Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Aleksander Şapiro-Suliman: “”Stop Metsamor” kampaniyasında aktiv iştirak etməyi planlaşdırırıq”

Aleksander Şapiro-Suliman: “”Stop Metsamor” kampaniyasında aktiv iştirak etməyi planlaşdırırıq”

“Bunun üçün diaspor fəaliyyətindən bir qədər də lobbiçiliyə keçməyə üstünlük verilməlidir”

Məlum olduğu kimi, iyunun 3-də Bakıda öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayı uğurla başa çatıb. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaya Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də təşrif buyurub.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev geniş və əhatəli, proqram xarakterli çıxış edib. Dövlət başçısı bildirib ki, qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması baxımından çox önəmlidir:

“İlk qurultay ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan indiyə qədər bizim imkanlarımız artıb. Biz həmişə xaricdəki azərbaycanlılarla maraqlanır, onların yaxşı yaşamasına çalışırıq. Eyni zamanda onların Azərbaycanla daim əlaqədə olmasına səy göstəririk”.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından danışan dövlət başçısı deyib ki, qurum yaradılandan sonra diaspor təşkilatlarının yaranması sürətlənib: “Hazırda 462 diaspor təşkilatı var. Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatlarımız böyük yol keçib, önəmli rol oynamaqdadır. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan vermədən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alırdı. Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilib. Bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, Azərbaycan reallıqları ilə dünya ictimaiyyətini geniş tanış edə bilərik. Qurultayda səslənən fikirlər imkanlarımızı daha da genişləndirəcək”.
Prezident İlham Əliyev dünyada yaşayan azərbaycanlılara tarixi Vətənləri ilə əlaqələri daha da genişləndirməyi, bu əlaqələri kəsməməyi tövsiyə edib. Həmçinin dövlət başçısı xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamasını da zəruri sayıb. Bildirib ki, bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək: “Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir. Xaricdə 160-dan çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Xaricdə yaşayan diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır”. Bəzi hallarda diaspor təşkilatlarının bir-birilə rəqabət apardığını da vurğulayan Prezident İlham Əliyev bu rəqabətin sağlam aparılmasını xüsusi qeyd edib və bildirib ki, səyləri birləşdirib ermənilərə təzyiqləri artırmaq lazımdır:

“Bəzi hallarda diaspor təşkilatları bir-birilə rəqabət aparır. Bu rəqabət sağlam olmalıdır. Bizim gücümüz birlikdədir. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq. Xarici ölkələrin cəmiyyətləri görsələr ki, diaspor təşkilatlarımız bir-birilə yola getmirlər, onlara münasibət yaxşı olmayacaq. Birlik əsas məsələdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdir və ölkəmizin güclənməsini istəyirlər”.
Ölkə başçısının ermənilərə bütün dünya boyunca təzyiqlərin güclənmdirilməsi ilə bağlı verdiyi tapşırıqdan sonra diaspor təşkilatlarımızın üzərinə hansı işlər düşür?
Qurultayda nümayəndə kimi iştirak edən, tanınmış ixtimai-siyasi xadim, sülhməramlı səfir, BMT-nin insan haqları üzrə eksperti Aleksander Şapiro-Suliman “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, o, Azərbaycanın böyük dostudur:

“Cənab İlham Əliyevin çıxışını çox bəyəndim. Mən bir yəhudi olaraq Azərbaycana çox bağlıyam. Sərbəst şəkildə, hətta müsahibə verə biləcək səviyyədə dilinizi öyrənmişəm. Uzun illərdir bu istiqamətdə yorulmadan fəaliyyət göstəririk. Bura həm də yəhudilərin özünə Vətən saydığı, istədikləri kimi ibadət etdikləri və milli adət-ənənələrini yaşatdıqları nadir müsəlman ölkələrindən biridir. Mən bu cür tolerant mühitin bərqərar olmasına görə cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bəli, Prezident doğru olaraq qeyd edir ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici mediaya çıxışımız güclü olmalıdır.

Ölkə başçısı aprel ayında gedən döyüşlər zamanı ermənilərin informasiya siyasətində də bizə uduzduqlarını bildirdi. Həmin tarixdə bizim təşəbbüsümüzlə İsrailin ən aparıcı KİV-lərini təmsil edən 14 jurnalistin bura səfərini təşkil etdik. Çox uğurlu alındı və onlar cəbhədə baş verən həqiqətləri doğru-düzgün dünyaya çatdırdılar. Çox təəssüflər olsun ki, bəzən Azərbaycanı təmsil edən diaspor qurumları arasında sağlam olmayan rəqabət aparılır. Bu məqamı ölkə başçısı da qeyd etdi və bildirdi ki, diasporlarımız arasında sağlam rəqabət getməlidir. Ölkə başçısının ermənilərə təzyiqi artırmağın zəruri olması ilə bağlı irəli sürdüyü tezisin həyata keçirilməsi istiqamətində ciddi işlər aparılmalıdır. Bunun üçün diaspor fəaliyyətindən bir qədər də lobbiçiliyə keçməyə üstünlük verilməlidir.

Çünki artıq bu mərhələyə ciddi ehtiyac duyulur. Mən bu istiqamətdə əlimdən gələn köməyi göstərməyə hazıram. Xüsusilə də “Stop Metsamor” kampaniyasında aktiv iştirak etməyi planlaşdırırıq. Bununla bağlı ciddi planlarımız var. İyul-avqust ayında bir qrup azərbaycanlı jurnalistin İsrailə səfərini planlaşdırırıq. Onların yalnız İsrail deyil, bütövlükdə Yaxın Şərq mediası ilə sıx təmasını qurmağı planlaşdırırıq. Diaspor təşkilatları arasında koordinasiyanı gücləndirmək tapşırığının ölkə başçısı tərəfindən verilməsi çox önəmlidir. Bu istiqamətdə Nazim İbrahimovun rəhbərlik etdiyi qurumun da üzərinə ağır iş düşəcək. Bu detallara xüsusilə dərindən fikir verilsə, problem öz həllini tapmış olacaq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …

Bir cavab yazın