Ana səhifə / İqtisadiyyat / Aqrar sektorun toxum və damazlıq problemi həll olunacaqmı? – ŞƏRH

Aqrar sektorun toxum və damazlıq problemi həll olunacaqmı? – ŞƏRH

Məlumat verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin 25 müəssisəsinin fəaliyyəti vahid qurumda birləşdirilib. Əsasən damazlıq, toxumçuluq sahəsində fəaliyyət göstərən bu MMC-lər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

“Yeni Müsavat” xəbər verir ki, Nazirlər Kabineti aqrar sahədə bazar infrastrukturunun inkişafı və sahə üzrə ixtisaslaşan təsərrüfatların formalaşdırılması, onların qlobal bazara geniş inteqrasiya sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə özünün 2015-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarına müvafiq dəyişiklik edib.

Bu qərarın aqrar sektora təsirləri barədə danışan kənd təsərrüfatı üzrə ekspert, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirlin in qəzütimizə bildirdiyinə görə, indi ləğv edilən MMC-lər 2015-ci ildə yaradılmışdı: “Kənd təsərrüfatında sonuncu dəfə belə bir islahat 2015-ci ildə həyata keçirilib. Həmin vaxt indi ləğv olunan MMC-lər yaradılıb, ölkənin bütün ərazisi əhatə olunmuşdu. O vaxt qarşıya qoyulan məqsəd bu idi ki, elmi-tədqiqat institutlarının tabeliyində fəaliyyət göstərəcək həmin qurumlar elmi-tədqiqat institutlarında aparılan elmi tədqiqatların biznes hissəsini təmin edəcəklər. Yəni tədqiqatların nəticələrinin bazara çatdırılması, tətbiqinin təmin olunması və sair. Elmi-tədqiqat institutunun vəzifəsi hər hansı bir elmi sınağı həyata keçirib təkmil nəticə əldə etməkdir. O nəticənin yerli və dünya bazarına çatdırılması, real istehsalda tətbiqi, satışını isə MMC-lər həyata keçirməlidir.  Zaman göstərdi ki, bu MMC-lər özünü doğrulda bilmədilər, heç bir uğurlu tədqiqat ortaya çıxarılmadı. Rayonlar üzrə yaradılmış MMC-lər nə maddi-texniki bazanı təşkil edə, nə də effektiv iqtisadi fəaliyyət göstərə bildilər. Nazirlər Kabinetinin indiki qərarı ilə ölkənin 70 faizindən çoxunu əhatə edən MMC-lər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyində birləşdirilib”.

 

Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin qərarı əvvəlki hədəfin aktuallaşdığını göstərir: “Proses indi vahid mərkəzdən idarə olunacaq. Yeni yaranmış qurum daha elmi fəaliyyətin kommersiyalaşdırılması, elmi ixtiraları satmaq, onun piarını qurmaq, cəmiyyətə, biznesə təqdim etmək, xüsusən də iş dünyası ilə elmi müəssisələr arasında effektiv əməkdaşlığın qurulmasına çalışacaq. Ən böyük özəlliyi ondan ibarətdir ki, atçılıq sahəsində qalmış olan iki damazlıq təsərrüfat – Ağstafa və Ağdam təsərrüfatları da yeni yaradılan birliyin tərkibinə verilir. Ağdam atçılıq təsərrüfatının “Qarabağ” adlandırılması çoxdan gündəmdə idi, indi reallaşdırıldı”.

N.Nəsirli bildirir ki, elmi-tədqiqat müəssisələrinin çoxsaylı altqurumları var: “Bu MMC-lərdən əlavə, sort-sınaq mərkəzləri, təcrübə zonaları var. Çoxu da, etiraf etmək lazımdır ki, fəaliyyətsizdir. Hansı elmi nailiyyəti, hansı biznes-iqtisadi səmərəni verə biliblər? Buna görə də mən indi atılan addımı düzgün hesab edirəm. Düşünürəm ki, bu proses davam etməlidir. Növbəti mərhələdə zona təcrübə stansiyalarının ləğv olunması lazımdır. Hazırda aqrar elmin qarşısında duran bir sıra vəzifələr var. Onlardan ən mühümü, düşünürəm ki, heyvandarlıq sahəsində damazlıq işinin qurulmasıdır. Bura həm iribuynuzlu, həm xırdabuynuzlu heyvanlar, eyni zamanda quşçuluq aiddir. Digər mühüm məsələ toxumçuluqla bağlıdır. Azərbaycanda ildə 80 minm ton toxum istehsal olunur, amma tələbat illik 120 min tondan çoxdur. İldə 33,2 min tondan çox toxum idxal edirik, buna da 26 milyon dollardan yuxarı vəsait xərclənir. Buna görə də toxumçuluğun qurulmasına ehtiyac var. Bu iki sahə inkişaf etməlidir ki, aqrar sahədə istehsalın davamlılığı təmin olunsun. Bu da çox elm tutumlu, vəsait tələb edən bir işdir. Bir toxumun rayonlaşdırılması orta hesabla 6-7 il tələb edir. Toxum üzərində işlər daim davam etdirilməlidir. Buna görə də ümid edirəm ki, yeni qurum ilk növbədə strategiyanı düzgün müəyyənləşdirəcək”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …