Çərşənbə , Fevral 1 2023
Ana səhifə / İqtisadiyyat / Avronun ucuzlaşması yenə Neft Fondunu “vurdu”

Avronun ucuzlaşması yenə Neft Fondunu “vurdu”

8,7 milyardlıq zərərin səbəbi nədir?

Azərbaycan Respublikası Dövlət Neft Fondu cari ilin üçüncü rübünü də ciddi zərərlə başa vurub. Fondun açıqladığı rüblük hesabatdan aydın olur ki, 9 ayda qurum aktivlərin idarəedilməsindən 2 milyard 659,5 milyon ABŞ dolları (4 milyard 521 milyon manat) zərər edib. Bu, fondun aktivlərinin 5,7 faizi həcmində zərər deməkdir. Valyuta məzənnələrindəki dəyişikliklər üzündən fondun büdcədənkənar xərcləri isə 2 milyard 461,8 milyon ABŞ dolları təşkil edib. Nəticədə 9 ayda fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis reallaşdırılmamış zərəri ümumilikdə 5 milyar 121,3 milyon ABŞ dolları (8 milyard 706,2 milyon manat) olub.

Xatırladaq ki, Dövlət Neft Fondu  2021-ci ili investisiya portfelinin idarəedilməsindən 4,49 faiz gəlirlə başa vurmuşdu.

Hesablama Palatasının Neft Fondunun 2023-cü il büdcəsinə verdiyi rəydən aydın olur ki, 2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər ilkin olaraq 1,7 faiz və ya 1 milyard 216,8 milyon manat proqnozlaşdırılıbmış: “Lakin sonradan bazarda baş verən proseslər və bundan irəli gələn qeyri-müəyyənliklər nəzərə alınaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 0 faiz olaraq müəyyənləşdirilib, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 4 milyard 521 milyon manat məbləğində və ya 5,66 faiz həcmində zərər yarandığı bildiriib”.

Fondun hesabat tarixinə büdcədənkənar xərcləri 2 milyard 461,8 miylon ABŞ dolları, o cümlədən qızıl üzrə 447,8 miylon ABŞ dolları, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 2 milyard 14  milyon ABŞ dolları təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə mənfi gəlirlilikdə əsas pay avro (1 milyard 242,5 milyon ABŞ dolları), funt – sterlinq (418,7 milyon ABŞ dolları) və yapon yeni (118,7 milyon ABŞ dolları) portfelləri üzrə olub.

Rəydə qeyd edilib ki, cari ildə qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geosiyasi gərginliyin dərinləşməsi fonunda maliyyə bazarlarının tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasəti, inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olub ki, bu da öz növbəsində fondun investisiya portfelində mənfi meyillər formalaşdırıb: “Aparıcı mərkəzi bankların hesabatlarında sərt monetar siyasətlərin ən azı cari ilin sonunadək davam edəcəyi bildirilir ki, bu da öz növbəsində gəlirlilik dərəcələrinin növbəti dövrlərdə daha da artması və istiqrazların dəyərinin düşməsi ehtimalını yaradır. Eyni zamanda davamlı sərt monetar siyasət iqtisadi zəifləməyə təkan verməklə maliyyə bazarlarında qeyri-müəyyənlikləri və aşağı kredit riski ilə səciyyələnən dövlət istiqrazlarına (yüksək dürasiyalı) tələbatı artırır. Belə ki, 2023-cü il ərzində sabit gəlirli qiymətli kağızların gəlirliliyinə əsas təsir edəcək amilin mərkəzi bankların siyasətinin inflyasiyanın qarşısını alınması ilə yanaşı iqtisadi dayanıqlığın saxlanılmasında nə qədər müvəffəqiyyətli olacağından asılı olduğunu bildiririk.

Makroiqtisadi mühitdə qlobal səhmlərin ilin əvvəlindən başlayaraq neqativ gəlirlilik göstərməsi, eləcə də artan enerji və ərzaq qiymətləri, Avropa Mərkəzi Bankının kəmiyyət yumşalmasını sona çatdırması və faiz dərəcələrini artırma planının yaratdığı böhran riski nəticə etibarı ilə cari ilin sonuncu rübünün itki ilə başa vurulacağını, növbəti dövrlər üçün də artan faiz dərəcələrinin korporativ sektorun gəlirlilik və borclanma üzərində neqativ təzyiqləri artıracağını və beləliklə səhm indekslərində neqativ tendensiyaların davam edəcəyini istisna etmir”.

2023-cü ildə fondun vəsaitlərinin idarə olunmasından 935,8 milyon ABŞ dolları və ya 1 milyard 590,9 milyon manat gəlir əldə olunması proqnozlaşdırılır. Bu, manat ifadəsi ilə 2021- ci ilin müvafiq icra göstəricisindən 1 milyard 696,5 milyon manat və ya 51,6 faiz azdır. Gələn il Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisinin 65 faiz, avroda 20 faiz, ingilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır. 2022-ci il üzrə Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulan xərclərin gözlənilən icrasını nəzərə almaqla, habelə büdcədənkənar gəlir və xərclərin dəyişkənliyini və neftin qiymətinin dəyişməsinin ilin sonuna fondun aktivlərinə təsirini nəzərə alaraq fondun aktivlərinin həcminin bu ilin yekununda 46,8 milyard ABŞ dolları olacağı nəzərdə tutulur.

Rəydə bildirilir ki, 2023-cü ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 3 milyard 865,5 milyon ABŞ dolları və ya 6 milyard 571,4 milyon manat olması proqnozlaşdırılır ki, bu da 2021-ci il faktiki icra göstəricisindən 5 milyard 323,2 milyon manat və ya 44,8 faiz, 2022-ci il proqnoz göstəricisindən 8 milyard 422,0 milyon manat və ya 56,2 faiz, 2022-ci il gözlənilən icra göstəricisindən isə 12 milyard 614,4 milyon manat və ya 65,7 faiz azdır. Lakin nəzərə alsaq ki, fondun büdcə gəlirləri neftin orta qiymətinin 50 dollar olması əsasında hesablanıb və bu, beynəlxalq analitik mərkəzlərin proqnozlaşdırdığı qiymətdən 40 dollardan çox aşağıdır,  o zaman gələn il fondun gəlirlərinin nəzərdə tutulandan xeyli çox olacağını gözləyə bilərik.

Qeyd edək ki, Neft Fondunun ciddi zərərlə üzləşməsini ekspertlər fərqli qiymətləndirirlər. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, 8,7 milyard manatlıq zərərin yaranmasında fondun aktivlərinin idarəçiləri məsuliyyət daşıyırlar: “Əgər bütün yatırım portfelləri üzrə ziyan varsa, fondun idarəçiləri buna görə məsuliyyət daşıyırlar, deməli, istefa verməli, fondun idarəçiliyi, investisiya siyasəti, məsləhətçiləri dəyişdirilməlidir. Çünki onların alınan qərarlara görə öz günah payları var. Hesabatdan belə anlamaq olar ki, söhbət “nəğd” avro hesablarda olan məzənnə itkisindən gedir. Belə ki, ən böyük ziyan avro məzənnəsinin ucuzlaşmasından gəlib”.

kobim.az

Emil Fətullayev

Maliyyə bazarları üzrə mütəxəssis Emil Fətullayev hesab edir ki, ARDNF-nin üzləşdiyi vəziyyət digər belə fondlar üçün də xarakterikdir: “Kapital bazarlarının hazırkı böhran vəziyyətində bu investisiya performansı dünyada qəbul olunmuş, aktiv şəkildə idarə olunmayan investisiya “benchmark”larının performasından bir o qədər də fərqlənmir. Müqayisə üçün deyim ki, məsələn, S&P500 17 faiz, Nasdaq 29 faiz zərər edib. Bunun aktiv idarəetmə ilə heç bir əlaqəsi yoxdur, tamamilə kapital bazarlarındakı dalğalanmanın nəticəsidir. Oxşar performansı il ərzində dünyadakı ən böyük və ən yaxşı aktiv idarəedicisi kimi qəbul olunan Norveçin suveren fondu da göstərib”. Məlumat üçün bildirək ki, hazırda aktivlərinin həcmi 1,3 trilyon dollar təşkil edən Norveç Pensiya Fondu 2022-ci ilin birinci yarısını öz tarixində ən böyük – 174 milyard dollarlıq itki ilə başa vurub. Bu, fondun ümumi aktivlərrinin 14,4 faizi deməkdir. Ötən ili fond 14,5 faiz gəlirlə başa vurmuşdu. Cari ildə fondun səhmlərə investisiyalardan zərəri 17 faiz, fiksə edilmiş alətlər investisiyalardan zərəri 9,3 faiz, bərpaolunan enerji layihələrinə investisiyalardan zərəri isə 13.3 faiz təşkil edib.

Norveç Neft Fondu yalnız enerji şirkətlərinə investisiyalarından 13 faiz, daşınmaz əmlaka investisiyalardan isə 7,1 faiz gəlir əldə edə bilib. Bundan əlavə, birinci yarımildə valyuta məzənnələrindəki fərqdən fond 66,31 milyard dollar gəlir əldə edib. Fond üçüncü rübü də zərərlə başa vurub. İyul-sentyabrda zərərin həcmi 43,63 milyard dollar olub.

E.Fətullayev bildirir ki, ARDNF-nin zərəri kağız üzərindədir: “Burada söhbət “reallaşdırılmamış – unrealized” zərərdən gedir, yəni bu zərər yalnız kağız üzərində olan nəzəri zərərdir. Valyuta (məsələn, avro) ilə bağlı giriş-çıxış qərarları qeyri-likvid aktivlərdə (daşınmaz əmlak, private equity) qısamüddətli yox, uzunmüddətli qərarlardır və bu cür aktivlər aydındır ki, asanlıqla alınıb-satılmır, onların realizasiyası zaman alır – nəzərə alsaq ki, fondun avro ilə həm birbaşa, həm də “fund-of-fund” tipli kifayət qədər iri qeyri-likvid aktivləri var. Mümkündür ki, aktivin öz performansı/perspektiv gəlirliyi (uzunmüddətli performansdan söhbət gedir), məzənnə itkilərindən daha yüksək olsun – yenə də nəzərə alsaq ki, məzənnə zərərləri realizə olunmamış zərərlərdir”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

Bu mövsümdə Nərə balığının qiyməti iki dəfə bahalaşıb.Neftçala rayonundan Qaynarinfo-ya verilən məlumata görə, hazırda dünyada …