Şənbə , İyul 24 2021
Ana səhifə / İqtisadiyyat / “Ağ qızıl” niyə ancaq xammal kimi satılır?

“Ağ qızıl” niyə ancaq xammal kimi satılır?

2021-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan statistik dəyəri 122 milyon 955 min dollar olan 81 min 417 ton pambıq lifi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatında göstərilir ki, 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə pambıq lifi ixracı dəyər ifadəsilə 2,1 dəfə, miqdar ifadəsilə 1,8 dəfə artıb.

Ötən ilin eyni dövründə Azərbaycandan 59 milyon 443 min dollar dəyərində 44 min 33 ton pambıq lifi ixrac edilmişdi. Həmçinin 2021-ci ilin yanvar-iyun dövründə Azərbaycandan 23 milyon 620 min dollar dəyərində 8 min 417 ton pambıq iplik ixrac edilib.

Ötən ilin eyni dövründə 9 milyon 947 min dollar dəyərində 4 min 681 ton pambıq iplik ixrac edilib. Pambıq lifi və pambıq iplik ixracı nəticəsində ilk 6 ayda Azərbaycana 146 milyon 575 min dollar xarici valyuta daxil olub.

Ölkəmizin adıçəkilən məhsuldan gəlir əldə etməsi müsbət hal hesab edilsə də, faktdır ki, pambıq yetişdirən bir sıra dünya ölkələri yerli tekstil sənayesi sayəsində bu xammaldan daha böyük gəlir əldə edir.

Buna qonşu Türkiyəni misal göstərmək kifayətdir. Onu da qeyd edək ki, bu gün Azərbaycan bazarı Türkmənistan, Özbəkistandan gətirilən və pambıqdan hazırlanmış paltar, dəsmal, hətta çantalarla doludur.

Niyə Azərbaycan bir sıra qeyri-neft məhsullarını, o cümlədən pambıq lifini xammal kimi satır, ondan məhsul istehsal edib satmaq daha cox gəlir gətirməzmi? Emal sənayesini inkişaf etdirməyin zamanı gəlmədimi?

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, bu barədə pambığı ölkədə strateji məhsul elan edən hökumətin ciddi düşünməlidir:

“Hazırda mexaniki olaraq belə düşünmək olar ki, strateji məhsul niyə yarımfabrikat, xammal kimi xaricə ixrac edilir. Məsələn, Türkiyənin tekstil sənayesini ölkədə tətbiq etsək kifayətdir. Ancaq məsələ tam da belə deyil. Azərbaycan pambığı ən keyfiyyətsiz pambıqdır, sovet hökuməti dönəmində də belə olub, indi də belədir.

Sovet dövründə mən şəxsən Fərqanədə Azərbaycandan aparılan pambıq liflərindən yaranan dağları görmüşəm. Heç nəyə yaramadığı üçün orada qalmışdı. Sovet hökuməti də işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun genişləndirilməsi üçün Azərbaycandan nefti aparırdı və onun əvəzinə xərc çəkirdi ki, qoy elə keyfiyyətsiz də olsa pambıq istehsal etsinlər, işsizlik olmasın.

Yəni sovet dövründə Azərbaycan pambığı dünyanın ən keyfiyyətsiz pambığı olub. Azərbaycanın inzibati rayonları arasında Bərdə və Tərtər rayonundan başqa heç bir rayonun pambığının lifi beynəlxalq standartlara uyğun gəlmir. Lakin tekstil sənayesi harada yüksək inkişaf edibsə, o ölkələrdə də Azərbaycan pambığından səmərəli istifadə edə bilirlər.

Ona görə də Azərbaycan hökuməti ölkə daxilində bu keyfiyyətsiz pambıqdan hər hansı formada istifadə edə bilmir və xaricə satmaq məcburiyyətindədir. Hazırda pambıq bir neçə il bundan əvvəlki kimi populyar deyil. Bu istiqamətdə tələblər bir qədər yumşalıb. Lakin vərdiş yaranan insanlar var ki, onlar kompensasiya və s. əldə edir, bir qədər mənfəət norması yaranır. Ona görə də təkrarən əkirlər. Azərbaycanın marağı nədir ki, bu qədər geniş tarlalarda keyfiyyətsiz pambıq əkirlər?”

Ekspert bunun səbəbi ilə bağlı maraqlı iddia səsləndirib:

“Pambıq mafiyasının maraqları idi. Qeyri-rəsmi məlumata görə, İslam Kərimovun dövründə Özbəkistanda pambıq istehsalında uşaq əməyindən istifadə edilirdi. Uşaq istismarına görə Avropa ölkələri Özbəkistan pambığına embarqo qoymuşdu. Halbuki Özbəkistan pambığı çox keyfiyyətli pambıqdır, dünya bazarında Misir, Meksika pambığı ilə rəqabətə girir.

Özbəkistan o zaman yolunu tapdı ki, pambığı MDB daxilində ölkələrə gizli yolla ixrac edirdi və Avropaya həmin ölkələrin adı ilə çıxarırdılar. Həmin ölkələrdə də pambıq sahələri genişləndirilirdi ki, avropalı tərəfdaşlar bu sövdələşmədən, “tələdən” xəbər tutmasınlar. Onlar peykdən izləyirdilər ki, Azərbaycan bu qədər pambıq verib, görək həmin pambığı yetişdirmək üçün sahələri varmı? Azərbaycan pambığından ölkə daxilində istifadə edib tekstil sahəsini inkişaf etdirmək indiki halda mümkün deyil”.

Həmçinin oxuyun

ƏDV-nin qaytarılma səviyyəsi dəyişdirilsin – TƏKLİF

Azərbaycanda vətəndaşlara etdiyi ödənişlərə görə qaytarılan Əlavə Dəyər Vergisinin səviyyəsinin dəyişdirilməsi təklif edilir. Bu təkliflə …