Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Myanma qırğınını pislədi

Azərbaycan Myanma qırğınını pislədi

Fazil Mustafa: “Biz bu məsələlərdə birinci rol alacaq ölkə deyilik”; Bəxtiyar Sadıqov: “Nə vaxtadək ikili standartlara dözəcəyik?”

Myanmada müsəlmanlara qarşı törədilən kütləvi qətliam dünya gündəmindən düşmür. Təəssüf doğuran odur ki, dəhşətli faciənin üstündən bir həftədən çox ötsə də, qətliam hələ də davam edir, amma dünya birliyinin passivliyi bir yana əksər müsəlman dövlətləri susur, yalnız ötəri bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər.

Təkcə Türkiyə dövləti qətliama ilk günlərdən sərt mövqe sərgiləyir. Azərbaycanın fonundan çıxış etsək, indiyədək Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi faciəyə münasibət bildirməyib. Gununsesi.info-nun əməkdaşı QMİ sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə telefon əlaqəsi saxlayıb, şeyxin reaksiyası bu cür olub: “Mən indi məclisdəyəm, danışmaq imkanım yoxdur. Bizim idarənin mətbuat xidməti ilə əlaqə saxlasanız yaxşı olar”.

Ölkənin siyasi qurumları da eyni susqun mövqedədirlər. Daim keçirdikləri aksiyalarla gündəmə gələn ölkə müxalifəti Myanma hadisələri ilə bağlı nəinki etiraz aksiyası, bəyanat belə vermirlər. Yalnız tənqidi qınaqlardan sonra bəzi müxalif və dövlət qurumları hərəkətə gəliblər.

“Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik”. Bunu musavat.com-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik”, – deyə o vurğulayıb.

