Bazar , Sentyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / “Aktiv işçi qüvvəsinin ölkədə qalması istehsal amili kimi əmək resurslarının bolluğunu yaradıb” – Firdovsi Şahbazov

“Aktiv işçi qüvvəsinin ölkədə qalması istehsal amili kimi əmək resurslarının bolluğunu yaradıb” – Firdovsi Şahbazov

Pandemiya ilə əlaqədar bu ilin 7 ayında əksər dünya ölkəsində sənaye istehsalında 10 faizdən çox azalma müşahidə edilir. Elə ölkələr var ki, orada sənaye istehsalının azalması 15 faiz ətrafındadır.

Məsələ ondadır ki, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər gediş-gəlişi azaldıb. Ən başlıcası, pandemiyanın yaratdığı sosial-iqtisadi vəziyyət sənaye məhsullarına olan tələbatı, bununla bağlı sifarişləri azaldıb. Koronavirusun nə zaman bitəcəyi ilə bağlı mövcud olan qeyri-müəyyən vəziyyət istehsalın azalmasına təsir etməkdə davam edir. Bu səbəbdən bir sıra ölkələrdə istehsal zəifləyib.

Ancaq həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda sənaye istehsalında azalma çox aşağıdır. Düzdür, bizdə də azalma var, amma bu elə də böyük deyil. Belə ki, bu ilin yeddi ayı ərzində Azərbaycanda, ümumilkdə, 21 milyard 551 milyon manatlıq sənaye məhsulları istehsal edilib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azdır. Sənayedə qeyri-neft-qaz sektorunun payı 31,7 faiz (6,8 milyard manat) təşkil edib. Bununla yanaşı, yeddi ay ərzində qeyri-neft-qaz məhsullarının istehsalı 13 faiz artıb. Bütün bunların fonunda, digər ölkələrlə müqayisədə Azərbaycanda sənaye istehsalının azalmasının elə də böyük olmamasını ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadiyyat üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov buna bir neçə aspektdən yanaşdı: “Azərbaycanda qeyd olunan bu müsbət tendensiya, ilk növbədə, ötən dövr ərzində ölkədə qeyri-neft-qaz sektorunda dayanıqlı artımın təmin olunması üçün həyata keçirilən tədbirlər sayəsində mümkün olub. Məsələ ondadır ki, kənd təsərrüfatının inkişafına yönəldilən subsidiyalar, sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi bu sahədə istehsal həcmlərinin artımını şərtləndirib. Son illər dövlətin davamlı dəstəkləyici tədbirləri qeyri-neft-qaz sektorunda investisiyaların təşviqini stimullaşdırdığından, istehsal imkanlarını da genişləndirib. Dövlət investisiyalarının sahə və regionlar üzrə bölgüsündəki optimallaşma meylləri sayəsində özəl investisiyaların da bu əlamətlər üzrə bölgüsündə yaranan müsbət tendensiyalar baş verən iqtisadi artımın əsas lokomotivi rolunu oynamaqdadır. Digər tərəfdən, cari ilin ötən yeddi ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunda baş verən 13 faizlik iqtisadi artıma pandemiya ilə əlaqədar bu il Azərbaycandan mövsümi əmək miqrasiyası sahəsində yaranan çətinliklər də böyük təsir göstərib. Çünki aktiv işçi qüvvəsinin ölkədə qalması istehsal amili kimi əmək resurslarının bolluğunu yaradıb ki, bu da iqtisadi artıma öz müsbət töhfəsini verib”.

Ekspertin fikrincə, bütün bunlar həm də o deməkdir ki, Azərbaycan digər ölkələrlə müqayisədə pandemiyadan az itki ilə çıxa bilər.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Azərbaycan ən çox Rusiyaya məhsul göndərib

Yanvar-avqust aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib …