Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ 1979-cu il Tehran girovlarına kompensasiya verəcək

ABŞ 1979-cu il Tehran girovlarına kompensasiya verəcək

Məlumata görə, İranda girov böhranının ABŞ-dan olan qurbanları çətin sınaqdan 36 il sonra kompensasiya alacaqlar. Ötən cümə günü təqdim olunmuş ABŞ-ın gələn ilin büdcəsinin qanun layihəsində girov götürülmüş 53 vətəndaş və ya onların varisləri üçün 4,4 milyon dollar məbləğində kompensasiya nəzərdə tutulub.

Bundan başqa, 1998-ci ildə Şərqi Afrikada ABŞ səfirliyində baş verən partlayışların qurbanları da nəzərə alınacaq.

Girov götürülənlər 444 gün saxlanılıb və İranla ABŞ-ın əlaqələrinin kəsilməsi ilə nəticələnib.

Kompensasiyanın ödənilməsi barədə qərar dünya dövlətləri və İran arasındakı nüvə proqramı ilə bağlı mübahisəli razılaşması fonunda verilib.

New York Times məlumat yayıb ki, kompensasiya üçün pul çox güman ki, İran, Sudan və Kubaya qarşı sanksiyaları pozduğu üçün Fransanın Paribas bankının ödəyəcəyi olan iri həcmli cərimədən veriləcək.

9 milyard dollara yaxın olan cərimənin bir milyardı terrorizm qurbanları üçün fonda keçiriləcək. Əlavə 2.8 milyard dollar isə 9/11 hücumundan zərər çəkənlərin ailələrinə yardım kimi ayrılacaq.

Tehranda ABŞ səfirliyinə olan hücumlar zamanı girov düşmüş 53 nəfərdən 37-i sağdır.

İrandakı Amerika səfirliyinin əməkdaşlarının girov götürülməsi 1979-cu ildə islam inqilabının nəticəsi olaraq Ayətullah Xomeyninin hakimiyyətə gəlməsindən bir müddət sonra baş tutub.

Burada iranlı tələbə fəallar iştirak ediblər. Əvvəlcə səfirlikdə 66 nəfər saxlanılsa da, onlardan 13-ü tezliklə azad edilib.

Girov götürənlər ABŞ-dan Nyu-Yorka müalicəyə gedən 1979-cu ildə devrilmiş şah Məhəmməd Rza Pəhləvinin onlara verilməsini tələb edib. İranın yeni hakimiyyəti bu tələbləri dəstəkləyiblər.

Rəsmi Vaşinqton şahı geri verməkdən imtina edib, lakin öz vətəndaşlarının xilas edilməsi üçün hərbi əməliyyat da keçirməyib.

Nəticədə səfirlik əməkdaşları 444 gün girov saxlanılıb. Onlardan biri ağır xəstəliyi olduğu üçün erkən azad edilib.

ABŞ-ın silahlı müdaxilədən imtina etməsi demokrat prezident Jimmy Carter reytinqinə çox mənfi təsir göstərib. Nəticədə o, növbəti seçkilərdə respublikaçı Ronald Reagana uduzub.

İranda girov böhranı, qrafik:

1979-cu il, 4 noyabr: İranlı tələbələr Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürürlər. Onlar ABŞ-dan İranın keçmiş hökmdarı, Şah Məhəmməd Rza Pəhləvinin ekstradisiyasını tələb edirlər.

1979-cu il, 17 noyabr: İran lideri Xomeyni qadın və afro-amerikalı girovların azad edilməsinə göstəriş verir. Bununla girov sayı 53-ə enir.

1980-ci il, 28 yanvar: Kanada səfirliyinin rəsmi şəxslərinin evlərində gizlənmiş 6 ABŞ səfirliyi əməkdaşı İrandan qaçır.

1980-ci il, 7 aprel: Prezident Jimmy Carter İranla əlaqələri kəsir.

1980-ci il, 25 aprel: Girovları xilas etmək cəhdi vertolyot və nəqliyyat təyyarəsi toqquşduğu üçün baş tutmur və səkkiz ABŞ əsgəri həlak olur.

1980-ci il 11 iyul: Bir girov səhhətinə görə azad edilir.

1981-ci il 19 yanvar: ABŞ və İran girovların azad edilməsi üçün saziş imzalayır.

1981-c il, 20 yanvar: Qalan 52 girovun Almaniyaya getməsinə icazə verilir. BBC

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın