Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan iki düşmən müsəlman ölkəsinin arasında

Azərbaycan iki düşmən müsəlman ölkəsinin arasında

Ər-Riyadakı sammitin pərdəarxası məqamları – İranla Səudiyyənin siyasi davası müharibə ərəfəsində

Mayın 21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirildi. ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi sammitdə 50-dən artıq ölkənin hökumət və dövlət başçıları, rəsmi təmsilçiləri iştirak edib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib və sammit “Birlikdə güclüyük” devizi altında keçirilib.

Sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınması, dayanıqlı sülhün təmin edilməsi məqsədilə keçirildiyi bəyan olunub. Eyni zamanda bu toplantı Amerika-İslam dünyası əlaqələrində də mühüm mərhələ kimi xarakterizə olunub. ABŞ prezidenti Tramp müsəlman ölkələrini terror və ekstremizmlə mübarizəyə çağırıb. Toplantı iştirakçıları dinlərarası münaqişəyə son qoyulmasının da önəmini vurğulayıblar. Bu formatda ilk dəfə keçirilən tədbirin ekstremizm, terror və radikalizmə qarşı olduğu vurğulansa da, həm təşkilatçı ölkə olan Səudiyyə Ərəbistanı kralı, həm də ABŞ prezidenti əsas vurğunu İran üzərində ediblər. ABŞ prezidenti deyib ki, İran beynəlxalq terrorizmi dəstəkləyir. Tramp Suriya olaylarında İranı ittiham edərək, Tehranı bölgədə dağıdıcı fəaliyyətləri dəstəkləməkdə ittiham edib.

Oxşar fikirləri Səudiyyə Ərəbistanı kralı da səsləndirib, İranı məzhəb bölücülüyü aparmaqda günahlandırıb. İran XİN isə bu iddiaların bölgədə “İranofobiya” yaymağa xidmət etdiyini və bununla da bölgə ölkələrinə daha çox silah satmaq məqsədi güddüyünü bəyan edib. Eyni zamanda İran XİN ABŞ-ın terrorçulara silah verməyi dayandırmağa çağırdıqlarını bildirib.

Bölgə mütəxəssisləri də hesab edir ki, Trampın Səudiyyə Ərəbistanına gedərək bu ölkə ilə 350 milyard dollarlıq silah satışı müqaviləsi imzalaması, daha sonra müsəlman ölkələrinin demək olar ki, hamısının iştirakı ilə genişmiqyaslı toplantı keçirərək İranı hədəfə alması istər-istəməz bu toplantının əsas hədəfinin və ya hədəflərindən birinin İran olduğunu deməyə əsas verir.

Məsələ ondadır ki, 57 müsəlman ölkəsindən yalnız İran, Livan və Sudan Ər-Riyad toplantısına dəvət olunmayıb. Sudan prezidenti Ömər Əl-Bəşir barəsində Beynəlxalq Haaqa Tribunalının axtarış qərarı olması səbəbindən amerikalılar onun Trampla eyni tədbirdə iştirak etməsinə qarşı çıxıblar. Livan prezidenti Mişel Aun isə Hizbullaha dəstək verdiyi üçün Ər-Riyada dəvət olunmayıb. İran isə nəinki dəvət olunmayıb, üstəlik, əsas hədəf göstərilib. Diqqətçəkən odur ki, İran hazırda körfəz ərəb ölkələri, ən əsası da Səudiyyə ilə düşmən münasibətlərinə malikdir.

Bir çoxlarına görə, Amerikanın bu qədər böyük həcmdə silah satmasının əsas səbəblərindən biri də regionda İran təhdididir. Silah satışı ərəb ölkələrinin ordularının silah və texniki imkanlarını gücləndirməklə yanaşı, onlar üçün bir Amerika təhlükəsizlik təminatı anlamına gəlir.
Ər-Riyad toplantısının əsas hədəflərindən biri də 18 ölkənin birləşdiyi hərbi koalisiyanın 35 minlik ordunun yaradılması olub. Bununla bağlı artıq müvafiq mərasim keçirilib və qərar elan olunub. Qeyd edək ki, bir çoxlarına görə, bu sammit Yaxın Şərqdə yeni cəbhələşmə olub. Baxmayaraq ki, ənənəvi cəbhələşmə artıq bir neçə ildir mövcuddur.

