Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / İqtisadiyyat / ABŞ-ın qərarı Azərbaycana təsirsiz ötüşməyəcək – ŞƏRH

ABŞ-ın qərarı Azərbaycana təsirsiz ötüşməyəcək – ŞƏRH

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 30-31 iyul tarixlərində keçirilən iclaslarının yekunu üzrə 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib.

Maraqlıdır, ABŞ-ın bu qərarı nələri proqnozlaşdırır?

İqtisadçı-alim Vüqar Bayramov Sputnik Azərbaycana-a açıqlamasında bildirib ki, FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib: “İlk olaraq investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Bundan başqa, bir sıra mərkəzi bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot dərəcəsi azalmalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir. FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb”.

“Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan dərəcə azalmaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunu ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur. Milli valyutamıza gəldikdə isə, indiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır. Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni senarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”.

Bəs, FED-in bu qərarının Azərbaycana təsiri necə, olacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, yeni qərar birbaşa da olmasa, dolayı yolla Azərbaycan-a təsir edəcək: “Bu günədək FED-in qərarlarının Azərbaycan iqtisadiyyatına təsirləri olmayıb. Lakin dolayı yolla da olsa, biz bu təsirləri yerli iqtisadiyyatda görmüşük. Birbaşa təsirin olmamasının səbəbi isə məzənnənin onlayn qaydada, birjalarda müəyyənləşdirilməməsidir. Həftədə iki dəfə hərrac keçirilir və onun nəticəsi də öncədən bəlli olur. Tənzimlənən rejimdə artıq iki ilə yaxındır ki, manatın məzənnəsi eyni qalır”.

“Dolayı təsirlər isə ondan ibarətdir ki, Azərbaycanın iqtisadi əlaqələrinin olduğu ölkələrin milli valyutalarında hansısa azalma və artım ölkəmizə də təsirsiz ötüşməyəcək. FED-in qərarından sonra dolların möhkəmlənməsi daha da artacaqsa, yaxud da ucuzlaşacaqsa, bu ətraf ölkələrin millli valyutalarına və oradan gətirilən malların qiymətinə təsir edəcək”, – deyə iqtisadçı əlavə edib.

Bu ölkələr öz milli valyutalarının dollar qarşısında çox da möhkəmlənməsini istəmirlər. Çünki hər hansı bir ölkə ixracatını saxlamaq üçün öz milli valyutasının həddindən artıq möhkəmlənməsinin qarşısını alır. Bu amil də dolayısı ilə  inflyasiyanın Azərbaycana xaricdən daxil olmasına səbəb ola bilər. Bu amilin həmçinin qiymətlərin artması ilə nəticələnəcəyi də proqnozlaşdırılır”.

Həmçinin oxuyun

Məmur hərisliyi Azərbaycanda otellərin boş qalmasına səbəb olub

Azərbaycanda mehmanxana otaqlarının təxminən 80 faizə yaxını boşdur.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin …