Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Türkiyənin pomidor bazarı mübarizəsi

Azərbaycan və Türkiyənin pomidor bazarı mübarizəsi

Cari ilin birinci rübündə Azərbaycan 23 mln. 988,54 min dollar dəyərində pomidor ixrac edib. 
Oxu.Az statistik rəqəmlərə istinadən xəbər verir ki, bu da 19,839 min ton pomidor satışı deməkdir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə pomidor ixracının həcmi  41,1, dəyər baxımından 55,2 faiz artıb.
Pomidor ixracı, əsasən, Rusiyaya həyata keçirilib. Cari ilin yanvar-mart aylarında Rusiyaya 19,766 min ton  – 23 mln 880,08 dollar dəyərində pomidor göndərilib. 2017-ci ildə Azərbaycan Rusiyaya 151,6 mln dollar dəyərində pomidor ixrac etmişdi.
Bu arada, Azərbaycanın Rusiyanın pomidor istehlakı bazarında əsas rəqibi Türkiyədir. Mayın 1-dən etibarən bu ölkədə yetişdirilən pomidorların Rusiyaya idxalı ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Artıq Türkiyədə yetişdirilən bütün pomidor növləri Rusiya bazarlarına tədarük ediləcək.
Yeganə şərt məhsulların fitosanitar tələblərə cavab verməsi, başlıca olaraq göndərilən mallarda “pomidor güvəsinin” olmamasıdır.
Düzdür, Türkiyə pomidorları keyfiyyət baxımından Azərbaycanın eyni növ məhsuluna uduzur. Lakin türk pomidorlarının satış qiyməti daha ucuzdur. Bu səbəbdən cari ildə Rusiya bazarının Azərbaycan fermerləri üçün nə dərəcədə gəlirli və açıq olacağı sual doğurur. Çünki qeyd etdiyimiz kimi rəqib bazara qayıdıb.
Xatırladaq ki, keçən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə – 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) çoxalıb. Cari ildə ixracın daha da artırılması nəzərdə tutulurdu.
Ekspertlərin rəyinə görə, vəziyyətdən çıxış yolu müvafiq qurumların yeni bazarların təşviqini aparmasıdır. Belə ki, Azərbaycan pomidorlarının Rusiya bazarından asılılığı aradan qaldırılmalıdır.

Həmçinin oxuyun

“Unibank” kredit məsələsində jurnalistə qarşı məhkəmə predmeti olan 4 qanunsuzluğa yol verib…

“Bakı Xəbər” qəzetinin əməkdaşı Samirə Səfərovanın 2013-cü ilin avqustunda “Unibank”dan kredit götürməsi və iki il …