Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Avropada kommunal xərclər nə qədərdir? – Siyahı

Avropada kommunal xərclər nə qədərdir? – Siyahı

Avropadakı azərbaycanlılar faktlarla danışır; “Burda aylıq məvacib ən aşağısı 2 min dolların üstündədir, kommunal xidmətlərə 150-200 dollar ödəyirəm”

Hazırda kommunal xərclər Azərbaycan əhalisinin ən çox müzakirə etdiyi, şikayətləndiyi mövzudur. İnsanlar qaz xərcinin artmasından dolayı son günlər olduqca gərgin günlər keçirirlər. Hökumətin bəzi məmurları isə cəmiyyəti bu artımın normal olduğuna inandırmaq üçün daha çox xarici ölkələrdən nümunə gətirirlər. “Avropada insanlar kommunal xidmətlər üçün daha çox pul ödəyir”. Yəqin ki, bu arqumenti tez-tez eşidirsiz.

“Yeni Müsavat” Avropada yaşayan bəzi azərbaycanlılardan bu məsələni detalları ilə öyrənib. Kommunal xərclər üçün nə qədər pul ödəyirsiz? Təxmin edildiyi kimi, maksimum həddədirmi?

İsveçdə yaşayan Rahib Kazımlı bildirdi ki, onlar ümumiyyətlə qazdan istifadə etmirlər: “Düzü, İsveçdə yaşadığım bu 12 ildə bir dəfə də olsun hardasa təbii qaz yandığını görməmişəm. Burda mənzillərdə elektriklə işləyən xüsusi sobalar qoyulub və yeməklər onda bişirilir. Yaşadığım mənzil 4 otaqdan ibarətdir və sahəsi 98,5 kvadrat metrdir. Aylıq elektrik xərcim 30-50 avro arasında dəyişir, yayda qışa nisbətən az ödəyirik. Yeri gəlmişkən, hələ indinin özündə də elektrik sayğacının harada yerləşdiyini bilmirəm və onun üzünü görməmişəm, sadəcə, hər 2 aydan bir faktura alır və hesabı internetlə ödəyirəm. İstilik, su və digər xidmətlər kommunal xərcə daxildir, yəni ayrıca ödəniş etmirəm, suyun sayğacı yoxdur, isti və soyuq suyu nə qədər istəsəm işlədə bilərəm, amma təbii ki, bu məsələdə israfçılıq da etmirik”.

R.Kazımlı bildirdi ki, mənzillərdə istilik 20-25 dərəcə arasında olur və bu, tamamilə avtomatlaşdırılıb. Yəni əgər hətta avqust ayında belə bayırda havanın temperaturu 15 dərəcədən aşağı düşərsə, xüsusi ötürücüdən verilən siqnal istilik sistemini işə salır: “Nəzərə alın ki, ümumi mənzilə görə ödədiyim məbləğ kifayət qədər böyükdür və bu səbəbdən də ilk baxışda xərclərim az görünsə də əslində elə deyil”.

İsvceçrədə yaşayan mühacir Hacı Hacılı bildirdi ki, bu məsələ kirayə müqaviləsində öz əksini tapır: “2500 kw/Saat ücün 22-23 sent, 4500 kw/Saat ücün 18-19 cent, 7500 kw/s ücün 17 sent ödəyirəm. Bunlar hər kilovat üçün müəyyənləşdirilmiş qiymətlərdir. Kobud dildə desək, hər 3 ayda 150-200 dollar pul ödəyirəm mən. Amma məndə səhərdən axşamacan elektrik qoşulu olur. Elə ailələr var ki, üç aya heç 30-40 dollar ödəmir”.
Norveçdə yaşayan Natiq Ələsgərov bildirdi ki, ödəyəcəyin məbləğ təbii ki, sərfiyyatın həcmi ilə bağlıdır və bunu sayğac müəyyənləşdirir: “Mən işıq üçün evdə ay yarıma, iki aya 300 kron ödəyirəm. Bu da təxminən 34 dollar edir. Qaz işlətmirik. Evlərdə isitmə sistemidir. Bəziləri su ilədir, bəziləri işıqla. Su pulu ödədiyimi xatırlamıram. Bir şirkətlə müqavilə bağlamışıq. Onlar bizə bir çox kommunal xidmətləri göstərirlər. Məsələn, aşağıda paltaryuyan maşınlar qoyurlar və əhali ondan istifadə edir. Bundan başqa, yerləri təmizləyirlər. Kabel qoyublar, televiziya üçün. Aya 1600 kron ödəyirəm bu xidmətlər üçün. Buranın pulu ilə götürəndə qəpik-quruşdir. 3000 kron – 350 dollardır. Burda aylıq məvacib ən aşağısı 2 min dolların üstündədir”.

Bu ölkədə işsizlər daha çox şanslıdır. Onlara televizor, internet, işıq pulunu hökumət verir: “Bundan başqa, 3 otaqlı ev veriblər, bütün ehtiyaclarını dövlət qarşılayır. Əlavə 1000 avro da pul verirlər aylıq. İşsiz bu müddətdə dil öyrənməyə gedir. Ona aid olan hər şeyin xərcini dövlət qarşılayır. Yemək pulu isə aylıq 500-600 dollar civarındadır. Müddət limiti yoxdur. Nə qədər işsiz qalsan, o qədər müddət həmin yardımı alacaqsan. Səni o müddət ərzində işlə təmin etməyə çalışırlar, dil öyrənməyin üçün təşviq edirlər. Məqsəd odur ki, həmin iş yerində özünə təcrübə qazanasan. Mən bu dəqiqə işdən çıxsam, aldığım maaşın 66 faizini 2 il boyunca mənə ödəyəcəklər. O müddət ərzində də deyirlər ki, gəl sosial idarəyə, filan iş var. Bir-iki ay kursa göndərirlər, başqa sahəni öyrənməyin üçün şans verirlər. Burda insan düşünmür ki, çörək pulu olacaq, ya yox. Onların qayğıları daha çox həyat yoldaşı ilə aralarındakı sevginin azalması və sair kimi mövzular barədədir (gülür)”.

Fransada yaşayan Könül Qasımova isə bildirdi ki, aylıq kommunal xərcləri 400 avro civarındadır. Onun sözlərinə görə, bura sahəsi 100 m2 olan mənzilin isidilməsi, su, lift, binanin təmizlik işləri, zibil, binanin qarşısındakı parkın ağaclarına qulluq da daxildir: “Bizim məhəllədə qiymətlər bir qədər yuxarıdır. Çünki binalar 70-ci illərdə tikilib. Təzə binalarda isə xərclər azdır – 200 avro. Aylıq elektrik xərcimiz isə 50 avro civarındadır”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın