Cümə axşamı , İyul 7 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda fantastik otel qiymətləri və AZAL “düyünü”…

Azərbaycanda fantastik otel qiymətləri və AZAL “düyünü”…

Yayda çox adam istirahət etmək, boş zamanını dəyərləndirmək və yorucu iş mühitindən ayrılmaq üçün bölgələrə, imkanı olanlar isə, ölkə xaricinə çıxmağa can atır.

Qiymətlərə nəzər saldıqda isə, görmək mümkündür ki, ölkə xaricində, çox uzağa getməyək, elə Türkiyədə hotel qiymətləri Azərbaycanın bölgələri ilə müqayisədə çox münasibdir. Sadəcə, burada Azərbaycan vətəndaşının Türkiyədə istirahətinin qarşısını kəsən “AZAL”-ın qiymət siyasətidir ki, bu siyasətlə də Azərbaycanda heç kim bacarmır.

Bizimyol.info Azərbaycanın bölgələrində olan istirahət mərkzələrinin 4 nəfərlik ailə üçün bir həftəlik qiymətlərini araşdırıb. Və bu qiymətləri Türkiyə ilə müqayisə edib.

Məsələn, Qəbələnin Vəndam kəndində 4 nəfərlik ailənin istirahət üçün gecələməsi minimum 476 manatdan başlayır. Bu qiymətə Vəndamda ancaq bir həftəlik gecələmək mümkündür. Qidalanma və s. əyləncələr üçün başqa yerlər axtarmalı və əlavə xərc çəkməli olacaqsınız.

Qəbələdə ən baha hotel qiyməti isə 3106 manatdır ki, bura da ancaq səhər yeməyi daxildir.

Qeyd edək ki, hazırda Qəbələ ərazisində 129 hotel, motel, yataqxana və şəxsi ev qonaq gözləyir.

Şəkidə bir həftə qalıb istirahət etmək istəyənlər isə 290 manat ödəməli olacaq. Bu qiymətə yalnız gecələmə daxildir. Qeyd edək ki, bu, təklif edilən ən ucuz qiymətdir. Şəkidə bir həftə istirahət etmək istəyənlər üçün ən baha qiymət isə 2128 manatdır. Və bu qiymətə ancaq gecələmə daxildir.

Gəncədə bir həftə keçirmək istəyən ailə isə ən azı 350 manata qala bilər. Ən baha qiymət isə 1749 manatdır və bu qiymətə səhər yeməyi də daxildir. Quba-Qusar ərazisində olan hotel və gecələmə yerlərində bir həftəlik qiymət 490 manatdan başlayır və 4945 manata qədər yüksəlir.

Xüsusilə vurğulamaq laızmdır ki, qiymətə ancaq səhər yeməyi daxildir. Qısası, bu qiymətlər orta statistik Azərbaycan vətəndaşının büdcəsinə uyğun deyil.

Gəlin, bir də Türkiyə hotellərində olan qiymətlərə nəzər salaq:

Antalyada dənizkənarı hotellərdə qiymətlər 4 nəfər üçün bir həftəlik 280 manatdan başlayır. Düzdür, bu ərazilərdə lüks, çox yüksək qiymətə olan hotellər də var. Amma Azərbaycanda qiymətlərdən gördüyümüz kimi 280 manata bir həftə heç bir hoteldə gecələmık mümkün deyil. Bu qiymətə Antalyda olan hotel təmizliyə də zəmanət verir.

Alanya da isə ən ucuz hotel 4 nəfər üçün bir həfətlik 232 manatadır.

Bodrum Türkiyənin lüks istirahət bölgələrindən hesab edilir. Və burada ən ucuz 380 manata bir həftə gecələmək mümkündür.

Kuş adasında bir həftə gecələmək 440 manat, Yalovada 356 manat, Dənizli Pamukkaledə isə 202 manatdır. Kapadokyada isə cəmi 184 manata bir həftə gecələmək mümkündür.

Amma bilirsiniz ki, Azərbaycanda vətəndaşların daha ucuz və keyfiyyətli istirahət etməsinin qarşısını kəsən “AZAL”-ın dəyişilməz, kiməsənin sarsıtmağa gücü çatmadığı, tənqid edildikcə güclənən qiymət siyasəti var. Yəni Azərbaycan vətəndaşları məhz bu bilet qiymətlərinə görə, qardaş dediyimiz ölkənin istirahət mərkəzlərində daha ucuz və daha keydiyyətli istirahətdən yararlana bilmirlər.

Yeri gəlmişkən, qeyd edək ki, ötən gün “AZAL”-da İstanbul-Bakı uçuşlarında bir neçə dəqiqəlik qiymət endirimi müşahidə edilib. Həmin endirim zamanı 232 dollar 70 sent olan biletlər 155 dollar 50 sentə təklif edilib. Ancaq bu qiymət endirimi elə təklif edildiyi kimi də geri çəkilib. Belə ki, bilet almaq istəyn soydaşlarımız bildirib ki, bilet seçildikdən sonra ödəmə qəbul edilməyib. Çünki həmin müddətdə artıq qiymət yenidən bahalaşıb.

Həqiqətən çox maraqlıdır, “AZAL” 2 dəqiqəlik endirimləri hansı məqsədlə həyata keçirir ki? Bu isə fərqli bir mövxudur və gələcəkdə bu mövzuya qayıdacağıq.

P.S. İrəvandan İstanbula təyyarə biletinin qiyməti bizim pulla 80 manatdır. Görəsən, bu qiymətə baxandan sonra “biznesmen hava məmurları”mız Türkiyəyə “qardaş” deyərkən xəcalət çəkirlərmi?

Həmçinin oxuyun

Balçılar istehsal etdiyi məhsulu niyə sata bilmir? – ŞƏRH

Son illərdə Azərbaycanda balçılıq təsərrüfatlarının sayı artıb. Ancaq paralel olaraq onların problemləri də çoxalıb. Əkin …