Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ-da defolt həyəcanı: qlobal iqtisadiyyatı nə gözləyir – TƏHLİL

ABŞ-da defolt həyəcanı: qlobal iqtisadiyyatı nə gözləyir – TƏHLİL

Yanvarın 19-da ABŞ-ın dövlət borcu 31,4 trilyon dollarlıq tavana çatıb.  Yaxın 4-5 ay ərzində hökumətlə parlament dövlət borcunun yeni tavanı barədə razılığa gələb bilməsə, ABŞ-da texniki defolt baş verə bilər.  Lakin bunun reallaşması ehtimalı çox cüzi qiymətləndirilir: son 40 ildə ABŞ dövlət borcunun yuxarı həddi 45 dəfə artırılıb. Məhz bu təcrübədən çıxış edən “Forbes” ekspertləri defolt olmayacağı, lakin yay aylarına təsadüf edəcək son müddətə qədər bazarlarda volatilliyin yüksək olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, borcun yuxarı həddinə çatıldıqdan sonra ABŞ Maliyyə Nazirliyi fövqəladə tədbirlərə əl atıb: Pensiya Fondu Dövlət Xidmətinin, Poçt Xidmətinin pensiyaçıları üçün Əmək Qabiliyyətsizlik və Səhiyyə Müavinətləri Fondunun maliyyələşdirilməsini dayandırıb. Maliyyə naziri Cenet Yellenin sözlərinə görə, bu qısamüddətli addımlar ABŞ hakimiyyətinə iyuna qədər öz öhdəliklərini icra etməyə imkan yaradacaq. Ona qədər dövlət borcunun yuxarı həddinə dair hökumətlə parlament arasında kompromis əldə olunmasa, ABŞ-da texniki defolt elan edilə bilər.

Doğrudur, bir çox analitik mərkəzlər, o cümlədən “Goldman Sachs”da cari büdcə daxilolmaları hesabına ABŞ-da xərclərin iyuna deyil, avqust-oktyabra qədər maliyyələşdirilməsinin mümkün olacağı qənaətindədirlər. Lakin Canet Yellen indidən həyəcan təbili çalmaqla parlament və hökumətə təsir göstərməyə çalışır: “ABŞ-da defolt dağıdıcı nəticələrə, hətta fəlakətə səbəb olacaq. Ona görə də ABŞ hakimiyyəti çıxış yolu tapmalı və dövlət borcu ilə bağlı tavanı qaldırmalıdır”.

“Bu, dağıdıcı olacaq, fəlakət olacaq”, – deyə o, Amerika iqtisadiyyatının perspektivi ilə bağlı suala cavab verərkən bildirib. Nazirin sözlərinə görə, Vaşinqtonun narahat olması üçün əsaslı səbəbi var, çünki ABŞ iqtisadiyyatında mümkün defolt tənəzzül və maliyyə böhranı ilə davam edəcək. Yellenə görə, dövlət vergi gəlirlərinə uyğunlaşmaq üçün xərcləri ciddi şəkildə azaltmağa məcbur olacaq.

Nazir habelə əmindir ki, bundan sonra əhalinin xərcləri də “psixoloji nəticələr” səbəbindən azalacaq və bu, tənəzzülü daha da artıracaq. Onun fikrincə, dövlət borcunun icazə verilən səviyyəsini artırmaq üçün ABŞ hakimiyyətinin qəti qərarı lazımdır.

Qeyd edək ki, ABŞ-da dövlət xərclərinin böyük hissəsi xəzinə istiqrazlarının yerləşdirilməsi yolu ilə əldə olunan borc hesabına maliyyələşdirilir. Belə borclanma üçün 1917-ci ildən bəri limit tətbiq olunsa da, həmin limit müntəzəm olaraq artırılır. Hazırkı limit ölkənin ümumi daxili məhsulunun 125 faizinə bərabər olmaqla 31,4 trilyon dollardır ki, yanvarın 19-da bu həddə artıq çatılıb. Limitin artırılması hökumətə cari xərcləri maliyyələşdirmək imkanı yaradacaq. Əks halda, xəzinədarlıq yeni borc kağızları yerləşdirə bilməyəcək, xərcləri ötən ildən qalan 400 miloyard dollarlıq qalıq və cari gəlirlər hesabına maliyyələşdirməyə məcbur olacaq.  Bu isə hansısa bir məqamda hökumətin zəruri xərclərdən birini qarşılamasında problem yarada bilər ki, bu da avtomatik olaraq texniki defolt demək olacaq.

Bu il dövlət borcuna dair müzakirələrin gərgin, az kompromisli keçəcəyi gözlənilir. Konqresin Nümayəndələr Palatasında üstünlükdə olan respublikaçılar dövlət proqramlarının xərclərini azaltmaq niyyətindədirlər. Onlar 10 illik balansı federal büdcə layihəsinin hazırlanmasına, bu zaman mövcud prezidentin administrasiyasının qərarı ilə icra olunan xərcləmələrin 2022-ci il səviyyəsində məhdudlaşdırılmasına çağırırlar.

Ağ Evdə respublikaçıların bu yanaşması ilə razılaşmırlar. Qurumun mətbuat katibi Oliviya Dalton bu barədə konkret danışıb: “Borc tavanı barədə danışıqlar olmayacaq. Konqres bunu Donald Trampın dövründə 3 dəfə etdiyi kimi, heç bir şərtsiz etməlidir”.

Bir qrup respublikaçı və demokrat parlament üzvü kompromis variant kimi dövlət borcunun yuxarı həddini konkret məbləğlə ifadə etməyib, onun ölkə ÜDM-nin həcminə nisbətinə bağlamağı təklif edirlər.

Razılıq əldə olunmazsa, defoltdan qaçmaq üçün başqa bir yol dövlət borcuna daxil edilməyən platin pulların buraxılmasıdır. ABŞ qanunvericiliyinə əsasən 1 trilyon dollara qədər belə platin sikkələrin buraxılması mümkündür. Maliyyə Nazirliyi bu sikkələri Federal Ehtiyatlar Sisteminə verməklə borcun yuxarı həddinin artırılması zərurətini aradan qaldırmış ola bilər. “The Wall Street Journal”ın yazdığına görə, bu variantın qatı tərəfdarı olan Nobel mükafatı laureatı Pol Kruqman Bayden administrasiyasındakı məmurlar və demokratlarla bəzi müzakirələr aparıb. Lakin maliyyə naziri Yellen bu variantı real saymır, onun fikrincə, müstəqil qurum olan FED sikkələri qəbul etməyəcək.

ABŞ defolt astanasındadır

1960-cı illərdən bəri dövlət borcunun yuxarı həddi 80 dəfə artırılıb. Son illərədək bu məsələ ilə bağlı hökumətlərlə Konqres arasında hər hansı fikir ayrılıqları olmayıb. Yalnız 2010-cu illərdən başlayaraq, bu məsələ Konqresdəki müxalif çoxluqla hakimiyyətdə olan qüvvə arasında ciddi çəkişmə obyektinə çevrilib. Məhz bu çəkişmələrə görə, hər il ABŞ-da defolt təhlükəsi yaranır. 2013-cü ildə hətta ABŞ hökuməti büdcə təsdiqlənmədiyinə görə fəaliyyətini 2 həftəliyə dayandırmalı olub.

ABŞ-da texniki defoltun baş verməsi əslində ölkənin iqtisadiyyatı üçün böyük problemlər yaradacaq hal deyil:  hansısa bir xərcin 1-2 gün gec maliyyələşməsi fəlakət sayılası hadisə deyil. Lakin bu hadisənin baş verməsi faktı ABŞ və dünya bazarlarına təsirləri kifayət qədər dağıdıcı təsir göstərə bilər. Çünki ABŞ təkcə dünyanın bir saylı iqtisadiyyatına deyil, qlobal bazarların, maliyyə sisteminin fundamentini təşkil edən valyutaya sahib ölkədir. Bu mövqe ABŞ-a imkan verir ki, zəruri hallarda dövriyyəyə əlavə dollar buraxmaqla öz öhdəliklərini vaxtında icra edə bilsin. Lakin bu mövqe həm də ABŞ dövləti üzərinə çox nəhəng məsuliyyət qoyur: hər hansı addım atanda yalnız özünün deyil, ondan asılı olan dövlətlərin, bütövlükdə qlobal iqtisadiyyatın mənafeyini nəzərə alsın.

Uzun illərdir dollar təminatlı ABŞ dövlət qiymətli kağızları ən etibarlı yatırım hesab olunur. Son məlumatlara görə, ABŞ dövlət istiqrazlarının ən böyük alıcısı Çindir – 1,18 trilyon dollarlıq kağız alıb. İkinci yerdə 1,03 trilyon dollarla Yaponiya, ardınca 300 milyard dollarla Braziliya, 299 milyard dollarla İrlandiya, və 274 milyard dollarla Böyük Britaniya gəlir. Ümumilikdə, ABŞ dövlət borcunun 30 faizə yaxını – 6,21 trilyon dolları xarici borclanmanın payına düşür. Bu isə defolt halında həmin borcu alan investor dövlətlər üçün çox ciddi problemlərin yaranması demək olar.

Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-ın hər hansı xərci vaxtında qarşılaya bilməməsi texniki baxımdan defolt sayılsa da, köklü iqtisadi problemlərdən deyil, sırf siyasi qarşıdurmadan yarandığına görə ciddi iqtisadi təsirləri olmaya bilər. Lakin digər qrup ekspertlər hansı səbəbdən olursa-olsun, defolt faktının ABŞ və onun valyutası üçün çox böyük problemlər yaradacağını bildirirlər: ABŞ dövlət kağızlarını  saxlayanlar qısa müddətdə onlardan qurtulmağa çalışacaqlar ki, bu da ölkə üçün ciddi maliyyə yükü formalaşdıracaq. Digər tərəfdən, dünyadakı qızıl-valyuta ehtiyatlarının 60 faizinin saxlandığı dolların nüfuzuna ciddi zərbə dəyəcək, qlobal bazarlarda onunla ticarət zəifləyəcək. Bu isə digər böyük iqtisadiyyatlı ölkələrdə, xüsusilə də öz valyutasının məzənnəsini dollarla tənzimləyən Çində böyük problemlər yaradacaq. Nəticədə dollarla bərabər digər güclü valyutaların da iflası baş verəcək, bu isə qlobal iqtisadi böhran, qarşısının alınması mümkün olmayan inflyasiya ilə sonuclanacaq…

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… - FED.az

Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqovun “Yeni Müsavat”a dediyinə görə, ABŞ-da borc limitinin Konqres tərəfindən artırılıb-artırılmayacağı hazırda dünyada müzakirə olunan əsas mövzulardan biridir: “Hər il ABŞ-da Maliyyə Nazirliyi  təxminən 1 trilyon dollar borclanmaya gedir ki, büdcə kəsirini maliyyələşdirə bilsin. Hazırda olan limitə  – 31,4 trilyon dollara çatılıb artıq. Bundan sonra borclanma üçün Konqres limiti artırmalıdır. Bu, ilk belə problem deyil. 1960-cı ildən bəri Konqres borc limitini 78 dəfə artırıb. Bunun 49 dəfəsi respublikaçı prezidentin, 28 dəfəsi isə demokrat prezidentin dövründə baş verib. Sonuncu dəfə borc limiti 2021-ci ildə artırılıb. Əslində borc limitinin artırılmaması faktiki olaraq defolt deməkdir. Bu halda Maliyyə Nazirliyi elan edəcək ki, xərcləri qarşılaya, borcları ödəyə bilmir. Bu isə faktiki olaraq defolt deməkdir”.

Ekspert bildirir ki, ABŞ-dakı defolt dünya iqtisadiyyatında domino effektli dərin böhran gətirə bilər: “İndiki halda defolt dünya maliyə sisteminin sıfırlanması və tamamilə yeni sistemin qurulmasına başlanması demək olar. Hansı ki, indiki halda buna gedə bilməzlər. Bu nəticəni ABŞ-da, xüsusilə də Konqresdə çox gözəl bilirlər. Buna görə də hər hansı sürpriz addım gözləmirəm, Konqres limiti artıracaq və problem həll olunacaq”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …