Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda elektromobildən istifadənin stimullaşdırılması müzakirə edilib

Azərbaycanda elektromobildən istifadənin stimullaşdırılması müzakirə edilib

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Sərhəddə ticarət” işçi qrupunun “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun iclası keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı, özəl sektor nümayəndələrinin də iştirak etdiyi tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən altqrupun fəaliyyət istiqaməti və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

İclas zamanı iştirakçılar tərəfindən elektrik və hibrid avtomobillərinin istifadəsinin stimullaşdırılması üzrə vergi siyasəti, həmin nəqliyyat vasitələrinin istifadəsinin təşviqi və istismar müddəti bitmiş avtomobillərin məhdudlaşdırılması sahəsində görülməli tədbirlər, elektromobillərin istifadəsinin genişləndilməsi üçün maliyyə resurslarına çıxışın əlçatanlığının təmin olunması və bu sahədə əlverişli şərtlərlə kreditlərin verilməsi imkanları, elektrik enerji doldurucu məntəqələrinin genişləndirilməsi, bu məntəqələr vasitəsilə enerji satışının tənzimlənməsi məsələləri, o cümlədən sözügedən nəqliyyat vasitələrinin istifadəsinin ekoloji əhəmiyyəti və bu sahədə görülməli ekoloji tədbirlər haqqında ətraflı müzakirələr və fikir mübadiləsi aparılıb.

Eyni zamanda, qeyd olunan sahələrdə məqsədyönlü şəkildə addımların atılması, qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət və özəl sektor nümayəndələri tərəfindən bu istiqamətdə təhlillər aparılmaqla kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev müvafiq təkliflərin hazırlanması üzrə Yol Xəritəsinin tərtibi ilə bağlı altqrupun nəzdində yaradılmış tematik qruplar üzrə məlumatları tədbir iştirakçılarına təqdim edib, habelə bu istiqamətdə görüləcək işlərlə bağlı Yol Xəritəsinin hazırlanmasının vacibliyini və qarşıdakı günlərdə altqrupun növbəti iclasının keçiriləcəyini diqqətə çatdırıb.

Həmçinin oxuyun

“Azərbaycan neftinin “STAR”da emalı səmərəli olmaz”

“STAR” Zavodu 28 fərqli növ xam neftin testini edib, bu neft məhsullarını emal etmək qabiliyyətinə …