Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / İqtisadiyyat / 2023-cü ilin büdcəsində neftin 50 dollardan götürülməsi riskdirmi? – TƏHLİL

2023-cü ilin büdcəsində neftin 50 dollardan götürülməsi riskdirmi? – TƏHLİL

2023-cü ilin dövlət büdcəsinin 53%-ni neft-qaz sektorundan əldə olunacaq gəlirlər təşkil edəcək. Proqnoza əsasən, ÜDM-in 29%-ni təşkil edəcək 30 milyard 720 milyon 700 min manat mədaxilin 16 milyard 297 milyon manatı – 53%-i neft-qaz sektorundan, yerdə qalan 14 milyard 423 milyon 700 min manatı – 47%-i isə qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına təmin ediləcək.

Neft-qaz sektorundan daxilomaların 11 milyard 280 milyon manatını – 69,2%-ni Dövlət Neft Fondundan (ARDNF) transfert, 5 milyard 17 milyon manatını – 30,8%-ni isə vergi orqanları tərəfindən sözügedən sektorda çalışan şirkətlərin öhdəliklərindən əldə olunacaq mədaxil təşkil edəcək.

Göründüyü kimi, dövlət gəlirlərimizin neft və qazdan asılılığı davam edir. Bu, hələ uzun müddət belə olacaq. Neftin dünya bazar qiymətləri bundan sonra da hələ neçə illər ərzində bizim üçün əsas və təsiredici faktor rolunda çıxış edəcək.

Təsadüfi deyil ki, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz əksini tapır. Gələn ilin dövlət büdcəsi layihəsində də 2023-cü il dövlət büdcəsinin gəlirinə dair rəqəm yazılmamışdan öncə xam neftin 1 barrelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları səviyyəsində götürüldüyü və məhz buna əsasən də mədaxilin 30 milyard 720 milyon 700 min manat nəzərdə tutulduğu qeyd olunub.

Odur ki, növbəti ilin dövlət büdcəsinə dair əsas suallardan biri də neftin proqnozlaşdırılan qiymətinin nə dərəcədə əsaslı olub-olmadığı barədədir. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri üzrə qeyri-müəyyənlik davam etdiyi, yüksək volatillik (yəni aşağıya və yuxarıya doğru rəqslər) hökm sürdüyü vaxtda bu, özünü doğruldacaqmı?

Hesab edirəm ki, bəli. 2023-ci ildə neftin 1 barelinin orta illik ixrac qiymətinin qeyd olunan səviyyədə götürülməsi düzgün qərardır. Hərçənd, dünya enerji daşıyıcıları bazarın vəziyyət elədir ki, heç 1 həftə sonra nəyin baş verəcəyi bəlli deyil. Ancaq görünən budur ki, “oyunlar” qiymətləri hələ ki ucuzlaşdırmağa deyil, alovlandırmağa xidmət edir.

Məsələn, götürək OPEC+ ölkələrinin son qərarını. Alyans ölkələri gələn aydan, yəni noyabrdan gündəlik neft hasilatını 2 milyon barel həcmində azaltmaq qərarına gəliblər. Halbuki, öncə qurumun üzvləri hasilatı sutkada 400 min barel artırmaq qərarına gəlmişdilər. 2020-ci ilin mayında pandemiya ilə əlaqədar tələbin kəskin aşağı düşməsi nəticəsində sukada 9,7 milyon barel kəsirə getmək barədə qərardan sonra ilk dəfə bu ayın, yəni oktyabrın sonuna hasilata qoyulan məhdudiyyətlər tamamilə aradan götürməli idi.

Bəs nə oldu?! Qiymətlər zatən ucuz olmadığı halda hasilat niyə azaldılacaq? Özü də sutkada 2 milyon barrel həcmində… Hələ bu azmış kimi, qərar 2023-cü ilin sonunadək icra ediləcək. Səbəb nədir?

Məsələ ondadır ki, dünyada neft hasilatı sənayesində ciddi böhran hökm sürür və sabah aparıcı ölkələrin iqtisadiyyatları əgər bərpa olunarsa, neftə yaranacaq tələbatı ödəmək çox çətin görünür. Çünki investisiya yoxdur! Artıq üçüncü ildir ki, yeni quyular qazılmır, köhnələr yenilənmir.

İkincisi isə, qlobal iqtisadiyyatda vəziyyət elədir ki, hazırda bazarda izafi məhsul yaranarsa daha ağır nəticələr ortaya çıxa bilər. Payız və qış mövsümü ilə əlaqədar təklifi indi sərbəst buraxmaq yolverilməz sayılır. Əks təqdirdə, tələbin birdən-birə arta biləcəyi təqdirdə qiymət yüksəlişinin qarşısını almaq əsla mümkün görünmür.

Ona görə də, neftin gələn il üzrə orta illik qiyməti nə qədər ucuzlaşsa belə, 50 ABŞ dollarından aşağı düşəsi deyil.

Yeri gəlmişkən, neftin orta illik ixrac qiyməti cari ilin dövlət büdcəsində də 50 ABŞ dolları səviyyəsində götürülmüşdü. Lakin iyunda büdcə proqnozlarının dəqiqləşdirilməsi zamanı 85 dollara qaldırıldı. Bu, cox ciddi risk idi.

Ümumiyyətlə, dövlət büdcəmizin neft-qaz sektorundan asılılığının azalması gedişatına və tendensiyasına uyğun olaraq neftin orta illik ixrac qiymətinin qarşıdakı 3 il ərzində 50 ABŞ dolları səviyyəsində götürülməsi ən optimal və uyğun variant sayılır.

Dövlət büdcəmizin neftdən, qazdan asılılığı azalır. Bunu 2013-2023-cü illər ərzində neft-qaz və qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəmizə daxilolmaların həcm göstəricisi də sübut edir. Gələn ilin dövlət büdcəsinin 53%-i neft-qaz sektorundan əldə olunacaq gəlirlər təşkil edəcəksə, 2013-cü ildə bu rəqəm 73,1%, 2014-də 66%, 2015-də 58,4%, 2016-da 52,7%, 2017-də 47,7% qeydə alınıb, sonradan isə yenə yüksələrək 2018-də 59,5%-ə, 2019-da 56,2%-ə, 2020-də 56,7%-ə, 2021-də 51,3 -ə və keçən il isə 53,2%-ə bərabər olub.

Bundan əlavə, ARDNF-dən transfer göstəricisinə də diqqət yetirmək kifayətdir. 2023-cü ildə ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək ki, bu da ümumi gəlirlərin 36,7%-i deməkdir. Keçən il və ondan əvvəlki ildə dövlət büdcəsinə ARDNF-dən eyni məbləğdə – 12 milyard 200 milyon manat transfert həyata keçirilmişdi.

Cari ilin dövlət büdcəsində Fonddan transfert 510 milyon manat və ya 4,2% çox yəni, 12 milyard 710 milyon manat məbləğində proqnoz edilsə də, iyunda dürüstləşdirmədən sonra 1 milyard 192 milyon 500 min manat azaldılaraq, 11 milyard 517 milyon 500 min manat edildi. Və ARDNF-dən transfert büdcə gəlirlərinin 39,4%-ə endirildi.

Ümumiyyətlə, büdcəyə gəlirlərdə qeyri-neft-qaz sektorunun payı 60% civarına çatmayınca neftin 1 barrelinin orta illik ixrac qiymətində zarafat etməyə dəyməz.

Pərviz Heydərov

Həmçinin oxuyun

Dollar bahalaşır: Manat ucuzlaşacaq? – Ekspert danışır

Bu il ABŞ Mərkəzi Bankının (FED) faizlərini son 40 ildə ən sürətli şəkildə artırması, eləcə …