Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycana gətirilən Rusiya dərmanları ucuzlaşacaq? – Müəmmalı durum yaranıb

Azərbaycana gətirilən Rusiya dərmanları ucuzlaşacaq? – Müəmmalı durum yaranıb

Rusiya Federal Antiinhisar Xidməti dərman preparatları bazarında qiymətlərin formalaşması sahəsində islahatlarının başa çatacağını gözləyir. 

Belə ki, sözügedən qurum üç il ərzində 289 dərman preparatının satış qiymətini aşağı salıb. Orta hesabla qiymətlər 42 faiz azalıb, lakin bəzilərinin dəyəri on və ya daha çox dəfə azalıb. İndi dərmanların qiymətinə nəzarət etmək üçün, xidmət iqtisadi vəziyyətinə görə Rusiyaya bənzər digər ölkələrdə eyni dərmanların qiymət cədvəllərini təhlil edir. 

Bəs görəsən, bu araşdırmalar Azərbaycan bazarına necə təsir edir? Ölkəmizdə Rusiya istehsalı olan dərmanların qiymətində azalma müşahidə olunurmu? 

Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərovla əlaqə saxladıq. “Yeni Sabah”a açıqlama verən ekspert bildirir ki, ölkəmizdə həm dərman istehsalı başladılmalı, həm də dünyada dərman istehsalı saəhəsində öz sözünü demiş ölkələrlə əməkdaşlıq edilməlidir.

“Öz müşahidələrimə əsasən onu deyə bilərəm ki, dərman bazarında qiymətlərdə ucuzlaşma olduğunu birmənalı şəkildə söyləmək çətindir. Ola bilsin ki, hər hansı dərmanların qiymətlərində müəyyən enmələr vardır. Amma bütövlükdə götürdükdə dərman preparatları elə məhsuldur ki, ona tələb həmişə yüksək olur. 

Həm də nəzərə alsaq ki, Azərbaycanın özündə dərman preparatları istehsal olunmur, hələ ki idxaldan asılı vəziyyətdəyik, ona görə də hər hansı kəskin ucuzlaşmanın olmasını gözləmək də mümkün deyil. Amma mən o fikirlə razıyam ki, tələbin yüksək olması ilə bağlı olaraq, bəzi dərman preparatları baxmayaraq ki, idxal məhsuludur, qiymətlər maya dəyərindən çox yüksəkdir. Dövlətimizdə bu sahədə artıq uzun müddətdir ki, ciddi mübarizə aparır. Bu sahədə hansısa kəskin ucuzlaşmanı görmək çox çətindir. 

Kəskin bahalığın qarşısını almaq üçün hansısa tədbirlər görülməlidir? Məsələn bununla bağlı birgə müəssisə yaradılacaq. Mən çox istəyərdim ki, məhz bu sahədə Rusiya ilə birdə sıx əlaqələr yaradılsın. Sovet dövründə Azərbaycanda dərman istehsalı var idi.  Yəni bizim bazamız var. Rusiya dünyada bu sahədə öz sözünü demiş ölkələrdəndir. Biz təkcə Rusiya ilə deyil, Polşa, Bolqarıstan və İranla da bu sahədə əməkdaşlıq etməliyik. Bu yolla dərmanlara qoyulan yüksək qiymətin qarşısını ala bilərik. 

Azərbaycanda Türkiyə, Polşa, Rusiya və Hindistanda istehsal edilən dərmanlar satılır. Eyni adlı dərmanın keyfiyyət məsələləri vardır. Ən ucuz dərman istehsalı Hindistan tərəfindəndir. Ucuz dərmanların bazarda hökmran mövqe tutması özü də yaxşı hal deyil”. 

Mövzu ilə bağlı Bakıda bir neçə aptekdə də araşdırma apardıq. Lakin müəmmalı durumla qarşılaşdıq. Belə ki, əczaçıların dediklərinə inansaq, son aylar Rusiya istehsalı olan dərmanlarda hər hansı ucuzlaşma müşahidə olunmur. Hətta onlar bildirdilər ki, gələn ilin yanvar ayından bütün dərmanların bahalaşması gözlənilir.

Xatırladaq ki, bu ayın 9-da Pirallahı Sənaye Parkında “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib. istehsal sahəsinin açılışı Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının işçi qrupunun iştirakı ilə baş tutub.

Bildirilib ki, Bakıda fəaliyyət göstərən R-Pharm sənaye kompleksində onkoloji, göbələk əleyhinə, virusəleyhinə dərmanların, o cümlədən HİV infeksiyasının, hepatitin, sinir, əsəb, ürək-damar, sümük-əzələ, tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün dərmanların və antibiotiklərin, istehsalı planlaşdırılır. Sənaye kompleksində həmçinin şəkərli diabet, rentgenkontrast və maqnit rezonans müayinələri üçün vasitələrin və maddələrin buraxılması da planlaşdırılır. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. Bakıda yaradılan “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən birinə çevriləcəkdir. Ən müasir avadanlıqla təchiz olunmuş istehsal müəssisəsinin sahəsi 4,6 ha olacaq. Kompleks 300-dən çox insanı iş yeri ilə təmin etməklə kapsul, blister və flakon istehsalı üzrə ixtisaslaşacaq.

Qeyd olunub ki, 2001-ci ildə A.E.Repik tərəfindən yaradılan “R-Pharm” Şirkətlər Qrupu – innovativ Sağlamlıq texnologiyalarının lideridir. Özündə 3000-dən çox yüksək ixtisaslı mütəxəssisləri birləşdirən Şirkətlər Qrupu Rusiyanın bütün ərazilərində, MDB ölkələrində, ABŞ-da, Almaniyada, Yaponiyada və digər ölkələrdə fəaliyyət göstərir. “R-Pharm” yüksək texnologiyalı dərman vasitələrinin, laboratoriya avadanlıqlarının, habelə tibbi texnikanın tədqiqi və işlənib hazırlanması, istehsalı və kommersiyalaşdırılması üzrə ixtisaslaşır.

Ötən ilin əvvəllərində isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmokonəzarət sektorunun müdiri Elmin Quliyev deyib ki, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir: “Sonra bazarda əsasən Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar üstünlük təşkil edir. Azərbaycana Banqladeş və Hindistandan da dərmanlar gətirilir. Lakin bunların sayı o qədər də çox deyil”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …