Cümə , Sentyabr 18 2020
Ana səhifə / İqtisadiyyat / “Aqrolizinq”in texnika və heyvan satışı hüququ ləğv olundu – FƏRMAN

“Aqrolizinq”in texnika və heyvan satışı hüququ ləğv olundu – FƏRMAN

Bu hüquq KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçib; nazirlik sözçüsü: “Fərman fermerlərə göstərilən aqrotexniki xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, həmin xidmətlərin fermerlər üçün daha da əlçatan olmasına gətirib çıxaracaq”

Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədi daşıyan fərmanla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Fərmana əsasən, “Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsə çevrilir.

AQROLİZİNQ

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçib.

Nazirlər Kabinetinə Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görmək, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmana görə, Kənd Təsərrüfatı Nazirliyi Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etməli, Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etməli və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Eyni zamanda, mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini, lizinq ödənişləri üzrə borcların yığılmasını və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Vüqar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi təyin ...

Vüqar Hüseynov

Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun “Yeni Müsavat”a bildirdiyinə görə, Prezidentin fərmanı fermerlərin kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının yaxşılaşdırılmasına, onlara göstərilən aqroxidmətlərin səmərəliliyinin artırılmasına və bu prosesdə sistemliliyin təmin olunmasına xidmət edir: “Bildiyiniz kimi, fərmana əsasən ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilib “Aqroservis” ASC olub. “Aqroservis” ASC bundan sonra fermerləri kənd təsərrüfatı texnikası, aqrokimyəvi maddələr, sertifikatlı toxum və ting, o cümlədən texnoloji avadanlıq, suvarma dəstləri və onların avadanlıqları ilə təminatını həyata keçirəcək kommersiya hüquqi şəxs olacaq. “Aqrolizinq” ASC-nin indiyə qədər həyata keçirdiyi əsas funksiyalardan biri kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı texnikası, damazlıq heyvanlar, texnoloji avadanlıq, suvarma dəstlərinin lizinq yolu ilə satışı idi. Fərmanla bu hüquq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçib. Hesab edirik ki, bu fərman fermerlərə göstərilən aqrotexniki xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, həmin xidmətlərin fermerlər üçün daha da əlçatan olmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, “Aqrolizinq” ASC 10 ildən yuxarı bir müddətdə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların xaricdən alınıb gətirilərək fermerlərə güzəştli satılmasını təkbaşına həyata keçirib. 2018-ci ilədək olan dövr ərzində bu qurumun fəaliyyətində dəfələrlə böyük korrupsiya, mənimsəmə, yeyinti halları aşkarlanıb. Bir neçə dəfə ASC-nin rəhbərliyi dəyişdirilib, rayon və regional şöbələrinin rəhbərləri həbs olunub. Bir çox hesablamalara görə, “Aqrolizinq” vasitəsilə mənimsənilən dövlət vəsaitlərini məbləği yüz milyonlarla manat təşkil edir. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdirilib və “Aqrolizinq”in fəaliyyətində ciddi şəffaflaşma prosesi başladılıb. Ötən ildən etibarən fermerlərə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı prosesində özəl şirkətlərin iştirakı təmin edilib.

V.Hüseynovun sözlərinə görə, Prezidentin son fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin aqrar texnika və damazlıq heyvanların fermerlərə satış prosesində iştirakı yalnız tənzimləyici qismində müəyyənləşib: “Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə fermerlərin kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanların güzəştli şərtlərlə satışının maliyyələşdirilməsində iştirak edəcək. Bu texnika və heyvanların gətirilərək lizinq yolu ilə satılması funksiyası fərmanla ləğv edilir”.

Həmçinin oxuyun

Maliyyə amnistiyası niyə düyünə düşüb? – ŞƏRH

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın təsirlərindən tez çıxmaq, ölkə iqtisadiyyatını mümkün qədər qısa müddətdə bərpa …