Çərşənbə , Mart 3 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan böyük özəlləşməyə necə getməlidir?

Azərbaycan böyük özəlləşməyə necə getməlidir?

İqtisadiyyat naziri Mikayıl Cabbarovun nüfuzlu “Bloomberg” Agentliyinə müsahibəsi Azərbaycanda özəlləşdirmə mövzusunu yenidən gündəmə gətirib. Müsahibədə nazir müharibədən sonra geri qaytarılmış ərazilərdə böyük yenidənqurma planlarını, sərhədlərin yenidən açılmasını, bölgədəki nəqliyyat əlaqələrinin bərpasını yeni geosiyasi reallıqlar adlandırıb və bunun Azərbaycanda iqtisadi böyüməyə və məşğulluğa əhəmiyyətli töhfə verəcəyini söyləyib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan bu il işğaldan azad edilmiş bölgələrdə 2,2 milyard manat (1,3 milyard dollar) xərcləyəcək: “10 illik inkişaf planına əsasən 2030-cu ilədək Azərbaycanın ÜDM-nin ikiqat artırılması nəzərdə tutulur. Bu, illik 7 faiz iqtisadi böyümə tələb edən çətin hədəfdir. İqtisadi yüksəlişi təmin etmək üçün 21 böyük dövlət şirkətinin iştirakı ilə yaradılan yeni dövlət holdinqində effektivliyi və korporativ idarəçiliyi yüksəltmək, eyni zamanda onları mümkün özəlləşdirməyə hazırlamaq nəzərdə tutulub”.

Nazir deyib ki, bütün dövlət şirkətləri özəlləşdirilməyəcək. M.Cabbarovun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bura indiyə qədər təklif edilməmiş yeni aktivlər daxil ediləcək: “Biz müəyyən edilmiş vaxt müddətində ”özəlləşdirmə xətrinə özəlləşdirmə” keçirməyi doğru saymırıq. Ona görə, biz investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə işləmək və səhmlərinin dəyərlərini böyütmək imkanı verilib”.

Qeyd edək ki, 2020-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Həmin ilin noyabr ayında isə Prezident SOCAR, “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.

Onu da qeyd edək ki, Azərbaycanda özəlləşmədən dövlət büdcəsinə daxilolmalar cüzi məbləğlərlə ölçülür. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən 2020-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 61,5 milyon manat təşkil edib və illik proqnoz 99,2 faiz icra olunub. Dövlət əmlakının icarəsindən isə büdcəyə 10,3 milyon manat ödənilib və illik proqnoza 128,8 faiz əməl edilib. Ümumilikdə, ötən il dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 71,8 milyon manat vəsait daxil olub və illik proqnoz 102,6 faiz yerinə yetirilib.

Xidmət bildirir ki, özəlləşdirmədən daxilolmalar üzrə proqnoza tam əməl olunmamasının səbəbi koronavirus pandemiyasıdır: “Məlum olduğu kimi, 2020-ci il ərzində koronavirus pandemiyası ilə əlaqədar bir sıra sahələrlə yanaşı, dövlət əmlakının özəlləşdirilməsində də bəzi məhdudiyyətlər yaranıb. Belə ki, mart ayından özəlləşdirmə hərracları dayandırılıb, avqust ayından isə yenidən bərpa olunub. Qeyd edək ki, 2020-ci ildə 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib”.

2020-ci il ərzində qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə 258 müqavilə bağlanıb, 320 icarə müqaviləsinin müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzrə isə ümumilikdə 160 icarə müqaviləsi bağlanıb, 4 icarə müqaviləsinin müddəti artırılıb: “Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 19 mart tarixli və Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli Sərəncamlarına əsasən, dövlət əmlakına dair bağlanmış icarə müqavilələri üzrə sahibkarlara 1.350 min manat həcmində güzəşt tətbiq olunub”.

Hesablama Palatasının apardığı hesablamalara görə, indiyədək özəlləşdirmədən büdcəyə ciddi vəsait daxil olmayıb, iri daxilolmalar yalnız devalvasiyadan sonra başlayıb. Belə ki, son iyirmi ildən artıq müddətdə dövlət əmlakının özəlləşməsindən büdcəyə daxilolmalar cəmi 1 milyard manat məbləğindədir ki, bu vəsaitin də 30 faizi devalvasiyadan sonrakı üç ildə daxil olub. Özəlləşdirmədən ümumi daxilolmanın da 37 faizi torpaq sahələrinin satışından əldə edilib. Palata sədri Vüqar Gülməmmədovun sözlərinə görə, hər il büdcəyə özəlləşdirmədən azı 1 milyard manat daxil olmalıdır: “Hesab edirik ki, növbəti illərdə büdcə kəsirinin maliyyələşdirilməsi üçün bu mənbədən daxilolmalar hər il üçün ən azı göstərilmiş məbləğdə olmalıdır”.

M.Cabbarovun müsahibəsində haqqında söhbət gedən iri dövlət şirkətlərinin bir çoxunun özəl əllərə verilməsi xarici və yerli ekspertlərin uzun müddətdir təklif etdiyi variantdır. Nazirin sözlərindən məlum olur ki, hazırda hökumət bu variant üzərində işləyir. Bu zaman sual yaranır ki, AİH-in idarəetməsinə verilmiş iri dövlət şirkətlərindən hansıların ilkin mərhələdə özəlləşdirilməsi, hansıların idarəetməyə verilməsi daha realdır? Aydın məsələdir ki, bir sıra şirkətləri dövlət öz əlində saxlamaqla onların idarəetməsini müasir tələblərə uyğunlaşdırmaq yolunu seçəcək. Bunlar hansı şirkətlər olacaq?

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, ümumiyyətlə, bundan sonra Azərbaycanda iqtisadiyyatın dövlətsizləşdirilməsi istiqamətində daha çevik siyasətin həyata keçirilməsinə ehtiyac var: “Dövlət iqtisadiyyatda yalnız tənzimləyici funksiyaları əlində saxlamalıdır. Amma təbii ki, mövcud şərtlər daxilində bu prosesin mərhələli şəkildə və tədricən həyata keçirilməsi mümkündür. Bir sıra sahələr var ki, dövlətin onlardan geri çəkilməsi həm şəffaflığa, həm hesabatlığa, həm büdcənin gəlirlərinin artmasına, dövlətin maliyyə yükünün azalmasına, idarəetmə, korrupsiya risklərinin aradan qalxmasına, son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətinin yüksəlməsi, onlarda özəl təşəbbüskarlığın formalaşması, o müəssisələrin Azərbaycan iqtisadiyyatına qazandırılması zərurəti var. Düşünürəm ki, ilk olaraq özəlləşdirmə prosesi banklardan başlanmalıdır.

Məsələn, bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankı uzun müddətdir özəlləşməyə hazırlanan bankdır. Təxminən iki il yarımdır ki, hökumət bununla bağlı açıqlamanı verib. Ondan əvvəlki 3 ildə isə bankın sağlamlaşdırılması və özəlləşməyə hazırlanması prosesi həyata keçirilib. Bu proses Azərbaycan dövlətinə 15 milyard manata yaxın vəsaitə başa gəlib. Bank özəlləşməyə hazır olduqda isə proses dayandırıldı. Halbuki ən azından 2021-ci ildə büdcə kəsirinin qapadılması üçün bu bankın özəlləşdirilməsinə gedilməsi kimi gözləntilər var idi. Fikrimcə, Beynəlxalq Bankın da, Azər-Türk Bankın da qısa müddətdə ən azı paylarının 49 faizi özəlləşdirilməlidir”.

Ekspertə görə, ilkin özəlləşdiriləcək müəssisələrdən biri də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətidir: “Bu müəssisənin uğurla özəlləşdirilməsi üçün üstün şərtlər var. Birincisi, müəssisə gəlirlə fəaliyyət göstərir. İkincisi, qızılın qiyməti pandemiya və digər səbəblərdən son vaxtlar ən yüksək səviyyəyə çatıb. Bu isə ”AzərGold”un çox əlverişli şərtlər və baha qiymətə özəlləşdirilməsi üçün unikal imkan yaradır. Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan qurumların özəlləşdirilməsi dövlətə irihəcmli gəlirlər əldə etməyə imkan verər. Bunlar “Aztelecom”, “BakTelecom”, “Azintelecom”dur. Nazirliyin idarəetməsində oan “Azərpoçt”un bir hissəsinin özəlləşməsi daha əlverişli ola bilər. Çünki “Azərpoçt” ən aşağı inkişaf səviyyəsinə malik qurumlardan biridir, onun 49 faizinin özəlləşdirilməsi ilə müasir texnologiyaların tətbiqinə nail olmaq mümkündür. Digər 3 müəssisənin özəlləşməsi həm zəruridir, həm də dövlətə ciddi gəlir gətirməyə imkan verəcək müəssisələrdir. Özəl biznesin idarəçiliyinə verilməsi bu müəssisələrin göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə, həmin xidmətlər bazarında inhisarçılığın aradan qalxmasına gətirib çıxarar”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

R.Həsənov bildirir ki, kommunal xidmət sektorunda çalışan şirkətlərin təchizat və paylanma hissələri özəlləşdirilə bilər: “Söhbət ”Azərişıq”, “Azəriqaz”, “Azəristiliktəchizat”, “Azərsu”-dan gedir. Bu qurumlarn paylama və təchizat hissələrinin özəlləşdirilməsi Azərbaycanda istehlakçı hüquqlarının qorunması sahəsində də böyük irəliləyişə səbəb ola bilər. Uzun illərdir dövlət inhisarçılarının fəaliyyəti nəticəsində istehlakçılara dəyən zərərin ödənməsi, istehlakçıların hüquqlarının qorunması faktiki olaraq mümkünsüz hala gəlib. Bazar iqtisadiyyatı şərtləri daxlində təchizatçının kimliyindən asılı olmayaraq, istehlakçıya dəyən zərər ödənməlidir. Azərbaycanda bu anlayış demək olar ki, mövcud deyil. Heç bir qurum istehlakçıya vurduğu zərəri ödəmək barədə düşünmək belə istəmir. Buna görə də qeyd etdiyim qurumların təchizat və paylama hissələrinin özəl əllərə verilməsi bu problemin aradan qalxmasına böyük töhfə vermiş olacaq. Dövlət bu sahələrdə iştirakını kəskin şəkildə, mən deyərdim, 20 faizə qədər azaltmalıdır. Özəl biznesin bu sahələrə gəlişi mövcud korrupsiya və mənimsəmə hallarının aradan qalxmasına gətirib çıxaracaq”.

Ekspert hava nəqliyyatında daşıma fəaliyyəti ilə onun təşkili fəaliyyətinin bir-birindən ayrılmasını məqsədəuyğun hesab edir: “Qazaxıstan və Gürcüstanda olduğu kimi, hava limanları dövlətin mülkiyyətində qalması şərtilə, özəl şirkətlərə idarəetməyə verilməsi bu sahədəki problemlərin aradan qaldırılmasına gətirib çıxarar. Özəl şirkətlər hava limanlarının gəlirlə işləməsi, daha çox havayolu şirkətinin limandan istifadəyə cəlb olunması üçün əllərindən gələni edəcəklər, bu isə həm hava nəqliyyatında sağlam rəqabət mühitinin yaranmasına, həm qiymətlərin ucuzlaşmasına, həm də xidmətin keyfiyyətinin artmasına səbəb olacaq. Bu, həm də Azərbaycana xarici turistlərin axınını artıracaq. Qarabağın işğaldan azad olunması Azərbaycan üçün ciddi çağırışlar formalaşdırıb. Bu çağırışlardan biri də Qarabağda turizmin inkişafına nail olunmasıdır. Hansı ki, hava nəqliyyatındakı mövcud qiymətlər şəraitində buna nail olmaq çətindir. Bu gün Azərbaycana gələn 100 turistdən 40-ı hava nəqliyyatından istifadə edir. Bu sahədə normal qiymət rəqabəti yaradılarsa, hava nəqliyyatından istifadə edənlərin də sayı artar, ölkəyə gələnlərin də”.

Nəhayət, ekspertin fikrincə, bir sıra gərəkli olmayan strukturların SOCAR-ın tabeliyindən alınmasına ehtiyac var: “Belə strukturlar adətən, korrupsiya risklərini artırır. Buna görə də onların şirkətdən alınmasına və SOCAR-ın idarəçiliyinin ciddi şəkildə təkmilləşdirilməsinə ehtiyac var”. Musavat.com

Həmçinin oxuyun

Mərkəzi Bankdan dollarla bağlı yeni AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankın martın 3-dən etibarən …