Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / Avropada qaz qızıl qiymətinə – Bakı nə qazanacaq?

Avropada qaz qızıl qiymətinə – Bakı nə qazanacaq?

Avropada təbii qazın qiyməti rekord səviyyəyə çatıb. Niderlandın TTF  birjasında qazın oktyabr fyuçerslərinin qiyməti dünən günorta günün əvvəli ilə müqayisədə 11 faiz bahalaşmaqla 1031,3 dollara çatıb. Bahalaşmanın əsas səbəbi, əlbəttə, payız-qış mövsümü ərəfəsində Avropanın qaz anbarlarının əvvəlki illərlə müqayisədə az doldurulmasıdır. Sentyabrın 25-də anbarlarda 77 milyard kubmetr qaz olub və bu həcmin mövsüm başlanana qədər 82 milyard kubmetrə çatacağı gözlənilir. Halbuki keçən il bu göstərici 95 milyard kubmetr təşkil edib.

Avropa Qaz İnfrastrukturu Assosiasiyasının məlumatlarına görə, Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada qaz anbarları təxminən 72 faiz doludur. Məlumata görə, bir il əvvəl (2020-ci ilin payızında) anbarların həcmi 94 faiz dolu idi. Onillik ortalama məlumatlara görə, bir qayda olaraq sentyabrın sonunda qaz anbarları 85 faiz dolu olub. Agentlik qeyd edir ki, Avropada qış mövsümü oktyabrın 1-dən başlayacaq, o zaman həm qaza olan tələbat, həm də qiymətlər daha da artacaq.

Avropa keçən ilin sərt qışı, bu ilin qızmar yayında anbarlardan daha çox qaz istifadə etməyə məcbur olub. Qitənin əsas təchizatçısı olan Rusiya özünün əsas layihəsi, həm də Ukraynanı cəzalandırmaq vaistəsi olan “Şimal Axını-2″ kəmərini Avropa Birliyinin yeni qaz direktivlərindən yayındırmaq üçün Avropaya ehtiyac həddində qaz verməkdən imtina edir. İlkin mərhələdə niyyətini gizlətməyən Moskva son günlər ”Qazprom”un Avropaya anbarları dolduracaq həcmdə qaz verməyə imkanının olmadığını iddia edir. Halbuki şirkət qazı Avropa ölkələrinə satmaq üçün elektron birjaya çıxarmaq əvəzinə özünün Almaniya və Bolqarıstan ərazisindəki anbarlarına doldurmaqla məşğuldur.

Təbii qaz bazarında qiymətlər rekord həddə çatıb | Report.az

Bu arada ABŞ Avropa İttifaqını (Aİ) qaz bazarında manipulyasiyalar axtarmağa və onlara müqavimət göstərməyə çağırıb. ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib ki, Avropanın qaz təchizatını diversifikasiya etmək üçün qəti addımlar atılmalıdır: “Avropadakı qaz qiyməti böhranı mövcud qaz təchizatı yollarının etibarlılığı ilə bağlı ciddi suallar doğurur. ABŞ və Avropa İttifaqı əlavə qazanc əldə etmək üçün qaz tədarükü ilə manipulyasiya edən oyunçulara müqavimət göstərməyə hazır olmalıdır”.

Onun sözlərinə görə, Avropa enerji tədarükünün şaxələndirilməsi məsələsi ABŞ-ın iştirakı ilə uzunmüddətli perspektivdə fəal şəkildə həll edilməlidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkəsinin təbii qazdan silah kimi istifadə etməsi fikrini rədd edir: “Rusiya heç vaxt mavi yanacaqdan kimisə cəzalandırmaq üçün istifadə etməyib, etmir və etməyi planlaşdırmır. Rusiya mavi yanacaqdan öz xalqının, dövlətinin maraqları, rusiyalıların maddi inkişafını təmin etmək məqsədilə sırf kommersiya əsasları üzərində istifadə edir”.

Əsas Avropa dövlətləri Rusiyanın qaz şantajına boyun əymədikləri halda bəzi dövlətlər Moskva ilə birbaşa danışıqlara gedirlər. Belə ölkələrdən biri Macarıstandır: dünən məlum olub ki, bu ölkə “Qazprom”la illik 4,5 milyard kubmetr qaz alqı-satqısına dair 15 illik müqavilə imzalayıb. Və bu qaz əvvəlki xətlə – Ukraynadan keçən kəmərlə deyil, 3,5 milyard kubmetri Serbiya, 1 milyard kubmetri isə Avstriya üzərindən nəql olunacaq.  Ukrayna qaz nəqli qurumunun rəhbərliyi Budapeştin bu addımını ümumavropa prinsiplərinə xəyanət, Ukraynaya qarşı hörmətsizlik kimi qiymətləndirib, məsələni Avropa Birliyi üst qurumunda qaldıracaqlarını bəyan edib.

“Qazprom” isə Avropadakı kəskin tələbə rəğmən Ukraynadan keçən kəmərlə oktyabr ayı ərzində qaz nəql etməyəcəyini açıqlayıb.

Şərqi Avropanın digər dövləti olan Polşa isə 2022-ci ildən Rusiyadan qaz almayacağını rəsmən təsdiqləyib. Ölkə Norveçdən boru, ABŞ-dan isə maye qaz almaqla öz tələbatını tam təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, Avropanın qaz təchizatında Azərbaycan kiçik də olsa paya sahibdir. “Şahdəniz” yatağından hasil olunan qazın Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılmasına 2020-ci ilin dekabrından başlanıb. Sentyabrın əvvəlinədək dəhlizlə Avropaya 5 milyard kubmetr qaz nəql olunub, ilin sonuna qədər bu həcmin 7.5 milyard kubmetrə çatacağı gözlənilir.

TANAP-la Türkiyə-Yunanıstan sərhədinə çatdırılan qazı oradan TAP qəbul edərək digər ölkələrə daşıyır.

Azərbaycandan qaz almaq istəyən ölkələrdən biri də Macarıstandır. Bu ölkə öz qaz nəqli şəbəkəsini Serbiyanın şəbəkəsi ilə birləşdirib. Bu isə Macarıstanın TAP-dan qaz almasına da şərait yaradır. TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərlə ildə 10 milyard kubmetr qazın nəqli mümkündür, bunun iki dəfə artırılması imkanları da var. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır. Bu xətt tikilməkdə olan interkonnektorlar vasitəsilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü təmin edəcək. Belə ki, qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) konsorsiumu (ICGB) və TAP konsorsiumu (TAP AG) arasında müvafiq müqavilə imzalanıb. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2″ yatağından bu miqdarda qaz almaq üçün ”Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

IGB-nin ümumi uzunluğu 182 kilometrdir, onun 151 kilometri Bolqarıstan ərazisindən, 31 kilometri isə Yunanıstandan keçir. Kəmərin illik ötürücülük  gücü 3 milyard kubmetr həcmində nəzərdə tutulur, ancaq tələb olduğu halda illik həcm 5 milyard kubmetrə qədər artırıla bilər. Boru xətti Komotinidən (Şimal-Şərqi Yunanıstan) Kürdcali, Haskovo və Dimitrovqraddan Stara Zagoraya (Cənub-Şərqi Bolqarıstan) keçir.  Layihənin ümumi dəyəri 240 milyon avroya bərabərdir.

Azərbaycan qazının bu interkonnektor vasitəsilə 2022-ci ilin iyulunadək Rumıniyaya da çatdırılması nəzərdə tutulur.

Azərbaycan təbii qazının Rumıniyaya BRUA kəməri ilə nəql edilməsi gözlənilir.  Rumıniya-Bolqarıstan interkonnektoru, eləcə də BRUA layihəsi Xəzər və Aralıq dənizlərindən, Yaxın Şərq və ya Mərkəzi Asiyadan təbii qaz mənbələrinin Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin edəcək.

BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. “Transqaz” şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.

Aydın məsələdir ki, Avropada qazın bahalaşması qaz ixracatçısı olan Azərbaycanın maraqlarına tam cavab verən prosesdir. Nəzərə alsaq ki, ümumi dəyəri 38 milyard dollara yaxın olan Cənub Qaz Dəhlizinin mühüm bir hissəsini Azərbaycan özü maliyyələşdirib, onda qazın qiymətinin qalxmasının layihənin özünü doğrultması üçün nə qədər əhəmiyyətli olduğunu görmək olar.

Azərbaycanın neft gəlirlərində artım var” – Vüqar Bayramov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Vüqar Bayramov: “Cənub Qaz Dəhlizindən əldə olunan gəlirlər artacaq”

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, bu il Azərbaycan Avropa ilə yanaşı Türkiyəyə də qaz nəql edəcək: “Türkiyəyə 8 milyard kubmetr, Gürcüstana isə 1 milyard kubmetr qazın çatdırılması gözlənilir. Avropaya gedən həcmləri də nəzərə aldıqda, Azərbaycanın qaz ixracını artırdığını görünür. Cənub Qaz Dəhlizi ilə qaz ixracından 100 milyard dollar gəlir əldə olunması proqnozlaşdırılırdı. Qazın qiymətinin artması dəhlizə çəkilən xərclərin daha tez qarşılanmasına, dövlətin gəlirinin artmasına, həmçinin enerji ixracının şaxələnməsinə gətirib çıxaracaq. Bu isə Azərbaycanın dövlət gəlirlərinin daha sürətlə artmasına səbəb olmaqla ölkədə aparılan bərpa işlərinin sürətlədirilməsinə imkan verəcək”.

Bu arada, Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısına dair yeni müqavilə imzalanıb. Türkiyə mətbuatının yazdığı bu məlumatı SOCAR İctimaiyyətlə əlaqələr idarəsindən “Yeni Müsavat”a təsdiqləsələr də, müqavilənin şərtləri barədə açıqlama verilmədi.

İndi ən böyük narazı kütlə məmurlardır" - İlham Şaban

İlham Şaban: “Türkiyə ilə imzalanan qaz müqaviləsi”…

Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısına dair ilk müqavilə 2001-ci ildə imzalanıb: “Azərbaycanda qazla bağlı müqavilələr yarımqapalı saxlanılır. Baxın, ”Qazprom” Macarıstanla müqavilə imzaladı, elə həmin gün şirkətin saytında müqavilənin kommersiya sirri sayılmayan bütün şərtləri açıqlandı. Azərbaycanda isə çox təəssüf ki, bunun heç yarısı qədər şəffaflıq yoxdur. O zaman da müqavilə şərtləri uzun müddət açıqlanmadı, sonradan məlum oldu ki, 20 illiyə bağlanıb, illik minimum 6,3 milyard kubmetr qaz alınmalıdır, minimum qiymət 70, maksimum qiymət isə 120 dollar olacaq. Azərbaycan qazı Türkiyə bazarına çatanda – 2007-ci ildə qazın qiyməti 300 dollar idi. Sonradan müqaviləyə qazın qiyməti ilə bağlı dəyişiklik olundu. Hətta arada Türkiyə müqavilə öhdəliyinə əməl edib nəzərdə tutulan qədər qaz götürmədiyinə görə Azərbaycana 1 milyard dollar təzminat da ödəməli oldu. Bu ilin aprelində BOTAŞ məlumat yaydı ki, Azərbaycanla müqavilənin müddəti bitdiyinə görə Türkiyə bizdən qaz almağı dayandırır. Axı Azərbaycan qazı Türkiyə bazarına 2007-ci ildə çatıb, müqavilə niyə apreldə başa çatdı? Təəssüf ki, bu kimi suallara heç kim aydınlıq gətirmir Halbuki qaz Azərbaycanda hasil olunur, qaz satış şirkətinin operatoru SOCAR-dır və sair. İndi də imzalanan müqavilə barədə heç bir məlumat açıqlanmır. Yəqin ki, sonradan xarici mənbələr açıqlayar, biz də tanış olarıq”.

Həmçinin oxuyun

Bahalaşmanın əsas səbəbləri nələrdir? – VİDEO

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Ekspertlər qeyd edirlər ki, bunun …