Şənbə , Oktyabr 19 2019
Ana səhifə / İqtisadiyyat / Avropa Məhkəməsi “erməni soyqırımını” tanımayan Perinçeki dəstəklədi

Avropa Məhkəməsi “erməni soyqırımını” tanımayan Perinçeki dəstəklədi

Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bəyan edib ki, “erməni soyqırımını” tanıyan dövlətlər rəsmi mövqeni tənqid edən şəxslərə qarşı sanksiyalar tətbiq etməməlidirlər.
AİHM “Perinçek İsveçrəyə qarşı” iş üzrə hökmünü elan edərkən İsveçrə tərəfindən türkiyəli siyasətçi Doğu Perinçekin söz azadlığı hüququnun pozulduğunu bildirib.
17 hakimdən ibarət Strasburq Məhkəməsinin Böyük Palatasının bu qərarı ilə “Perinçek İsveçrəyə qarşı” işi üzrə 2007-ci ildən bəri davam edən hüquqi hökm və vəsatətlər silsiləsinə son qoyulub.
Türk İşçi Partiyasının sədri Doğu Perinçek İsveçrədə “erməni soyqırımının inkar edilməsi” üçün cinayət məsuliyyətinə cəlb edilən ilk adamdır.
Doğu Perinçek 2005-ci ildə İsveçrədə keçirilən üç müxtəlif ictimai tədbir əsnasında “1915-1918-ci illər ərzində Osmanlı İmperiyasında 1,5 milyona qədər erməninin məhv edilməsi” ilə bağlı iddiaları rədd edib. O, həmin hadisələrin soyqırım olmadığını bəyan edərkən olayları “beynəlxalq uydurma” adlandırıb.
2007-ci ildə Lozanna Məhkəməsi 71 yaşlı türk siyasətçisinin cərimələnməsi barədə qərar çıxarıb. Lakin 2013-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi bildirib ki, Lozanna məhkəməsinin hökmü Perinçekin söz azadlığı hüququnu pozub.
AİHM Perinçekin Birinci Dünya müharibəsi illərində Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğını və deportasiyasını mübahisə etmədiyini, lakin həmin hadisələrin “soyqırım” kimi təsnif edilməsinə qarşı çıxış etdiyini qeyd edib.
Strasburq hakimləri qeyd ediblər ki, erməni soyqırımını tanıyan dövlətlər rəsmi mövqeyi tənqid edən şəxslərə qarşı sanksiyalar tətbiq etməməlidirlər.
Rəsmi Bern bununla razılaşmayıb və öz qanunvericiliyini müdafiə edərək, Strasburq Məhkəməsində vəsatət qaldırıb.
İsveçrə “erməni soyqırımının danılmasını” kriminallaşdıran ilk ölkədir. Daha sonra Slovakiya və Yunanıstan da öz cinayət məcəllələrində müvafiq dəyişiklik ediblər.

Həmçinin oxuyun

ARDNF Milandakı ofis binasını satdı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi …

Bir cavab yazın