Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda “ağ qızıl” istehsalında ciddi geriləmə – ŞƏRH

Azərbaycanda “ağ qızıl” istehsalında ciddi geriləmə – ŞƏRH

Azərbaycanda pambıq yığımında geriləmə müşahidə olunmaqdadır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 183 917 ton pambıq yığılıb. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 20,9 faiz azdır. Hesabat dövründə ölkədə 73,7 min hektar sahədən pambıq yığılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,3 faiz azdır. Bununla yanaşı, cari ilin 10 ayında pambıq yığımında məhsuldarlıq 25 sentner təşkil edib. Halbuki ötən ilin yekununda orta məhsuldarlıq 33,6 sentner təşkil etmişdi.

Qeyd edək ki, pambıq istehsalı dövlət tərəfindən stimullaşdırılan sahələrdən biridir. Dövlət təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya, pambıq əkilən hər hektara görə 260 manat əkin subsidiyası ödəyir. Ödənilən subsidiyalar fermerlərə xüsusi kartlar vasitəsilə çatdırılır və ödənilən məbləğin yalnız 25 faizini nağdlaşdırmağa icazə verilir. 75 faiz məbləği fermer kart vasitəsilə və bilavasitə təsərrüfat məqsədli istehsal vasitələrinin alınmasına sərf etməlidir.

Ölkədə pambıq istehsalı 2015-ci il böhranından sonra qeyri-neft sektorunun prioritet inkişaf istiqamətlərindən biri elan olunub. Nəticədə, 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona  çatdırılıb. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha,  132,5 min ha, 100,1 min ha təşkil edib. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb. Göründüyü kimi, məhsuldarlığın artırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş vardı: 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min ha azalsa da, istehsal həcmində 72 faizə yaxın artıma nail olunmuşdu.

Məlumdur ki, pambıq ən çox su istehlak edən bitkilərdən biridir. Ölkəmiz isə qlobal iqlim dəyişikliklərinin ən kəskin təsirinə məruz qalmaqda, su ehtiyatları sürətlə azalmaqdadır. Bu isə pambıq kimi su tələb edən bitkinin istehsalında maksimum məhsuldarlığın təmin olunmasını tələb edir. Düzdür, son illərdə Azərbaycanda pambığı yalnız suvarma və torpaq imkanları əlverişli olan rayonlarda əkməyə başlayıblar: 2018-ci illə müqayisədə 2021-ci ildə pambıq əkilən rayonların sayı 27-dən 17-yə endirilib. Lakin bu, optimal məhsuldarlığın əldə olunması üçün yetərli sayılacaq nəticə deyil.

Azərbaycanda pambıqçılıqda məhsuldarlığın yüksək səviyyəyə çatdırılmaqla mümkün qədər az sahədə əkilməsi təmin olunmalıdır. Eyni zamanda pambığın ölkədən xammal şəklində deyil, son məhsul şəklində ixracına nail olmaq zəruridir. Rəsmi statistilkadan aydın olur ki, ötən il Azərbaycandan xaricə131 milyon 930,21 min dollarlıq 97 min 578,15 ton daranmamış pambıq lifi ixrac olunub. Bunun 6639,82 tonu İrana, 90647,62 tonu isə Türkiyəyə satılıb. Pambıq iplik ixracı isə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton təşkil edib.

Ötən il ərzində pambıq lifi istehsalı 7,7 faiz azalmaqla 78 min 460,9 ton, pambıq parçalar istehsalı 42 faiz artmaqla 29 min 965,5  kv.m, pambıq iplik istehsalı 34,4 faiz artmaqla 46 min 741,5 ton, pambıq yataq ağları istehsalı 66,1 faiz azalmaqla 268,1 min ədəd təşkil edib.  Bu ilin yanvar-oktyabrında pambıq lifi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 36,1 faiz artmaqla 59 min 890,8 ton, pambıq parçalar istehsalı 22,3 faiz artmaqla 29528,4 min kv.m, pambıq iplik istehsalı 2,2 dəfə artmaqla 19 min 558,7 ton,pambıq yataq ağları istehsalı 2,1 dəfə artmaqla 344,8 min ədəd təşkil edib. Göründüyü kimi, pambıq email sahəsində müəyyən irəliləyiş müşahidə olunmaqdadır. Bu irəliləyişin davamlı olması, pambığın ölkədən xaricə son məhsul formasında ixracının qurulması son illərdə ən çox müzakirə olunan mövzulardan biri olsa da, bu istiqamətdə ciddi nəticənin əldə olunduğunu söyləmək mümkün deyil. Hələ ki, biz ən yaxşı halda pambığı xaricə iplik formasında sata bilirik.

Rəsmi məlumata görə, 2021-ci ildə Azərbaycanda100,5 min hektar sahədə pambıq əkilib. Keçən ilin bu vaxtına qədər əkin sahələrinin 90 faizindən çoxunda yığım başa çatmışdı. İndi bu göstərici 73,7 faiz təşkil edir.

Azərbaycanda pambıq yığımında növbəti rekord göstərici...

Məhsulun az olması pambıq əkən fermerlərin gəlirlərində ciddi azalmaya səbəb olacaq. Baxmayaraq ki, bu il emal müəssisələri pambığın alış qiymətini artırıblar, məhsuldarlığın aşağı olması fermerlərin xərclərinin qarşılanmasına imkan verməyəcək. Xatırladaq ki, avqust ayında Azərbaycanda pambıq emalı ilə məşğul olan şirkətlər məhsulun alış qiymətini artırıblar. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb.

Lakin pambığın alış qiymətinin artması bu il fermerlərin məhsuldarlığın aşağı olmasına görə üzləşdikləri zərəri qarşılamağa imkan verməyəcək. Çünki bu il pambığın becərilməsi üçün zəruri olan bir sıra məhsulların qiymətində kəskin bahalaşma qeydə alınıb ki, bu da fermerlərin xərclərini artırıb.

Bir çox fermerlər məhsuldarlığın aşağı olmasının əsas səbəbi olaraq emal şirkətlərinin onlara verdiyi toxumun keyfiyyətsizliyini göstərirlər. Onların sözlərinə görə, bu il səpdikləri toxum gecyetişən pambıq növündən olub: suvarma ilə bağlı problem olmasa da, qozalar vaxtında açılmayıb. Nəticədə yığım yağıntılar başlayandan sonra mümkün olub. Hələ də tarlaların xeyli hissəsində pambıq qozalarının yarıya qədərinin açılmadığı bildirilir. Bütün bunlar məhsuldarlığı kəskin aşağı salıb.

Kənd Təsərrüfatı Nazirliyi pambıq yığımının həmişəki kimi mütəşəkkil qaydada təşkil edildiyini bildirir. Nazirliyin məlumatına əsasən bu il pambıq yığımına 430 ədəd pambıqyığan kombayn cəlb edilib. Onlardan 143 ədədi “Aqroservis” ASC-yə məxsusdur: “Eyni zamanda yığılan məhsulun operativ şəkildə qəbul məntəqələrinə daşınması üçün ”Aqroservis” ASC tərəfindən zəruri sayda traktor və qoşqu vasitələri ayrılıb. Ötən illə müqayisədə əlavə olaraq 76 traktor daxil olmaqla ümumilikdə 1364 traktor, 2860 traktor qoşqusu pambıq daşınmasına cəlb edilib”.

İmran Cümşüdov: Ölkədə laboratoriyada analiz olunmamış toxumların satışı və  istifadəsi yolverilməzdir. ABC.AZ

 İmran Cümşüdov 

Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov məhsuldarlığın aşağı olmasının toxumla bağlı olduğu fikrini qəbul etmir. Onun dediyinə görə, pambığın səpini, suvarılması, ona aqrotexniki qulluq yüksək səviyyədə həyata keçirilib: “Səpində yüksək reproduksiyalı, rayonlaşmış toxumlardan istifadə olunub. Sahələrdə yaxşı bitiş əldə edilib, gübrələmə, zərərvericilərə qarşı mübarizə tədbirləri vaxtlı-vaxtında həyata keçirilib. Lakin hamımız bilirik ki, kənd təsərrüfatı istehsalı iqlim şərtlərindən çox asılıdır. Bu təsərrüfat ilində pambığın vegetasiya, mayalanma dövründə kəskin istilər oldu. Eyni zamanda sentyabrın əvvəlindən etibarən hava kəskin dəyişdi, yağıntılı oldu. Bütün bunlar pambığın məhsuldarlığına mənfi təsir göstərdi. Buna baxmayaraq, hələ də sahələrimizdə pambıq çoxdur. Bizim əsas məqsədimiz lif çıxımını artırmaqdır.  Çünki biz pambığı xammal şəklində deyil, əsasən mahlıca çevirib ixrac edirik. Bir qismi isə iplik formasında ixrac olunur. Buna görə də məqsədimiz lif çıxımını artırmaqdır. Bunun üçün keyfiyyətli məhsul istehsal etməliyik. Hesab edirəm ki, bu il bizim lif çıxımımız keçən ilkindən çox olacaq, çünki sahələrdə pambıq var. Biz qozaların açılması üçün müxtəlif preparatlardan istifadə edirik, lakin onların təsirini göstərməsi üçün də müəyyən temperatura ehtiyac var. Havaların yağmurlu keçməsi bu baxımdan da müəyyən çətinliklər yaradır. Biz nazirlik olaraq, yığım prosesinə yüksək səviyyədə hazırlaşmışıq: yerlərdə mərkəzlər yaradılıb”.

Pambıq yığımı iki dəfə artdı

KTN rəsmisinin dediyinə görə, ötən il yığımın tez başa çatmasına əlverişli iqlim şəraiti imkan yaradıb: “Yəqin ki, siz də xatırlayarsınız, keçən il oktyabr-noyabr aylarında hava isti keçdi, pambıq qozalarının açılımı,yığımın sürətli aparması üçün əlverişli şərtlər formalaşdı. Bu il isə havalar yağıntılı və azgünəşli keçir. Ona görə də qozaların açılımı ləng gedir, yığım sürəti də azalır. Yağmurlu hava digər bitkilər üçün əlverişlidir, amma pambığa zərərli”.

Fermerlərin bu il toxumun keyfiyyətsiz olmasına dair dediklərini İ.Cümşüdov qəbul etmir: “Son illərdə biz Türkiyədən ”Bəyaz Altın 440″ adlı toxumdan daha çox istifadə edirik. Çünki bu toxum yüksək məhsuldarlıqlı, Azərbaycan şəraitinə yaxşı uyğunlaşmış sortdur. Bu il sahələrin 65 faizinə ondan səpilib. Ondan sonra “Karizma”, “Günəş” və sair sortlardan istifadə olunub. Bütün sortlar yüksək reproduksiyalıdır, Azərbaycanda da yüksək nəticələr veriblər. Bu il sahələrdə pambığın bitiş prolemi olmayıb, lakin bayaq da qeyd etdiyim kimi, yayda iki ay ərzində kəskin isti və quraqlıq, sonrakı müddətdə isə yağmur və soyuq məhsuldarlığı azaldıb. Kollarda qozalar çoxdur, amma onların açılması üçün tələb olunan temperatur yoxdur”.

Həmçinin oxuyun

“Ərzaq məhsullarının qiymətinin artımı davam edəcək”

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. …