Toplantıda Azərbaycan prezidenti də iştirak edib. Azərbaycanın hələlik yeni hərbi alyansa qoşulması ilə bağlı məlumat olmasa da, Azərbaycan prezidentinin Ər-Riyada getməsinin İranla münasibətlərə zərbə vuracağı, hətta İranın təzyiqləri ilə üzləşə biləcəyimiz haqqında şərhlərə səbəb olur. Əlbəttə, Azərbaycan hazırda Yaxın Şərqdə son illərdə formalaşan bloklaşmanın iki aktiv üzvü ilə yaxın qonşudur. Şimal qonşumuz Rusiya və cənub qonşumuz İran Yaxın Şərqdə Qərb və onun yerli müttəfiqlərinə qarşı cəbhənin aparıcı ölkələridir. Azərbaycanın dövlət başçısının bu mənada Ər-Riyada getməsi riskli addım hesab oluna bilər. Təbii ki, Bakıda da bunu yaxşı bilirdilər. Amma İ.Əliyevin bütün bunları gözə alaraq “Ərəb-İslam-Amerika” Sammitinə qatılmasının bir sıra səbəbləri ola bilər. Bu səbəbləri aşağıdakı kimi sıralaya bilərik.

Birincisi, Azərbaycan toplantıya, sadəcə, müşahidəçi qismində qatılıb və bu prosesin aktiv fazasında iştirak etməyəcəyini büruzə verib. Baxmayaraq ki, son zamanlarda tez-tez Bakının da “İslam Ordusu” Alyansına qatılacağı ilə bağlı xəbərlər intensivləşib. Amma rəsmi Bakı bu xəbərləri təkzib edir. Bu vəziyyəti təbii ki, ərəblər də yaxşı anlayır, çünki İran və Rusiyanın arasında yerləşən Bakını zərbə altında qoymaq olmaz.

İkinci səbəb siyasi-diplomatikdir. Azərbaycan uzun illər Ermənistanla əlaqə qurmayan, bütün beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini müdafiə edən Səudiyyə Ərəbistanı rəhbərliyinin çağırışını boş qaytara bilməzdi. Çünki S.Ərəbistanı ərəb-müsəlman aləmində nüfuzlu və ciddi təsiri olan ölkədir, Azərbaycan kimi dövlətin onunla düşmənçilik xətti tutması faydalı olmazdı. Yəni həm bir qarşılıqlı yaxşılıq və ərəb dünyasından təcrid olmamaq üçün Azərbaycan rəhbərliyi Ər-Riyada getdi.

Üçüncü mühüm amil iqtisadi səbəbdir. Məlumdur ki, neft qiymətləri düşdükdən sonra Azərbaycan hökuməti ciddi maliyyə sıxıntıları yaşayır. Qərb maliyyə institutları isə Bakıya o qədər də həvəsli borc vermir. Verilən borcların da ciddi şərtləri olur. Amma bunun əvəzinə həm ərəb fondları, həm də İslam İnkişaf Bankı daha səxavətlidir və güzəştli borclar vermək iqtidarındadır. Azərbaycan hakimiyyəti Türkiyə təcrübəsindən çıxış edərək ölkəyə ərəb sərmayəsini cəlb etmək istəyir. Bunun üçünsə ilk növbədə ərəb siyasi dairələri ilə müsbət əlaqələr qurulmalıdır.

Təbii ki, Ər-Riyada səfərin başqa bir səbəbi də Qərbə yaxınlaşmaq, İranın təsirinə qarşı bir mənada balans yaratmaqdır. Ancaq hər bir halda Bakının indi İranla da münasibətləri normaldır, Rusiya, İran və Azərbaycan ortaq layihələr həyata keçirirlər. Yəni Ər-Riyada getməmişdən öncə Azərbaycan rəhbərliyi bu səfərin mümkün reaksiyasını hesablamamış ola bilməzdi.

İstənilən halda Azərbaycan hakimiyyəti bu cür həssas məqamları nəzərə alaraq zərgər dəqiqliyi və şahmat ustalığı göstərməlidi. Əks halda, böyük və təhlükəli dövlətlərin təzyiqi və təhdidi ilə üzləşə bilərik.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın