Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / 8-ci ildir artmayan 200 min: Sahibkarlar üçün ciddi problem

8-ci ildir artmayan 200 min: Sahibkarlar üçün ciddi problem

“2015-ci ildə devalvasiya olanda ciddi təsirlənmiş kiçik sahibkarların boğulmaması üçün vergi qanunvericiliyində dəyişiklik edilmişdi. Belə ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verən illik dövriyyə məbləği 120 000 manatdan 200 000 manata qədər artırılmışdı. O vaxt 5 manata satılan məhsul bu gün 10 manata çatıb. Bu da sahibkarın dövriyyəsini avtomatik olaraq nominal şəkildə 2 dəfə artırır”.
Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, sadələşdirilmiş vergi ödəyiciləri üçün 200 000 manatlıq limit hələ də dəyişməyib. Bu da sahibkarlar üçün ciddi problem yaradır. Çünki məbləğ 200 000 manat təyin ediləndə məqsəd kiçik sahibkarlığın ƏDV-dən azad edilərək onların dəstəklənməsi, fəaliyyətin stimullaşdırılması idi. Amma 2015-ci ildən bəri hər il yüksələn inflyasiya, artan qiymətlər 8 ildə nominal dövriyyəni artıraraq 200 000 manatlıq limiti əslində 100 000 manatlıq effektiv həddə salıb.

“Hətta cərimələr belə 500%-ə qədər artıb. Əvvəl çek təqdim etməyəndə sahibkar birinci dəfə 400, sonra 800, daha sonra 1200 manat cərimə edilirdi. İndi bu cərimə məbləği analoji olaraq 1000 manat, 3000 manat və 6000 manata çatdırılıb.
Odur ki, 200 000 manat məbləğin 500 000 manata qaldırılmasına ehtiyac var. Onsuz da müəyyən sahibkarlar bu limiti keçməmək üçün – ƏDV ödəyicisi olmamaq üçün min bir yolla yayınmağa çalışırlar. Nəticədə onsuz da vergidən yayınma baş verir. Ona görə də yaxşı olardı ki, bu məbləğə yenidən baxılsın və eyni zamanda differensiallıq tətbiq edilsin. Təklif edirik ki, sadələşdirilmiş vergi mexanizmi 500 000 manata qədər olan dövriyyədən 2%, 500 min – 800 min manat intervalında olan hissə üçün 3%, 800 mindən 1 milyon manat qədər olan dövriyyədən isə 4% müəyyən edilsin. Bunu ən yaxşı variant hesab edirik. Amma ən pis halda 2015-ci ildən 2023-cü ilin əvvəlinə qədər olan 8 illik dövr ərzində inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi mütləqdir. Hətta sadələşdirilmiş vergi siyasətinin davamlı uğurlu olması üçün hər 3 ildən bir bu məbləğ 3 illik indeksasiya edilməlidir. Bu zaman kiçik sahibkarlar da rahat işləyər, dövriyyəni gizlətməyə çalışmaz. Nəticədə həm vergi yığımı artar, həm vergi mədəniyyəti. Dövlət də udar, sahibkar da”, – iqtisadçı əlavə edib.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …