Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / İqtisadiyyat / AŞ PA ilə Minsk Qrupu üz-üzə qalıb

AŞ PA ilə Minsk Qrupu üz-üzə qalıb

Rəsmi Bakıdan, ekspertlərdən və siyasi qurumlardan həmsədrlərə etirazlar gəldi; Milli Məclis üzvləri də diplomatları ermənipərəstlikdə suçladı; Azərbaycan Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəkmi?
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son davranışları ciddi etirazlar doğurmaqdadır. Diplomatların Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qətnamə layihələrini müzakirəyə çıxarmağa hazırlaşmasına təpki verməsi birmənalı şəkildə pislənməkdədir. Əksər mövqe bundan ibarətdir ki, belə münasibətdən sonra həmsədrlərdən Qarabağ məsələsində ədalətli mövqe gözləməyə dəyməz.

Xatırladaq ki, yanvarın 25-də öz işinə başlayan AŞ PA sessiyasında “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın artması”, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” (məruzəçi deputat Militsa Markoviçdir) və azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi qətnamə layihələrinin müzakirələrdən sonra qəbulu gözlənilir. Erməniləri çox ciddi narahat edən AŞ PA gündəliyinə həmsədrlərdən də etiraz gəlməsi isə Minsk Qrupunun tam ermənipərəst mövqedən çıxış etməsinin təsdiqidir.

ATƏT-in Minsk Qrupu isə AŞ PA-nı danışıqlar prosesinə ziyan vura biləcək əməllərdən çəkinməyə çağırıb. Bir müddət əvvəl qrup AŞ PA-nı Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə müdaxilə etməməyə çağırmışdı.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, ATƏT Minsk Qrupunun belə mövqeyi yeni hadisə deyil: “Vaxtilə BMT-də Qarabağ müzakirələrini bloklamaq və Azərbaycanın təşəbbüslərini neytrallaşdırmaq üçün də oxşar bəyanatlar verilmişdi. İrəvandan alınan təpkilər fonunda Minsk üçlüyü yenə də ölkəmizə təzyiq yolunu seçərək danışıqlar prosesini digər müstəvilərə daşımağın yolverilməzliyi xəbərdarlığını Bakıya çatdırmışdı. Ermənilərin aşkar şantaja əl ataraq danışıqlardan çıxmaq hədəsi də qeyd etdiyimiz oyunun tərkib hissəsiydi. Guya tərəflər Sərkisyanı dilə tutaraq dialoq mühitini pozmamaq üçün onları razı saldılar və Azərbaycan üzərinə alternativ yollar axtarmamaq öhdəliyini qoydular.

Araz Əzimovun ATƏT rəhbərliyinə göndəridiyi məktubu indi də yaxşı xatırlayıram. Ölkəmizin xarici işlər idarəsi Minsk formatından, əslində beynəlxalq tələdən çıxmağın hüquqi yollarını tapmağa çalışırdı və bundan ötrü hər vasitəyə əl atmağa hazır idi. Açığı, o dövrdə Rusiya və Amerika arasında konfrontasiya indiki səviyyədə olmadığından, hər üç dövlətin rəhbərliyi bizi yerimizdə oturtmaq üçün birgə hərəkət etdilər”.

Z.Oruc qeyd etdi ki, hazırkı şəraitdə ermənilər bizimlə Avropa Şurası müstəvisində bərabər rəqabət apa bilmir: “Onların arqumentləri zəif, nümayəndə heyətləri gücsüzdür.Üstəlik, bu qurumda Qarabağla bağlı artıq xeyli parlamentari yaxşı bilgiyə malikdir və siyasi tərəfdaşlarımız həddindən artıq çoxdur. ATƏT isə gizli vasitələrlə və məxfi xidmət orqanları ilə oradakı işimizi sabotaj etmək üçün nə qədər daxili problemləri irəliyə atırsa, Azərbaycan strateji hədəfindən geri çəkilmir. Orada qəbul olunan qərarlar bizim mövqeyimizi möhkəmlədir və Sərkisyan rejimi əleyhinə yaxşı hücum silahına çevrilir.

İndilikdə söhbət təkcə danışıqları inhisarçı mövqeyində saxlamaqdan deyil, hərbi vasitələrə və öz yoluna üstünlük verən bir tərəflə hansı formada danışmaq istəməkdən gedir. Bizim yeganə yolumuz əsgərimizi və diplomatlarımızı vahid bir ssenari, məram üzərində hərəkət etdirib, erməniləri cəzalandırmağa davam etdirməkdir. Minsk Qrupunun erməniləri müdafiə etməyi özünə son ifşa yolu olaraq seçməkdə davam etməsinə baxmaq lazım deyil. İrəvan etiraz edirsə, demək, biz düz yoldayıq”.

***

Politoloq Arzu Nağıyev bildirdi ki, Sərsəng su anbarı işğal olunmuş ərazidədir və ermənilər təmas xəttində yerləşən kəndlərə bu vasitə ilə də təsir edirlər. Ona görə də ekspert hesab edir ki, bu problemin aradan qaldırılacağı inandırıcı görünmür: “Yəni məsələ qalxan kimi artıq işğal məsələsi gündəmə gəlir, bu isə ərazi bütövlüyü deməkdir. Erməniləri də qıcıqlandıran məsələ məhz budur. Çünki Madrid prinsiplərində də əsas məqam bundan ibarətdir. Təbii ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu bəhanə gətirirlər. Yəni birdən ermənilərə xoş gəlməz və atəşkəs pozular. Onsuz da hər gün pozulur, tərəflər itkilər verir”. A.Nağıyev qeyd etdi ki, ATƏT-in Minsk Qpupunun həmsədrləri öz mənafelərini daha üstün tutmaqla təmsil etdikləri dövlətlərin mövqelərini ortaya qoyurlar və çalışırlar ki, AŞ PA bunlarla qəbul ediləcək qərarları razılaşdırsın: “Yenə də nüfuz məsələsi gündəmə gəlir. Məlumdur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən illər ərzində ancaq deklorativ bəyanatlar verməklə kifayətləndilər və münaqişənin həllində mühüm addımlar atılmadı, hətta əksinə, vəziyyət daha da gərginləşdi. Əlbəttə, buna regionda baş verən amillər də təsir göstərdi. Bundan da ermənilər öz xeyrinə istifadə etdilər və status-kvonun saxlanmasına, öz siyasi ambisiyalarına uyğun olaraq beynəlxalq hüquq normalarına hörmətsizliklə yanaşaraq addımlar atdılar. Buna da beynəlxalq qurumlar susqunluq nümayiş etdirdi. Çox təəssüf ki, BMT hətta bu məsələdə də seyrçi mövqe tutur. Çünki tək qətnamə qəbul etməklə, deklorativ bəyanatlarla münaqişə həll edilmir, bu, qeyd etdiyiniz kimi, beynəlxalq qurumların nüfuzuna xələl gətirir. Bunun da öz səbəbləri var”.

Politoloq bildirdi ki, regionda nüfuz savaşı və eyni zamanda bölgü uğrunda mübarizə başlayıb: “Burada hərənin öz maraqları var. ABŞ hər addımında Rusiyanı nüfuzdan salmağa çalışır. Rusiya da öz maraqları naminə müəyyən addımlar atmağa çalışır və onu İranın sanksiyalarının götürülməsindən tutmuş, Səudiyyə Ərəbistanında baş verənlər, Türkiyəyə edilən köməklər və s. narahat edir və buna görə də regionla bağlı hansı addımlar atılacağında çox maraqlı və narahatdır . Bunu da bütün Avropa başa düşür və öz addımklarını ehtiyatla atırlar. Bundan da belə nəticə çıxır ki, sessiyada Ermənistanla bağlı konkret tələb xarakterli hər hansı qətnamənin qəbulu inandırıcı deyil”. A.Nağıyev qeyd etdi ki, zərərli mövqe sərgiləməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupundan imtina etmək də mümkün deyil: “Biz Avropya inteqrasiya etməkdə maraqlı bir dövlətik və öz müstəqil siyasətimiz var. Sadəcə, daha güclü və effektli rıçaqlara əl atmalı və bu istiqamətdə istər siyasi, istər də hərbi cəhətdən mühüm qərarlar qəbul etməliyik”.

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin üzvləri də həmsədrlərə sərt etirazını bildirib.

Millət vəkili Qənirə Paşayeva deyib ki, həmsədrlərin son bəyanatı 26 yanvarda müzakirəyə çıxarılacaq iki önəmli qətnamə layihəsinə əngəl olmaq məqsədi daşıyır: “Obyektiv olmaları gərəkən həmsədrlərin müzakirələrdən 3-4 gün öncə bu açıqlamanı verməsini Ermənistanın maraqlarının müdafiəsi kimi dəyərləndirirəm. Çünki Ermənistan nümayəndə heyətinin müzakirələrə və sənədlərin qəbul olunmasına qarşı səsləndirdiyi arqumentlərin bəziləri ilə həmsədrlərin arqumentləri üst-üstə düşür. Bir beynəlxalq təşkilatın digər bir beynəlxalq təşkilata və orada aparılacaq müzakirələrə qarşı hədə dili ilə danışması isə etikadan kənar bir addım kimi qiymətləndirilməlidir”.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri son bəyanatları ilə əslində özlərini axmaq yerinə qoyublar”. Bunu isə AŞ PA-dakı digər deputatımız Fazil Mustafa bildirib. “Artıq özlərini ermənilərin himayədarı kimi ifşa etmiş bu siyasi dələduzların Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə son qoymaq üçün rəsmi məqamlarımız ən sərt addımları atmaqdan çəkinməməlidirlər”, – deyə F.Mustafa bəyan edib.

“Həmsədrlərin vasitəçiliyindən imtina olunmalıdır”. BAXCP sədri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib. Q.Həsənquliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış münaqişənin həll olunmamasının və status-kvonun qorunub saxlanılmasının əsas səbəbkarlarının ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olduğunu bildirib: “Bu bəyanatla ATƏT-in Minsk Qrupu həmsədrləri beynəlxalq hüquqa tüpürməklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ermənipərəst mövqelərini bir daha ortaya qoydular və bundan sonra onların vasitəçilik missiyalarını davam etdirməyə mənəvi və hüquqi haqları qalmır”. BAXCP sədri hesab edir ki, Azərbaycan müti seyrçi mövqeyi tutmamalı, ATƏT-in və bu qurum tərəfindən formalaşdırılan Minsk Qrupunun fövqəladə toplantısının çağırılmasına nail olmalı, Rusiya, ABŞ və Fransa üçlüyünün vasitəçilik missiyasından imtina etməlidir. BAXCP sədri Azərbaycan hökumətini Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina edilməsi ilə bağlı təxirəsalınmaz addımlar atmağa və torpaqlarımızı azad etməyə çağırıb.

Rəsmi Bakı da həmsədrlərin 22 yanvar bəyanatına etirazını bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının müvafiq komitələrinin hazırladığı hesabatları və AŞ PA-nın qış sessiyasında qəbul edilməsi gözlənilən qətnamələrinə dair mövqeyi ilə bağlı Xarici İşlər Nazirliyinin münasibəti 10 noyabr 2015-ci il tarixli bəyanatda ifadə olunub: “22 yanvar 2016-cı il tarixli açıqlaması ilə ATƏT-in MQ-nin həmsədrlərinin münaqişənin həllinə töhfə vermək niyyətində olan digər beynəlxalq təşkilatın fəaliyyətinə və həmçinin, ciddi narahatlıq doğuran məsələ ilə əlaqədar beynəlxalq təsisata müraciət etmiş dövlətin suveren hüquqlarına müdaxiləsi MQ-nin həmsədrlərinin vasitəçilik səylərinin dürüstlüyünü, onlara olan inam və etimadı sual altına qoyur. ATƏT MQ-nin həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən verilən mandatı hələ də doğrultmayıb və 20 ildən artıq bir dövr ərzində münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb.

Belə ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı davam edir, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mümkün olmayib. Bunun da əsas səbəbi ATƏT MQ-nin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinə münasibətdə nümayiş etdirdiyi barışdırıcı mövqeyidir”.

Azərbaycan XİN daha sonra bəyan edib: “ATƏT MQ-nin həmsədrlərinin danışıqlar prosesinin inhisarçısı qismində çıxış etməyə heç bir əsası yoxdur. Mandatına uyğun olaraq, ATƏT MQ-nin həmsədrləri münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993), 884(1993) qətnamələrinin tələblərini, eləcə də digər beynəlxalq təsisatların sənədlərini nəzərə almalıdırlar. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyinə çıxarılacaq qətnamələrə münasibətdə Ermənistanın təşviş içərisində olması rəsmi Yerevanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir.

Bu hal bir daha sübut edir ki, Ermənistanın məqsədi ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etməsi imitasiyasının yaradılması ilə işğal və təcavüzə əsaslanan mövcud status-kvonun saxlanmasından ibarətdir. Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və regionda davamlı sülh və sabitliyin bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların xoşməramlı fəaliyyətini və töhfəsini təqdir edir. Azərbaycan bu istiqamətdə bütün müqabil beynəlxalq təşkilatlarda fəaliyyətini davam etdirəcək”.

Rəsmi Bakının bu mövqeyindən sonra həmsədrlərin Bakıya hansı arqumentlərlə, daha doğrusu, hansı üzlə səfər edəcəkləri sual doğurur. Görəsən, diplomatlar Azərbaycan ərazilərini işğaldan, dinc insanlarını girovluqdan azad etməyə, kəndlilərin su ilə təhdid olunmasına qarşı çıxan beynəlxalq təşkilata qarşı çıxmalarını nə ilə izah edəcəklər..?
Hər halda, 26 yanvarda AŞ PA-da keçiriləcək müzakirələrdə ədalətli mövqe sərgilənsə, bu, həm də ermənipərəst həmsədrlərə tutarlı cavab olacaq.

Həmçinin oxuyun

“Nazirlik onları kimliyindən asılı olmayaraq çəzalandırılmalıdır” – Ekspert

““Relax” İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta …

Bir cavab yazın