq üçün bir sıra addımlar atır. Belə addımlardan biri iyulun 25-də Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərarda əksini tapıb. Şura mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə bu il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qərara əsasən buğda əkininə görə verilən subsidiyanın məbləği 1 hektar üçün 210 manatdan 290 manata, arpa, çovdar, tritikale üçün 210 manatdan 278 manata, baş soğan üçün 260 manatdan 330 manata, kələm və sarımsaq üçün 260 manatdan 310 manata, kartof üçün 260 manatdan 360 manata, təkrar əkinlər üçünsə 86 manatda 110 manata çatdırılıb.

Bundan əlavə, təhvil verilən məhsula görə subsidiya pambığın 1 tonuna görə 170 manatdan 184 manata, yaş virciniya sortu tütünə görə 26 manatdan 30 manata, digər quru tütünə görə 180 manatdan 210 manata, şəkər çuğunduruna görə 12 manatdan 16 manata qaldırılıb.

Oxu.az - Rusiya-Ukrayna müharibəsi qlobal bahalaşmanı və iqtisadi tənəzzülü  dərinləşdirir

 Pərviz Heydərov

Azərbaycan hökumətinin inflyasiyanın cilovlanması üçün atdığı addımlar gözlənilən effekti verəcəkmi? S&P ekspertlərinin ölkəmizdəki inflyasiya, manatın məzənnəsi sahəsində proqnozları nə qədər realdır? Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, S&P ekspertlərinin Azərbaycanda inflyasiya gözləntiləri real əsaslara malikdir: “Çünki inflyasiya hazırda bütün dünyada yüksək sürət nümayiş etdirir. Bu baxımdan, Azərbaycanda da onun yüksək olduğunu görürük. Rəsmi elan olunan inflyasiya 12 faiz qeyd edilir. Lakin real hesablamalar aparılarsa, bu göstəricinin daha yüksək olduğu üzə çıxar. Hazırda inflyasiyanı tətikləyən əsas amil ərzaq məhsullarının qiymətləridir. Yaxınmüddətli dövrdə ərzaq bazarında hansısa ciddi ucuzlaşma gözlənilmir. Buna görə də üzü payıza, qışa doğru inflyasiyanın daha da sürətlənəcəyi daha realdır. Çünki enerjidaşıyıcılarının qiymətləri yüksək olaraq qalır, bu sahədə payız-qış mövsümündə bahalaşmanın daha da sürətlənəcəyi gözlənilir. Bu da özünü digər bazarlarda, o cümlədən ərzaq bazarında büruzə verəcək”.

Ekspert bildirir ki, Qərbin səyləri nəticəsində qlobal ərzaq bazarında kəskin böhranın qarşısı alınacaq: “Amma yaxın zamanlarda qiymət artımlarının qarşısının alınması mümkün deyil. Bu proses ən azı bir il vaxt aparacaq. Növbəti illərə gəlincə, indiki məqamda bu sahədə dəqiq proqnozlaşdırma aparmaq olmur, çünki vəziyyətə təsir edən amillər çoxsaylı və proqnozlaşdırılması çətindir. Əslində hər bir iqtisadiyyat üçün məqbul həddə inflyasiya iqtisadiyyata təkan verən amildir. Lakin hazırkı inflyasiya səviyyəsi məqbul həddi keçməklə qlobal iqtisadiyyatı böhrana doğru sürükləməkdədir. Bu baxımdan, S&P agentliyinin 2023, 2024 və 2025-ci illər üzrə inflyasiya gözləntilərini real saymaq olmaz”.

Agentliyin manatın məzənnəsinə dair gözləntilərini isə P.Heydərov real hesab edir: “Yaxın illərdə Azərbaycanda qeyri-neft sektorunun ölkəyə neftdənkənar valyuta axınını ehtiyaca uyğun səviyyədə təmin edəcəyini gözləmək olmaz. Bu baxımdan, həmin dövrə qədər ölkədə milli valyutanın tam üzən məzənnəsinə keçid mümkün olmayacaq. Demək istədiyim odur ki, 2026-cı ilədək Mərkəzi Bankın valyuta bazarına inzibati təsirlərinin davam edəcəyi, manatın məzənnəsinin sabit saxlanacağı real proqnozdur”.

Ekspertin fikrincə, ölkədə inflyasiyanın sürəti qlobal bazardakı proseslərdən asılıdır: “Qlobal bazarlarda bahalaşma yavaşıyanda Azərbaycanda da inflyasiyanın azalması mümkün olacaq. Qlobal bazarlarda bu prosesin 2023-cü ilin sonuncu rübündən başlayacağı, inflyasiyanın tədricən azalacağı gözlənilir. Bu baxımdan, əlavə hərbi-siyasi risklər yaranmasa, qlobal səviyyədə, eləcə də Azərbaycanda inflyasiyanın yavaşımasının həmin dövrdən müşahidə olunacağını gözləmək olar”.

Həmçinin oxuyun

Azərbaycanın dövlət büdcəsinin xərcləri artdı

Birinci yarım ildə dövlət büdcəsinin xərcləri 11,6 faiz artaraq 12 milyard 936,6 milyon manat olub …