Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / “2021-ci il büdcəsindən devalvasiya “qoxusu” gəlir” – Ekspert

“2021-ci il büdcəsindən devalvasiya “qoxusu” gəlir” – Ekspert

“2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 % çoxdur. 2021-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 11,851 milyard manat nəzərdə tutulub. Məlumata görə, gəlirlərin 48,7%-ni və yaxud 5 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5%-ni və yaxud 3 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6%-ni və yaxud 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 %-ni və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, 8,1%-ni və yaxud 947 milyon manatını isə digər gəlirlər təşkil edəcək, bir daha, bu proqnozdur, həyata keçməsi üçün iqtisadi aktivlik də bərpa olunmalıdır, bu isə çox çətin məsələdir”.

Bunu ekspert Natiq  Cəfərli deyib.

N.Cəfərlinin sözlərinə görə, 2020-ci il kiçik-orta sahibkarları dizi üstə qoyub, onların özünə gəlməsi üçün böyük maliyyə dəstəyi lazımdır ki, o da 2021-ci büdcəsində görünmür, yəni, yenə biznesi “minməklə” pul toplayacaqlarını düşünürlər: “Neft Fondundan büdcəyə transfert dəyişmir, 2020-ci ilin avqust büdcə düzəlişlərində nə qədər idisə, o qədər də qalır – 12 mlrd. 200 mln. manat. Bu isə o deməkdir ki, büdcənin neftdən asılığı azalmır, azalması üçün institusional heç bir ciddi addımlar atılmır. Büdcə kəsrinin həcmini və başqa dolayı parametrləri nəzərə alsaq, 2021-ci il büdcəsindən devalvasiya “qoxusu” gəlir. Ola bilər ki, bu addımı bu il yox, gələn ilin fevral-mart aylarında atsınlar. Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimiz üçün 2,2 mlrd manat vəsait ayrılacaq, az məbləğ deyil, ictimai nəzarət, şəffaflıq olsa xeyli iş görmək olar. 2021-ci ildə Azərbaycan büdcədən 2,2 mlrd. manat ayırıb xarici borc (o cümlədən 466,27 milyon manatı faiz ödənişləri) qaytaracaq. Gələn il büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün Azərbaycan 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirməyi planlaşdırır, bu da elə əlavə borclanmaq deməkdir”.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …