Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan yenidən ərəb turistlərə qapıları açır: nəticə necə olacaq?

Azərbaycan yenidən ərəb turistlərə qapıları açır: nəticə necə olacaq?

Koronavirusa yoluxma sayında azalma Azərbaycanın xarici turistlər üçün qismən də olsa açılıma getməsinə şərait yaradıb. Türkiyə, Rusiya və bir sıra Avropa ölkələri ilə aviareyslərin açılması, yaxud sayının artırılmasından sonra Azərbaycan ərəb ölkələri ilə gediş-gəlişi də genişləndirmək qərarına gəlib. İyulun 11-dən etibarən “Air Arabia” aşağıbüdcəli aviasiya şirkəti Şarjadan Bakıya və əks istiqamətdə uçuşları bərpa edir.

Aviaşirkətin məlumatına görə, həftənin dörd günü Şarjadan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçiriləcək. Çərşənbə axşamı, cümə və bazar günləri Şarjadan uçuş yerli vaxtla saat 13-də, Bakıya eniş saat 16.55-də olacaq. Elə həmin günlər saat 19.35-də Bakı-Şarja reysi olacaq. Cümə axşamları Şarjadan uçuş saat 7.25-də, Bakıya eniş saat 10.20-də, əks istiqamətdə uçuş saat 14.00-da həyata keçiriləcək.

“Air Arabia” müştəri cəlb etmək üçün pulsuz COVİD-19 sığortası təqdim edilir. Şirkətin yaydığı məlumata görə, sığorta avtomatik olaraq bronlaşdırmaya daxil edilir və sərnişinlərdən əlavə sənəd tələb olunmur.

Qeyd edək ki, ərəb turistlərin Azərbaycana axını 2015-ci ildən etibarən başlayıb. 2017-ci ildə ərəb ölkələrindən gələn qonaqlarımızın sayı 600 min nəfərdən yuxarı olub. Bu artıma daha çox Azərbaycanın turizm potensialının müvafiq dövlət qurumları tərəfindən ərəb ölkələrində geniş təbliği səbəb olub. Təkcə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayında 2015-2017-ci illərdə 5 dəfəyə yaxın artım qeydə alınıb. 2018-ci ildən etibarən isə gələn turist sayında azalma başlayıb, 2019-cu ildə BƏƏ-dən Azərbaycana cəmi 68,3 min nəfər gəlib.

Ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələr daha yüksək inkişaf edib. Belə ki, bu günə qədər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana 2,2 milyard ABŞ dolları investisiya qoyub. Azərbaycan isə bu ölkəyə 347 milyon dollar sərmayə yatırıb. Azərbaycan sərmayələri əsasən BƏƏ-nin Əbu-Dabi və Dubay əmirliklərinə yönəldilib. BƏƏ tərəfindən sərmayələrin əsasən qeyri-neft sektoruna yatırıldığı bildirilir.

Ərəb turistləri itirdik - RƏSMİ

Məsələn, 2000-2017-ci illərdə Azərbaycanın qeyri neft iqtisadiyyatına qoyulan invsetsiyaların 717,6 milyon dolları (6,6 faizi) bu ölkənin payına düşüb. Lakin maraqlıdır ki, investisiyaların məhz hansı sektorlara yatırıldığına dair məlumatlar açıqlanmır. Amma son vaxtlar ölkə mətbuatında BƏƏ mənşəli şirkətlərin (Azərbaycanda bu ölkə mənşəli 260-dan yuxarı şirkətin fəaliyyət göstərdiyi deyilir – red.) tikinti və daşınmaz əmlak sektorunda fəallaşdığına dair məlumatlar yer alır.

İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 38 faiz artaraq 54,4 milyon dollara, 2019-cu ildə 66 milyon dollara çatıb. Koronavirus pandemiyasının təsiri ilə 2020-ci ildə dövriyyə kəskin azalıb – 40,2 milyon dollar. Bu ilin 5 ayında qarşılıqlı ticarətin həcmində yenidən ciddi artım müşahidə olunmaqdadır. Belə ki, bu göstərici 2020-ci ilin yanvar-mayındakı 16,1 milyon milyon dollara qarşı bu il 22 milyon 818 min dollara yüksəlib. BƏƏ-yə Azərbaycandan əsasən kənd təsərrüfatı məhsulları (pomidor, xurma, alma, çiyələk və sair), ərzaq məhsulları satılır. Gətirilən isə əsasən pambıq parçadan olan geyimlər, elektronika məmulatları və sairdir.

Azərbaycanda ərəblərin əlindən tərpənmək olmur?

Hazırda BƏƏ Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa prosesində iştiraka yaxından maraq göstərir.

Ümumiyyətlə, ərəb turistlər dünyada ən varlı və daha çox pul xərcləməyə meylli qonaqlar hesab olunurlar. Lakin onlar həm də yerli qayda-qanunlarla daha az hesablaşan, bir çox hallarda ətraf mühitə, ekologiyaya zərər vurmaqdan çəkinməyən turistlər kimi tanınırlar. Elə Azərbaycanın özündə ərəb turistlərin nəsli kəsilməkdə olan nadir heyvan və quşları ovlamalarına dair dəfələrlə faktlar yayılıb. Bu baxımdan Azərbaycan vətəndaşlarında ərəb turistlər barədə rəylər birmənalı deyil.

Yalnız Azərbaycan deyil, bir çox ölkələr pandemiya təhlükəsini nəzərə almaqla turistlər üçün müəyyən açılımlara gediblər. İspaniya, Türkiyə və sair ölkələr sərhədlərini turistlər üçün açıblar. Azərbaycanın analoji addımı turizm sektoru üçün nə deməkdir? Açılım pandemiyanın yenidən kəskinləşməsi baxımından iqtisadiyyata hansı mənfi təsirlər göstərə bilər?

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, hava əlaqələrinin bərpası Azərbaycan üçün turizm baxımından vacib addımdır: “Təbii ki, burada əsas şərtlərdən biri əlaqələrin açıldığı ölkələrdə vaksinasiya səviyyəsi önəmlidir. Elə ölkələr var ki, orada əhalinin 50 faizindən yuxarı vaksinasiyadan keçib. Bu, imkan verir ki, həmin ölkələrlə hava əlaqəsinin bərpası mümkün olsun. Digər tərəfdən, hətta Avropa Birliyinin özü də turistlərin gəlməsinə icazə verilən ölkələrin sayını artırır. Bu isə o deməkdir, ölkələr, o cümlədən inkişaf etmiş ölkələr mərhələli baxımdan açılımda maraqlıdılar. Azərbaycan həm də Avropa Birliyi ölkələrindən də turistlərin cəlbində maraqlıdır. Buna görə də vaksinasiya səviyyəsi yüksək olan Avropa, həmçinin Asiya ölkələri ilə mərhələli şəkildə açılıma getmək olar. Bütün hallarda, biz çalışmalıyıq ki, mümkün qədər inkişaf etmiş ölkələrdən turistlərin cəlbinə nail olaq”.

Millət vəkili bildirir ki, xarici turistlərin sayının artması üçün Azərbaycanda vaksinasiya səviyyəsini daha da yüksəltmək lazımdır: “Bu, virusun lokallaşdırılmasına, ölkəmizlə hava əlaqəsini açmaq istəyən ölkələrin sayının artmasına gətirib çıxaracaq. Açılımlar zamanı virusun yayılmasına qarşı preventiv tədbirlərin alınmasının təmin edilməsi çox vacibdir: sıxlıq, qapalı yerlərdə qoruyucu maskalardan istifadə, şəxsi gigiyenaya əməl etmək və sair. Eyni zamanda əhalinin vaksinasiya səviyyəsinin 65 faizdən yuxarı qaldırılması lazımdır ki, iqtisadiyyatda yenidən qapanmalara gedilməsin”.

V.Bayramov maraqlı bir məsələyə də toxunaraq karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edildiyini bildirir. Onun dediyinə görə, bölgələrdə olan turizm obyektləri bu artımdan istifadə edərək qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyli yüksəldiblər: “Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımların səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların pandemiyadan sonra ”daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır”.

Deputat hesab edir ki, bir tərəfdən, sahibkarların qiymətləri artırmaması, əksinə, optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir: “Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi, vergi güzəştləri də daxil olmaqla, xüsusi güzəştlərin tətbiq olunması da məqsədəuyğun olar. Eyni zamanda qonşu Türkiyədə olduğu kimi, ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər.

Amma bütün bunlar fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir. Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir. Turizm spesifik sahə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”. Musavat.com

Həmçinin oxuyun

“AccessBank” bağlana bilər: Yığılmış zərəri 180 milyon manata çatdı

AccessBank” QSC 2021-ci il sentyabrın 30-na maliyyə hesabatını açıqlayıb. Sözügedən dövrə bankın cəmi aktivləri 944,895 …