Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Alış qiymətinin artırılması buğda istehsalçılarını stimullaşdıracaqmı? – ŞƏRH

Alış qiymətinin artırılması buğda istehsalçılarını stimullaşdıracaqmı? – ŞƏRH

Qlobal ərzaq bazarında baş verən proseslər dünya ölkələrini strateji ərzaq məhsulları üzrə ehtiyatlarını artırmağa sövq edir. Xüsusilə Ukraynada müharibə başlayandan sonra dünya bazarında taxıl qıtlığı təhlükəsi fonunda qiymətlərin kəskin bahalaşması dövlətlərin buğda ilə özünütəminat səviyyəsini təhlükəsiz hesab olunan həddə çatdırmaq üçün hərəkətə keçməsinə səbəb olub.

Azərbaycan da buğda təminatında idxaldan ciddi asılı ölkələrdən biridir. Uzun illərdir dövlət taxıl istehsalını subsidiyalaşdırsa da, ölkənin tələbatını təmin edəcək həcmdə ərzaqlıq buğda istehsalına nail olmaq mümkün olmayıb. Müsbət haldır ki, ölkədə son illərdə arpa, qarğıdalı kimi heyvandarlıq və quşçuluq sektorunda yem təchizatı baxımından mühüm əhəmiyyət kəsb edən məhsullarla daxili tələbatı demək olar ki, tamamilə təmin edəcək istehsal səviyyəsi təmin edilib. Nəticədə, artıq xaricdən arpa idxalı tam dayanıb, qarğıdalı idxalı isə minimum səviyyəyə enib. Heyvandarlıq və quşçuluqda yem kimi istifadə olunan buğda ilə də Azərbaycan özünü tam təmin edə bilir. Bu baxımdan, hazırda hökumətin əsas prioriteti ərzaqlıq buğda istehsalında idxaldan asılılığı 25 faizədək azaltmaqdır.

Bu istiqamətdə real və effektiv addımların atılmasına başlanıb: iyulun 19-da Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb, iyulun 28-də isə Nazirlər Kabineti Dövlət Taxıl Fondu üçün alınacaq yerli ərzaqlıq buğdanın alış qiymətini təsdiqləyib. Bu qiymət Nazirlər Kabinetinin müəyyənləşdirdiyi keyfiyyət standartlarına uyğun olan buğdanın hər tonuna 580 manat təşkil edir.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, atılan addımların məqsədi buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin genişləndirilməsidir: “Bu, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi ”Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində həyata keçirilən işlərin davamı kimi qiymətləndirilməlidir”.

Vüqar Bayramov: “Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter  daşıyır”

Yeni qərar buğda ilə təminata və çörəyin qiymətinə necə təsir göstərəcək? Millət vəkili bildirir ki, son illər dövlət tərəfindən buğdanın alış qiymətində artımlar müşahidə olunur: “Buğdanın hər tonuna görə dövlət fermerlərə son illər daha çox vəsait ödəyir. Belə ki, ötən illə müqayisədə buğdanın dövlət alış qiyməti 14 faiz artırılır. 2021-ci ildə 1 ton buğdaya görə 500 manat ödənilirdi. 2020-ci ildə bu göstərici 380, pandemiyadan əvvəlki il isə 300 manat olub. Bütövlükdə, 2019-cu illə müqayisədə buğdanın dövlət alış qiyməti bu il 50 faizə yaxın artırılır.

Qərar fermerləri ərzaqlıq buğda istehsalına təşviqi məqsədi daşıdığı üçün taxil yetişdirilməsinə marağı daha da artıracaq. Rusiya-Ukrayna müharibəsi fonunda strateji ərzaq məhsulları və xüsusən taxıl ilə təminatda idxaldan asılılığın aradan qaldırılması daha da prioritetləşib. Bu il müşahidə olunan qlobal buğda qıtlığının gələn il də davam edəcəyi gözlənilir. İxrac həcminə görə dünyada ilk beşliyə daxil olan Ukrayna fermerləri çox az ərazilərdə ilkin şumlama işləri apara bilib”.

V.Bayramovun sözlərinə görə, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir: “Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 90 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı. Buna görə də ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır.

2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir. Son qərarın buğda ehtiyatlarımızın artırılmasına müsbət təsir edəcəyi gözlənilir. Bununla yanaşı, yaxın illər üçün yeni idxal mənbələrinin tapılması da çox vacibdir. Taxıl ehtiyatlarının artırılmasında digər məqsəd çörəyin qiymətinin optimal saxlamaqdan ibarətdir. Dünya bazarında taxılın qiymətindəki artımlar idxal inflyasiyasi yaradır. Nazirlər Kabineti isə anti-inflyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmağa çalışır. Aydındır ki, çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol idxaldan asılılığın azaldılmasıdır. Bütövlükdə, subsidyalar məbləği fonunda taxılın dövlət alış qiymətinin artırılması və hər il Nazirlər Kabineti tərəfindən tənizmlənməsi yerli istehsalın gücləndirilməsinə dəstək olacaq”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …