Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olundu.
Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamışdı və zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olub. Onu da qeyd edək ki, “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu deyilirdi.
Daha sonra isə bankın payının böyük hissəsi “Odlar Yurdu” Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.
Bununla yanaşı hazırda riskli banklardan biri kimi Mehdiyevlərə bağlı bir digər bank olan “Bank BTB” ASC-nin adı çəkilir ki, bankın cəmi kapitalının cari ilin sentyabrın 30-da 50 milyon manatdan aşağı düşməsi (49,222 mln manat) də, riskli məqamlardan biridir. Belə ki, bank üçüncü rübü 987 min manat xalis zərərlə başa vurub. Bankın məcmu kapitalı 52,969 mln manat olsa da, adekvatlıq əmsalı “Muğanbank”ın əmsalına yaxın – 20,63% olaraq göstərilib.
Onu da qeyd edək ki, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən bankın məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır. Hazırda isə məhz “Bank BTB”-nin kapitalı 50 milyon manatdan aşağı olması Qaydaların tələblərinin pozulmasıdır. Bağlanan banklar arasında ən böyüyü “Bank Of Azerbaijan” olub ki, adıçəkilən bank 2016-cı ildə bağlanıb.
Həmin il “Texnikabank” da fəaliyyətini dondurub. 2016-cı ildə “Bank Standard”, “Qafqaz İnkişaf Bankı”, “Atrabank”, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC də sektordan gedən banklardır. 2017-ci ildə “DəmirBank” ASC bağlanıb. Bağlanan bankların siyahısında “Günay bank” da yer alıb.
Ümumiyyətlə, hazırda ölkədə riskli bankların bağlanma təhlükəsi varmı?
İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, “Muğanbank”ın bağlanacağı uzun müddətdir bəlli idi:

“Azərbaycanda bankları 3 qrupa bölmək olar ki, “Kapitalbank”, “Paşabank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalqbank” və “Respublikabank” kimi 5 iri bank var. Onlar böyük banklardır. Bundan başqa, orta səviyyəli 5-6 bank var. Qalan banklar isə kiçik banklardır ki, onlarda problem çoxdur. Yəni problemli kreditlər, nəzarət, idarəetmə, likvidliklə bağlı problemlər özünü göstərir.
Son vaxtlar Mərkəzi Bank onlara tələblər qoyub və bu tələblərə riayət etmək üçün səhmdarlar əlavə pul yerləşdirir, idarəetmədə nəyi isə dəyişməyə çalışıblar. “Muğanbank”da vəziyyət belə idi və ilk gündən bildirmişdim ki, bu, banka kömək etməyəcək.
Digər banklarda isə ola bilər ki, yeni səhmdar, vəsait hesabına nəyəsə nail ola bilərlər. Ona görə də bu il hansısa bankın bağlanmasını gözləmirəm. Hər bir halda hansı bank bağlanacaqsa, yeni ilin ilk 6 ayında baş verəcək.
Bu, o deməkdir ki, Mərkəzi Bankın tələblərini yerinə yetirən bank bağlanmayacaq. “Bank BTB” ilə bağlı kapitalda azalma elə də ciddi deyil. Təbii ki, Mərkəzi Bank onlardan bunu tələb edəcək. Yəni səhmdarlar istəsələr, vəsait tapıb qoya bilərlər. “Bank BTB”-ni mən güclü bank hesab etmirəm, o, zəif banklardan biridir”.
Ekspert xatırladıb ki, “Muğanbank”ın bağlanması ilə ölkədə 23 bank qalıb:
“Ümumilikdə 10-12 bank problemli banklardır. Bu, o demək deyil ki, onlar bağlanmalıdır. Vaxtilə elə banklar olub ki, pis vəziyyətdə olublar və ancaq səhmdarlar əlavə vəsait qoyub onları böhranlı vəziyyətdən çıxarıblar. Ölkəmiz üçün 23 bank azdır və bu, rəqabət mühitinin inkişafına xidmət etmir”.
İqtisadçı- ekspert Ruslan Atakişiyev isə bildirib ki, Azərbaycanda bu gün 5 əsas bank sektorda 70 faiz aktivlərə malikdir:

“Digər banklarda hər hansı problem yaranırsa, buna Mərkəzi Bank tərəfindən nəzarət olunur. Bankda gələcəkdə problem yaranarsa, orada mövcud olan sistemin bunu görmək imkanı var.
Mərkəzi Bank Azərbaycan bazarında mövcud kommersiya banklarının boşluqları, likvidlik vəziyyətini əvvəlcədən öyrənir və onlara sağlamlaşdırma ilə bağlı tövsiyələr verir. Onlara vaxt qoyur ki, tövsiyələri yerinə yetirsinlər. Ancaq Mərkəzi Bankın təlimatlarını yerinə yetirmədiyi təqdirdə banklarda problem yarana bilir.
Mərkəzi Bank görsə ki, gələcəkdə kommersiya bankının həm özü, həm maliyyə bazarı üçün problem yarana bilər, o zaman onun lisenziyasını ləğv edir. Banklarda əslində nizamnamə kapitalı 50 milyon manat olmalıdır. Məbləğin aşağı düşməsi halında Mərkəzi Bank tərəfindən xəbərdarlıq olunur. Bank həmin çatışmazlığı təmin etməlidir”.
Ekspert xatırladıb ki, hazırda riskli banklar var:
“Həmin banklar Mərkəzi Bank tərəfindən verilən təlimatı yerinə yetirməsələr, problemlə üzləşə bilərlər. Mərkəzin Bankın tələblərini yerinə yetirsələr, riskli vəziyyətdən çıxa bilərlər”.