Müxalif qurumlardan AĞ Partiya da qətliamla bağlı bəyanat verib: “Bu gün dünyanın gözü önündə Myanmada insanlığa qarşı qətliam törədilməktədir. Myanmada yaşayan müsəlman gənc, körpə, yaşlı, qadın nəzərə alınmadan vəhşicəsinə öldürülür. BMT müdaxilə edərək, bu vəhşiliyi durdurmaq əvəzinə hələ də toplanıb formal qınama bəyanatı yayımladı. Müsəlman ölkələrindən isə yalnız Türkiyə bu məsələdə tək başına mübarizə aparmaqdadır. Digər müsəlman ölkələri təəssüf ki, hələ də mövqesiz qalmaqdadır. Biz AĞ Partiya olaraq bu hadisəni şiddətlə pisləyirik və qınayırıq. Bu soyqırımı sivil dünya üçün silinməz bir ləkə, bütün insanlıq üçün utancverici hadisə sayırıq. BMT sülhməramlı qoşunlarını Myanmada müdaxilə etməyə və oradakı günahsız insanları müdafiə etməyə çağırırıq. Bunun olmayacağl təqdirdə, İslam ölkələrinin sülhməramlı hərbi müdaxiləsini zəruri hesab edirik. Əks halda Xocalıda, Serebrenitsidə olduğu kimi müasir dünyanın gözü önündə Arakanda da dini mənsubiyyətinə görə bir müsəlman soyqırımını izləyəcəyik. Və bu da sivil dünya üçün silinməz bir ləkə olaraq qalacaq. Ayrıca da biz Ağ Partiya olaraq əhalisinin İslam dininə etiqad edən Azərbaycanın hökumətinin bu hadisəyə qarşı mövqesiz qalmasını da qınayırıq və təcili olaraq bu hadisəyə rəsmi münasibət bildirməsini tələb edirik. Unutmamalıyıq ki, dini-etnik mənsubiyyətinə görə Azərbaycan xalqı da Dağlıq Qarabağda etnik təmizləmələrə məruz qalıb”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycanın müsəlman deyil, dünyəvi dövlət olduğunu qeyd etdi: “Sadəcə, ölkəmizin əhalisinin böyük əksəriyyəti İslam dininin daşıyıcılarıdır. Bizim İslam faktoru ilə bağlı məsələlərdə birinci mövqeyə düşməyimiz kimi tələb yoxdur. Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Bu məsələdə öncüllüyü Türkiyə edir. Rəsmi Ankara da o yolu seçdi ki, qətliama İslam Əməkdaşlığı Təşkilatı vasitəsilə reaksiya verəcək, özü də birbaşa yardım edəcək. Azərbaycan burada nə edə bilər? İlk növbədə Banqladeş vasitəsilə orada zərərçəkmiş insanlara öz dəstəyini verə bilər. Digər tərəfdən də Türkiyənin öncüllüyü ilə Arakanda müsəlmanlara edilən zülmə qarşı bütün layihələrdə iştirak edə bilər. Eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı vasitəsilə bu məsələnin BMT kimi beynəlxalq qurumlarda gündəmə gətirilməsində köməklik göstərə bilər. Azərbaycan bu məsələlərdə birinci rol alacaq ölkə deyil. Burada edəcəyi fəallığın da təsirinin olacağını düşünmürəm. Kadırovun bu məsələyə yanaşmasında bir qədər fərqli nüanslar var. O özünü Rusiya müsəlmanlarının lideri obrazına gətirmək istəyir. Bu baxımdan belə aksiyalarla öz fikirlərini, düşüncələrini həyata keçirmək üçün fürsət kimi istifadə edir. Əslində bu məsələdə Rusiyanın Myanmara təsir etmək imkanları daha genişdir. Rusiya dövlət olaraq bunu edə bilər. Kadırovun atdığı addım Rusiyanın rəsmi mövqeyi kimi qəbul olunmasa da, Kremlin məsələyə bir baxışı, etirazı kimi qiymətləndirilir. Bu baxımdan Kadırovun etdiklərinin bizdə təkrar olunmasına lüzum yoxdur. Çünki Myanma müsəlmanları ilə bizim cəmiyyətin əlaqələri o qədər də geniş deyil. Amma istənilən halda müsəlman qardaşlarımızdır, onlara kömək etməliyik. Bu bizim mənəvi borcumuzdur”.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Myanmada dəfələrlə müsəlmanlara qarşı açıq şəkildə, qəddarlıqla qətliamların həyata keçirildiyini qeyd etdi: “Bütün dünya orada nələrin baş verdiyini görür. Yaxınlarda Parisdə keçədə bir terror hadisəsi baş verdi. O hadisədən sonra Avropanın liderləri Parisə gedib, orada qol-qola gəzərək etiraz aksiyası keçirdilər. Bu alqışa layiq bir hərəkət oldu. Myanmada terror baş vermir, amma terrordan dəhşətli olan soyqırım həyata keçirilir. Mövqe bildirməyi təkcə müsəlman dövlətlərinin üzərinə atmaq düzgün deyil. Kadırov buna yaxşı reaksiya verdi, Türkiyə mövqeyini sərgilədi. Azərbaycan isə narahatlığını bildirdi. Bunlar da münasibətdir. Amma bizlər nə vaxta qədər soyqırımı dinlərə görə böləcəyik. Xristianlara qarşı bir terror baş verəndə dünyanın aparıcı dövlətləri hərəkətə gəlir, bütün beynəlxalq qurumlar iclaslar keçirir, təsirli tədbirlər görürlər. Lakin müsəlman dövlətlərində bu tipli hadisələr yaşananda hər kəs deyir ki, bu həmin dövlətlərin işidir. O zaman beynəlxalq qurum və təşkilatlar nəyə lazımdır? Biz nə vaxta qədər bu ikili standartlara dözməliyik? Hər bir insanın ölümü dinindən, irqindən asılı olmayaraq faciədir. Nə vaxta qədər sortlara bölgülər olacaq? Bəyəm BMT-nin gücü çatmır Myanmadakı hadisələrin qarşısını almağa? Myanmadakı qüvvələrə silah verənlər o silahların onlara qarşı tuşlandığını bilmirlər? Orada insanları dininə görə qırdıqlarını görmürlər? Bu faciəni törədənlər bilirlər ki, cəzasız qalacaqlar. Türkiyədə də dəhşətli terror hadisələri oldu, Avropa liderləri ora getməsələr də, ən azından ciddi açıqlamalar verə bilərdilər. Dünya çox balacadır, amma bizə elə gəlir ki, böyükdür. Bir neçə nüvə silahını bir neçə yerdə partlatsan, yer kürəsi orbitindən çıxar. Kiçik dünyada sortlara, münasibətlərə bölmək heç vaxt bəşəriyyətə fayda gətirməyəcək. Deməyək ki, müsəlman ölkələri Kadırov kimi mövqe bildirmirlər. Bunu bütün dünya güclərindən umaq. Nə qədər ki, terroru dinlərə görə ayıracağıq, bu tipli hadisələrin qarşısını ala bilməyəcəyik”.

Yazı hazırlanarkən bəlli oldu ki, QMİ Myanmadakı qətliamı pisləyərək, “soyqırım” adlandırıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın