Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / ABŞ-Türkiyə münasibətlərində gərginliyi artıran siyasi məktub ortaya çıxıb…

ABŞ-Türkiyə münasibətlərində gərginliyi artıran siyasi məktub ortaya çıxıb…

NATO-nun “İncirlik” hərbi bazasına İraq Kürdüstanında alternativ yaradıldığı barədə xəbərlər yayıldı

ABŞ və Türkiyə arasında münasibətlər qardaş ölkədə məlum hərbi çevriləşə cəhddən sonra getdikcə daha gərgin xarakter almaqdadır. Düzdür, ABŞ rəsmiləri bu çevriliş cəhdlərini pislədiklərini bildirirlər. Amma ayrı-ayrı faktlar meydana fərqli mənzərə çıxır. Bu arada ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Türkiyə baş naziri Binəli Yıldırımla görüşündə yenidən bəyan edib ki, rəsmi Vaşinqton Türkiyədə hərbi çevrilişin yatırılmasını dəstəkləyir və türk hökuməti ilə hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Binəli Yıldırımın mətbuat xidmətinin bu xüsusda məlumatında deyilir: “Cozef Danford qətiyyətlə hərbi çevrilişə cəhdi pisləyib. O bildirib ki, səfərinin əsas məqsədi ABŞ-ın Türkiyə və türk xalqı ilə həmrəyliyini göstərməkdir. O həmçinin qeyd edib ki, rəsmi Vaşinqton Türkiyənin demokratik sistemini dəstəkləyir və iki ölkə arasında hərbi əməkdaşlıq bundan sonra da davam edəcək”. Amma məhz belə bir vaxtda o da bəlli olub ki, ABŞ-da bəzi konqresmenlər prezident Rəcəb Tayyib Ərdoğanın devrilməsi üçün Senata məktub ünvanlayıb. Hələ fevral ayında ünvanlanan məktuba konqresmen Rand Paul, Hillari Klintonun prezident seçilərsə özünə köməkçi gətirmək istədiyi Tim Kaine və Marko Rubio kimi senatorlar da imza atıb.

Ümumi məğzi “Ərdoğanı devirək, Fətullah Güləni gətirək” olan məktubda deyilir: “ABŞ olaraq, Türkiyə hökumətinə dəqiq mesaj göndərməyin vaxtıdır. Bu təkcə suriyalı kürdlərə qarşı silahlanma çağırışı etdiyinə görə deyil, həm də demokratiyanın təməli olan siyasi məsələləri və yerli gücləri yenidən gözdən keçirmək üçün lazımdır. Ərdoğan Türkiyəni radikal islamçıların savaşdığı yerə çevirir. Təəssüf ki, son illərdə biz Türkiyədə insan haqları və söz azadlığının pozulmasının qarşısını ala bilmədik. Beynəlxalq ictimaiyyətin, həmçinin Türkiyənin daha çox dini cəhətdən radikallaşmasının qarşısını almaq lazımdır. Beynəlxalq ictimaiyyətin dəstəklədiyi və önəmli fiqur olan, dinlərarası dialoq və demokratik prinsiplərin təmsilçisi olan din adamı Fətullah Gülənə verilən səlahiyyət bizə Türkiyəni radikal İslamdan uzaqlaşdırmaq imkanı verəcək”. Konqresmenlər Türkiyəyə təzyiq edilməsi üçün ABŞ-ın xarici siyasətinin yenidən tərtib olunması tələbilə də çıxış ediblər. Vaşinqton hələlik bu məktubla bağlı hansısa açıqlama verməyib. Amma Türkiyənin, ABŞ başda olmaqla, Qərbdən narazılığı artır.
Prezident Rəcəb Tayyib Ərdoğan açıq bildirir ki, çevrilişə cəhd zamanı ölkə içərisindəki aktyorlar xaricdə yazılan ssenarini həyata keçirdilər. O həmçinin vurğulayıb ki, Türkiyənin dost bildiyi ölkələr çevrilişə cəhd edənləri və terroçuları dəstəkləyir. Ərdoğan, eləcə də, Birləşmiş Ştatları demokratik yolla seçilmiş hökuməti devirməyə çalışan keçmiş imam Fətullah Güləni ekstradisiya etməyə çağırıb. O, ABŞ hökumətinə konkret sual da ünvanlayıb: “Biz necə strateji əməkdaşıq ki, siz hələ də mənim ekstradisiyasını tələb etdiyim insana ev sahibliyi edirsiniz?”. Dövlət Departamentinin mətbuat katibi Con Kirbi isə bildirir ki, Türkiyə lideri fikir və məyusluğunu ifadə etməkdə azaddır. O qeyd edib ki, Ərdoğanın şərhlərinə baxmayaraq, vacib olan məsələ Türkiyə ilə əməkdaşlığın davam etməsidir. Amma 20 ilə yaxındır öz istəyi ilə Birləşmiş Ştatlarda mühacir həyatı yaşayan Fətullah Gülən Türkiyəyə verilməsə, Ankara – Vaşinqton münasibətlərinin əvvəlki səviyyədə olması mümkün görünmür.

Bu arada Türkiyə rəsmiləri ABŞ hökumətinə terror təşkilatına başçılıq edən Güləni həbs etməyin vacibliyini ətraflı əsaslandıran çoxsaylı sənəd göndərdiklərini bildirir. ABŞ rəsmiləri Türkiyənin tələbləri ilə bağlı hələlik şərh vermir. Onlar, sadəcə, sənədlərin qəbul edildiyini və hazırda təhlil olunduğunu deyir. Ankara isə Vaşinqtonun məsələyə bu səpkidə münasibət bəsləməsindən ciddi narahatlıq keçirir və bunun əməkdaşlığa zərər vurduğunu bəyan edir. Beləliklə, hazırkı vəziyyətdə Birləşmiş Ştatlar Türkiyədə çevrilişə dəstəyi inkar edir, lakin etiraf edirlər ki, son hadisə Türkiyə-Amerika münasibətləri üçün yeni sınaq meydanı yaradıb. Bu fonda o da bəlli olub ki, amerikalılar Türkiyənin “İncirlik” bazasından asılılığı azaltmaq niyyətinə düşüblər. Vaşinqton İŞİD-ə qarşı əməliyyatlarda artıq İraq Kürdüstanındakı hava bazasından istifadə edir. İraq informasiya agentliyi xəbər verib ki, Birləşmiş Ştatlar bölgəsəl Kürdüstan hökuməti ilə məxfi hərbi razılaşma əsasında bölgədə daha beş bu cür baza qurmağı planlaşdırır. Bu da Türkiyənin narazılığına yol açan əsas məqamlardan biri sayılır.

Nahid SALAYEV

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …

Bir cavab yazın