Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan özünü kartofla təmin edə bilirmi? – Açıqlama

Azərbaycan özünü kartofla təmin edə bilirmi? – Açıqlama

Azərbaycanlıların qida rasionu bol kalorili qidalarla zəngindir. Bu gün danışmaq istədiyimiz isə “ikinci çörək” adlandırdığımız kartofla bağlıdır. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və kapotinlər var.
Kartof 1565-ci ildə Cənubi Amerikadan İspaniyaya gətirilib və oradan digər Avropa ölkələrinə yayılıb. İlk dəfə Rusiyaya kartof 1697-ci ildə Hollandiyadan  I Pyotr tərəfindən gətirilib. Azərbaycana isə 1829-1833-cü illərdə rus ordusu və Rusiyadan sürgün olunmuş malakanlar tərəfindən gətirilib. Sovet İttifaqı illərində ən çox kartof əkini 1990-cı ildə – 23,8 min hektar sahədə aparılıb və 185,2 min ton məhsul istehsal olunub.
Müstəqillik əldə olunandan sonra respublikada 1996-cı iladək əkin sahəsi və istehsalı azalıb, sonra tədricən artıb. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılıb və 1037,3 ton məhsul istehsal edilib.
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının Reyestrində kartofun Radomışlskiy, Nevski, Sevinc, Laymdota, Ukrainskiy rozovıy, Əmiri-600, Filea, Solora, Nora, Aqriya, Laura, Marabel, Mona Liza, Spunta, Arinda, İmpala, Telman sortlarının rayonlaşdırılması göstərilib. Bunlardan yalnız 3-ü Sevinc, Əmiri-600 və Telman sortları yerli sortlardır. Perspektivli sortlardan Zanra, Tatyanka, Vilya, Svitanik, Perla, Zila, Mavka, Belladona, Oqonyok, Neptun, Lileya və s. göstərmək olar.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Azərbaycanda 65,3 min hektar sahədə kartof əkilib, 992,8 min ton məhsul istehsal edilib, məhsuldarlıq 152 sen/ha olub. 2013-cü ilin əvvəlinə 553,1 min ton kartof  ehtiyatı qalıb, 2013-cü ilin sonunda 992,8 min ton kartof istehsal edilib və həmin ilin sonuna 78 min ton məhsul idxal edilməklə cəmi 1624 min ton kartof ehtiyatı yaranıb. 1624 min ton kartof ehtiyatından 2014-cü ilin məhsulu üçün 196 min ton toxuma, 370 min ton mal-qara və quş yeminə, 692 min ton ərzaq məhsulu kimi istifadəyə, 64 min ton itkiyə, 54 min ton ixraca istifadə edilib.
2014-cü ilin əvvəlinə 581 min ton kartof ehtiyatı qalıb. Həmin il ərzində 819 319 min kartof istehsal edilib. 2015-ci ilin əvvəlinə 541 666 ton qalıq kartof qalıb, 839 795 ton məhsul istehsal edilib.
2016-cı ilin əvvəlinə qalıq kartof 534 264 ton, istehsal 902 396 ton olub. Bu il ərzində 188 373 ton kartofdan toxuma, 28 904 ton kartofdan mal-qara və quş yeminə, 721 585 ton kartofdan ərzaq məhsulu kimi istifadəyə, 58 502 ton itkiyə gedib. Ümumilikdə 2016-cı ildə 1628 ton kartof ehtiyatı yaranıb.
Nazirlər Kabientinin təsdiq etdiyi minimum istehlak səbəti üzrə kartofun adambaşına düşən illik istehlak norması 50,7 kq götürülüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a bildirib ki, 2017-ci ildə 58 773 hektar sahədə kartof əkini aparılıb:
“Noyabrın 1-nə olan məlumata görə, ölkədə 886 min ton kartof istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, kartof sahələrindən ildə iki dəfə məhsul götürək. Kartofun erkən yaz əkini və yay əkini var. Taxıl və paxlalı bitkilər yığıldıqdan sonra kartofun yay əkinini aparmaqla ikinci dəfə məhsul əldə etmək olar. Yəni erkən-yazda əkilən kartofdan faraş məhsul alınır. Bu da təxminən aprel ayının əvvəlinə təsadüf edir”.
Nazirlik rəsmisi deyib ki, əldə olunan məhsul həm daxili bazara çıxarılır, həm də ixrac olunur:
“Digər tərəfdən kartofun həm də yay əkini aparılır. İyun ayında kartofu ikinci dəfə əkib payızda məhsul eldə edirik”.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …