Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ankara teraktını kim sifariş etmişdi?

Ankara teraktını kim sifariş etmişdi?

Xaotik proseslər girdabında “at izi it izinə” qarışmış regionda dövlətçilik təməlləri güclü olan ölkələrdən biri olan Türkiyəni də xaos burulğanında diz çökdürmək niyyəti güdən xarici və daxili güclər növbəti dəfə paytaxt Ankarada onlarca insanın ölümü və yaralanması ilə nəticələnmiş terror aktı törədə bildilər. Tükürpərdici olaydan bir neçə saat sonra, teraktı törədən şəxsin kimliyi aydınlaşsa da, həmişəki kimi, sifarişçi gücün, yaxud ölkənin kim olması və konkret hansı niyyət güdməsi barədə suallar meydana çıxır. Mövzunu aydınlatmaq üçün “Debat”a dəvət etdiyimiz növbəti qonaqlarımız: təhlükəsizlik məsələləri üzrə ekspert, MTN-in keçmiş polkovniki İlham İsmayıl və siyasi analitik, araşdırmaçı nasir Tahir Cəfərli suallarımız qarşılığında xeyli fərqli fikirlər söylədilər:
– Son Ankara teraktını icra etmiş terrorçu Salih Necarın “PYD”nin silahlı qanadı olan “YPG” təşkilatının üzvü olması barədə rəsmi məlumatlardan sonra, şübhələr daha çox Rusiya və Suriya üzərinə yönəlir. Sizin təhlilləriniz hansı nəticəyə gəlməyə imkan verir: bu teraktın sifarişçisi və təşkilatçısı hansı güc, təşkilat, yaxud dövlətdir?

İlham İsmayıl: “Teraktın Rusiyanın sifarişi ilə törədilməsi ehtimalı böyükdür”

– Öncə terakt zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Ankaradakı son müdhiş teraktın birmənalı olaraq, hansı ölkənin sifarişi ilə törədildiyini iddia etmək olmasa da, dediyiniz kimi, Rusiyanın sifariş və təşkilatçılığı ilə Suriyanın icra etməsi daha çox inandırıcı görünür. Terrorun hərbçilərə qarşı törədilməsi bir neçə ay öncə, Rusiyanın Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmuş “SU-24” təyyarəsinin qisasını almaqdan tutmuş son günlər türk ordusunun “PYD” mövqelərini artilleriya atəşinə tutmasına cavab olması mümkündür. Və bu da sözügedən ehtimalı daha da gücləndirir.

Tahir Cəfərli: “Partlayış Türkiyə kəşfiyyatının sifarişi ilə törədilib”

– Allah Ankaradakı son qanlı hadisədə həyatını itirənlərə rəhmət eləsin! Türkiyə paytaxtının lap mərkəzində baş vermiş bu olay, əlbəttə ki, regionda baş verən proseslərlə sııx bağlıdır. Ancaq bunu Rusiyanın və yaxud Suriyanın üstünə yıxmaq demaqogiyadır. Bunun arxasında başqa məqsədlər durur. Əgər Orxan Pamukun “Qar” əsərini oxusanız, Türkiyədə terror hadisələrinin niyə baş verdiyini və bunu kimlərin etdiyini yazıçının tam gerçəkliyi ilə açdığını görərsiniz. Orxan Pamuk belə nəticəyə gəlir ki, kürdlərin adından Türkiyə xüsusi orqanları tərəfindən terror aktları törədilir ki, kürd-türk qarşıdurmasını artırsınlar və bəzi silah maqnatları hər iki tərəfə silah, özü də Qərbin silahını satsın. Bu gün də Suriyadakı və İraqdakı əməllərinə bəraət qazandırmaq üçün həmin güclər özləri belə əməllərə əl atırlar. Yadınıza Parisdə ötən ilin noyabrında baş vermiş teraktı salmaq istəyirəm. Dərinə gedəndə həmin olayın Fransanın xüsusi idarələri tərəfindən təşkil edildiyini görərik. Çünki teraktı törədənlərin birini də Fransa xüsusi idarəsi sağ qoymadı ki, onların günahkar olub-olmadıqları məlum olsun. Fransa hökuməti bunu müsəlmanları hədəfə çevirmək məqsədilə törətmişdi ki, sonra Suriyanı niyə vurduqlarını fransa xalqına “başa salsın”…
– Ankaradakı son qanlı olayın Türkiyə Prezidenti R.T.Ərdoğanın fevralın 18-də Azərbaycana nəzərdə tutulmuş səfərinin qarşısını almaq niyyəti güdməsi barədəki fikirlər nə dərəcədə məntiqəuyğundur?

İlham İsamyıl:”Ankaradakı son olayın Ərdoğanın Bakı səfəri ilə əlaqəsi yoxdur”

– Zənnimcə, bu teraktın hədəfi Ərdoğanın Azərbaycana səfərinin qarşısının alınması olmayıb. Çünki Türkiyə Prezidentinin səfəri və Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü bir neçə gündən sonra yenə baş tuta bilər. İkincisi də həmin görüşdə təcili olaraq hansısa taleyüklü bir məsələnin qəbul olunması gözlənilmirdi ki, məhz bu səfərə mane olmaq məqsədilə terror həyata keçirilsin. Hətta belə bir məsələ vardısa, dediyim kimi, görüş bir neçə gündən sonra da baş tuta bilər. Ona görə də terrorun Türkiyə liderinin Bakı səfərinə mane olma versiyası inandırıcı deyil

Tahir Cəfərli: “Ərdoğanın Bakıya gəlməməsinə səbəb Araz Əzimovun son çıxışı oldu”.

– Hesab edirəm ki, Ərdoğanın Bakıya gəlməməsinin səbəbi Ankara teraktı deyil. Terakt bəhanədir. Sadəcə olaraq, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimovun Bəşər Əsədə dəstəklə bağlı Avstriyadakı son sözlərini nəzərə alan Türkiyə analitikləri Ərdoğanın Bakıdakı danışıqlarının nəticə verməyəcəyini ona başa saldılar. Aydındır ki, A.Əzimov mətbuata ümumi dövlətçilik marağından doğan və rəhbərliyi də təmin edən fikirləri çatdırırdı. Sadə dildə bunu belə başa düşmək lazımdır. Qız evinə elçi getmək ərəfəsində sizə çatdırırlar ki, qızı sizə verməyəcəklər. Məgər ora elçi gedərsiniz? Əlbəttə, heç kəs biabır olub geri qayıtmaq istəməz. Ərdoğan bunu duyub gəlmədi. Səbəb ancaq budur. Türkiyə dövlət başçısının Bakıya səfərinin isə bir məqsədi vardı: Azərbaycanı birmənalı olaraq öz tərəfinə çəkmək və Qarabağda müharibəni başlatmaq. Çünki belə olduqda, Rusiyanın başı Qafqaza qarışırdı və Türkiyə rahatlıqla Suriyaya girirdi. Qarabağdan Azərbaycan Ordusunu çıxarmaq üçün erməniləri müdafiə etmək adıyla isə NATO qoşunları Ermənistana girməliydi. Və nəticədə, onlar Rusiyanın Ermənistandan və bütövlükdə, Cənubi Qafqazdan uzaqlaşmasına nail olurdular. Bu halda, NATO vasitəsilə Dağlıq Qarabağ və ətrafındakı zəbt olunmuş torpaqlar faktiki və hüquqi baxımdam bizim əlimizdən çıxıb əbədi olaraq Ermənistana keçirdi. Azərbaycan Rusiyanın düşməninə çevrilirdi. Əlbəttə ki, bu, Azərbaycan üçün faciə ilə nəticələnərdi. Çünki Kreml rəhbərləri Rusiyadakı, deyilənə görə, sayı 3 milyona yaxın azərbaycanlını ölkədən qovardı. NATO-nun Qafqaza girməsinə şərait yaratdığımıza görə, İran və Rusiya bizimlə sərhədi bağlayardı. Bu isə həm iqtisadi, həm də siyasi böhran demək olardı. Praqmatik siyasətçi olan İlham Əliyev, əlbəttə ki, bunlara yol verə bilməzdi.. Ərdoğan üçün isə gəlib “yox!” cavabı eşitmək siyasi iflas demək olardı. Amma onun gəlməməsindən Azərbaycan heç nə itirmir. Əksinə, Prezident İlham Əliyevin siyasəti sayəsində regionda yaranmış geosiyasi tarazlıq pozulmur…

Sultan Laçın, hafta.az

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın