Rusiya Federasiyası hökuməti 2023-cü il dekabrın 31-dək düyü və düyü taxıllarının ixracına qadağa qoyub.
Bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin teleqram kanalında bildirilir. Bu qərar daxili bazarda sabitliyin qorunması məqsədilə qəbul edilib:
“Hökumət düyü və düyü yarmalarının ixracına müvəqqəti qadağa qoyub. Məhdudiyyət 31 dekabr 2023-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili bazarda sabitliyi qorumaq üçün qəbul edilib”.
Qadağanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələr, Cənubi Osetiya və Abxaziyaya təsir etməyəcəyi vurğulanır. Qeyd edək ki, Azərbaycan Hindistan, Pakistan və İranla yanaşı Rusiyadan da düyü idxal edir. Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 13 milyon 957.74 min dollar dəyərində 16 min 48.4 ton düyü idxal olunub.
Bu miqdarda Rusiyanın da payı var. Rusiya Federasiyası Nazirlər Kabinetinin düyü və düyü taxıllarının ixracına qadağa qoyması Azərbaycanda daxili istehlak bazarında düyünün bolluğuna və qiymətinə necə göstərəcək?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya şərhində qeyd edib ki, bunun Azərbaycanda daxili istehlak bazarında öz təsirini göstərməsi istisna deyil:
“Azərbaycanda yerli düyü istehsalı inkişaf etməyib. Ölkəmizin cənub rayonlarında çox az miqdarda düyü istehsal olunur. Bunu görə də Azərbaycan düyü məhsullarını əsasən xarici ölkələr – Hindistan, Pakistan, İran və Türkiyədən idxal edir. Əslində əvvəllər ölkəmizə düyünün xeyli miqdarı İrandan gətirilirdi. Lakin son zamanlar Azərbaycan ilə İran arasında münasibətlər korlanması səbəbindən ölkəmizdə İran istehsalı düyü azalıb.
Amma ölkəmizin daxili bazarında Hindistan və Pakistan istehsalı düyü məhsulları da satılır. Onu da qeyd edim ki, İran, Pakistan və Hindistandan fərqli olaraq Rusiya ölkəmizdə yumru düyü bazarında önəmli paya malikdir. Rusiyada qadağanın tətbiq edilməsi, eyni zamanda Azərbaycanda yerli düyü istehsalının zəif olmasını əsas götürsək, bu, yerli istehlak bazarında öz mənfi təsirini göstərəcək.
Bir müddət sonra bazarda düyü qıtlığına və qiymətlərin bahalaşmasına müşahidə edə bilərik. İstər-istəməz, bu qadağanın Azərbaycanda qiymət artımına təsiri olacaq. Başqa çıxış yolu da yoxdur”.
“Düyünün qiymətlərində neçə faiz artım ola bilər?” sualına cavab verən N.Cəfərli bunun Azərbaycanın hansı ölkələrdən daha tez düyü idxal edəcəyindən asılı olduğunu bildirib:
“Ölkəmizin düyü bazarında Pakistan, İran və ya digər ölkələr Rusiyanı əvəz edə bilsə, o zaman düyünün qiymətlərində daha az artıma müşahidə edəcəyiz. Yox, əgər həmin ölkələrdə düyünün qiymətləri bahalaşarsa, Azərbaycanda bu məhsulun qiymətlərində, yəqin ki, 20-25 % artım olacaq”.