Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Aqrar ixracın coğrafiyası nə zaman genişlənəcək?

Aqrar ixracın coğrafiyası nə zaman genişlənəcək?

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları təşkil edib ki, bunun da 651,4 milyon dolları qeyri-neft sektorunun payına düşür. İqtisadi İsahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6 faiz artıb. Bu zaman spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5 faiz, çay ixracı isə 22,7 faiz artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 milyon dolları olub. 2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8 faiz artıb.

2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (227,2 milyon dollar) birinci olub. Bu siyahıda ilkin formalı polipropilen (23,6 milyon dollar) ikinci, meşə fındığı (23,3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Təqdirəlayiq haldır ki, Azərbaycanın qeyri-neft ixracında diversifikasiya qeydə alınmaqdadır. Belə ki, yanvar-fevral ayları ərzində bu ixracda birincilik 273,9 milyon dollarla Türkiyəyə məxsus olub. İkinci olan Rusiya Federasiyasına 137,7 milyon dollarlıq, Gürcüstana 64,7 milyon dollarlıq, Qazaxıstana 19,4 milyon dollarlıq və İsveçrə Konfederasiyasına isə 19 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Dünyanın kənd təsərrüfatı | İqtisadi coğrafiya | Kayzen

Ümumi qeyri-neft ixracındakı diversifikasiyaya rəğmən, Azərbaycanın kənd təsərrüfatı ixracında Rusiyanın payı 90 faizdən yuxarı olaraq qalmaqdadır. Məsələn, 2022-ci ildə Azərbaycanın ixrac etdiyi 141 min tondan yuxarı pomidorun 138 min tona yaxını Rusiyaya çatdırılıb. Bu ilin yanvarında ixrac olunan 9 min ton pomidorun 8,7 min tonu Rusiyaya satılıb. 2022-ci ildə ixrac olunan 82,2 min ton təzə almanın 77,1 min tonu, 147,6 min ton xurmanın 131 min tonunu da Rusiya bazarlarına çıxarmışıq.

Həm yaxın ətrafımızda, həm də uzaqda baş verənlər dəfələrlə sübut edib ki, Rusiya etibarlı tərəfdaş deyil. Bu ölkənin digər ölkələrlə iqtisadi əlaqələri də bütünlüklə siyasi hakimiyyətin diqtəsi altında reallaşır. 2015-ci ildə Türkiyədə baş verən təyyarə olayından sonra Rusiya bu ölkədən pomidor idxalını tam dayandırdı – siyasi deyil, iqtisadi bəhanə ilə. Qadağa 2018-ci ilədək davam etdi, həmin ildən Türkiyədən məhdud limitlə idxala icazə verildi. 2022-ci ildə bu limit 350 min tona qaldırıldı. Lakin Türkiyə istehsalçıları ixracı çox tezliklə diversifikasiya etməyə nail oldular, nəticədə, 2022-ci ildə Rusiya bu ölkənin pomidor ixracında 6-cı yerdə qərarlaşdı. Ayrılan 350 min tonluq kvota belə dolmadı.

İsrail texnologiyaları Azərbaycanın aqrar sektoruna hansı faydaları verəcək  - açıqlama

Rusiya 2020-ci ilin dekabrında- Azərbaycandan da pomidor, alma ixracının pik dövründə hansısa zərərvericiləri bəhanə edərək bu məhsulların idxalına qadağa tətbiq etdi. Nəticədə Azərbaycan istehsalçıları ciddi zərərlə üzləşdilər Belə ki, 2020-ci il ərzində Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 201.4 milyon dollarla ikinci yerdə qərarlaşmışdı. 2019-cu ilin dekabrında ixrac olunan qeyri-neft məhsulları siyahısına 22,6 milyon dollarla pomidor başçılıq etmişdi. 2020-ci ilin dekabrında ixrac iki dəfədən də çox azalmaqla 10 milyon 963,31 min dollar təşkil edib. Halbuki ondan əvvəlki ayda – noyabrda pomidor ixracı 17 milyon 371,31 min dollar olmuşdu. 2021-ci ilin yekununda pomidor ixracı 160 milyon dollara, 2022-ci ilin yekununda isə 167 milyon dollara bərabər olub. 2022-ci ildə pomidor ixracında artım dəyər ifadəsində olub, həcm baxımından azalma baş verib. Belə ki, rəsmi statistikaya əsasən 2021-ci ildə 145,2 min ton, 2022-ci ildə isə 141,4 min ton pomidor ixrac edilib.

Azərbaycan istehsalçıları Türkiyədəki həmkarlarından fərqli olaraq, ixracı diversifikasiya etməyə ciddi səy göstərmirlər. Halbuki son illərdə Rusiya ölkədə tərəvəz istehsalını, özü də məhz istilikxana tərəvəzlərinin istehsalını sürətlə artırır.  Dövlət bu sahəyə böyük güzəştlə tətbiq edir, investisiyalara dəstək verilir.  Ötən il Rusiyada istilikxanalarda 1,5 milyon ton tərəvəz yetişdirilib. Bu, 2021-ci illə müqayisədə 7 faiz artım deməkdir. 2015-ci ildən bəri hər il yerli istehsal orta hesabla 7-8 faiz artırılır.

Bunun nəticəsidir ki, Rusiyaya istilikxana tərəvəzlərinin idxalı da ilbəil azalır. 2022-ci ildə Rusiya istilikxana tərəvəzlərinin idxalını 12,9 faiz azaldıb. Ölkəyə cəmi 412,7 min ton pomidor idxal edilib. Dəyər ifadəsində isə pomidor idxalı 6,4 faiz azalıb: 2021-ci ildəki 531,6 milyon dollardan 2022-ci ildə 497,6 milyon dollara düşüb. Bu zaman xiyar idxalı 11,5 faiz, pomidor idxalı isə 13,1 faiz azalıb.

İdxalın ümumi həcmini azaltmaqla yanaşı, Rusiya onun coğrafiyasını da genişləndirir – ötən il istilikxana tərəvəzlərinin idxalında Çin və Türkiyənin payı xeyli dərəcədə azalıb, Özbəkistan, Türkmənistandan idxal artırılıb.

Aydındır ki, ixracda Rusiyadan asılı olan hər bir ölkə istənilən anda siyasi hakimiyyətin qərarı ilə bu bazardan məhrum olmaq təhlükəsi ilə üzləşmək ehtimalını nəzərə almalıdır. Hələlik Azərbaycanın kənd təsərrüfatı istehsalçıları və ixracatçılarını bu amil ciddi narahat etmir…

Musavat.com

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …