Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / AKP bu seçkidən sonra da təkbaşına hökumət qura bilməsə…

AKP bu seçkidən sonra da təkbaşına hökumət qura bilməsə…

Samir Adıgözəlli: “AKP koalisiyaya getməyə məcbur qalacaq ki, bunun da Türkiyə üçün ziyanı deyil, xeyri olacaq”

“Yalnız silahlı mübarizəyə üstünlük verən bir toplum indi Türkiyədə qurulacaq hökumətə ortaq olmaq şansını qazanıb”

Məlum olduğu kimi, Türkiyədə keçirilən parlament seçkilərinin ilk turunun nəticəsi olaraq koalision hökumət formalaşdırıla bilmədi. Konstitusiyaya görə, Türkiyədə növbəti tur parlament seçkiləri keçirilməlidir.
Həmin seçkilər gələn ayın ilk gününə təsadüf edəcək. Birinci turdan sonrakı müddətlə növbəti ayın birinə qədər olan aralıq müddət ərzində Türkiyədə əhəmiyyətli hadisələr baş verdi. Söhbət əsasən terror dalğasından gedir. PKK terror qruplaşması isə belə bir vaxtda Türkiyənin ünvanına yeni təhdidlər səsləndirir. Qruplaşmanın Qəndildəki liderlərindən olan Cəmil Bayık bildirir ki, Türkiyə hökuməti “döyüş məntiqi”ni davam etdirsə, məzarlar dolmaqda davam edəcək və döyüş Türkiyə sərhədlərini keçərək bütün Yaxın Şərqə yayılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən Cəmil Bayıkın sözlərinə görə, Ərdoğan onları dialoqun olduğuna inandırıb. Lakin sonradan proseslər bunun əksini göstərib. Bundan əlavə, İŞİD də Türkiyə üçün ciddi problemə çevrilir. Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, ötən şənbə günü Ankarada 97 adamın ölümü ilə nəticələnmiş intiharçı hücumlarına görə əsas şübhəli məhz İŞİD-dir. Davudoğlu rəsmilərin bomba hücumçularından birinin şəxsiyyətinin müəyyən edilməsinə yaxın olduğunu və dəlillərin müəyyən qrupa işarə etdiyini bildirib. Onun sözlərinə görə, intiharçıların buraya necə gəldiyi müəyyən edilib. Türkiyə qəzetləri rəsmilərin İŞİD qrupunun döyüşçüləri olduğuna inanılan azı 16 nəfərin ailə üzvlərindən DNK nümunələrinin götürüldüyü və bunların hücumçuların DNK-ları ilə müqayisə edildiyi haqda məlumat yayıb. Xatırladaq ki, sülh yürüşü zamanı törədilmiş bomba hücumlarının məsuliyyətini hələlik heç kəs öz üzərinə götürməyib. Əhməd Davudoğlu da bomba hücumlarının Türkiyədə noyabrın 1-i parlament seçkilərinə təsir göstərmək məqsədilə törədildiyini, lakin səsvermənin təyin edilmiş vaxtda keçiriləcəyini bildirib.
Göründüyü kimi, Türkiyənin ən yüksək çinli rəsmiləri belə hədəfin seçkilər olduğuna dair bəyanat yayır.
Qarşıdan gələn seçkilərdə Türkiyədə AKP iqtidarı təkpartiyalı sistem yarada bilməsə, hansı hadisələr baş verəcək?
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli hesab edir ki, Türkiyə dövləti hazırda olduqca ağır günlərini yaşayır:

“Hədəf Türkiyəni çökdürməkdir. Ancaq əminəm ki, qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyəni məhz bu dönəmdə terror aktlarının bürüməsinin başlıca hədəflərindən biri seçkilərdir. Uzun illərdir Türkiyədə siyasi səhnədən kənarda qalan və yalnız silahlı mübarizəyə üstünlük verən bir toplum indi Türkiyədə qurulacaq hökumətə ortaq olmaq şansını qazanıb. Bu olduqca təhlükəli tendensiyadır. Türkiyənin tarixini yaxşı bilən adam kimi deyə bilərəm ki, analoji hadisələrlə qardaş ölkə çox qarşılaşıb. Ancaq belə gərgin məqamlarda son söz ordunun olurdu. Hazırda Türkiyədə ordu həmin səlahiyyətləri daşımır. Birinci turun nəticələrindən sonra yaşanan təzyiq üsullarının baş qaldırmasında mən başlıca olaraq səs qazanan aparıcı partiyaları qınayıram. HDP faktoruna görə onlar bütün şəxsi ambisiyaları kənara atıb, birləşib hökuməti qurmalı idilər. Bunun olmamasının fəsadlarını görürük. AKP-nin yenidən təkbaşına hökumət formalaşdırmaq şansı azdır. Əksinə, aralıq dönəmindəki proseslər onun ziyanına işlədi. Zənnimcə, ikinci turda AKP bir az da geriləyəcək. Yenidən koalision hökumətin qurulması məsələsi gündəmə gələcək. Həmin zaman nəticələri görən AKP koalisiyaya getməyə məcbur qalacaq ki, bunun da Türkiyə üçün ziyanı deyil, xeyri olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın