Şənbə , Sentyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / 2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi… – TƏHLİL

2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi… – TƏHLİL

Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi. Sənəd yaxın günlərdə dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Büdcənin parametrləri ilə bağlı bütün detallar ictimaiyyətə məlumdur. Ancaq dürüstləşdirilmiş büdcənin parametrləri ilə bağlı son günlərdə sosial mediada müxtəlif ekspertlər tərəfindən fərqli şərhlərə rast gəlinir və yeni dəyişikliklərə müxtəlif ziddiyyətli yanaşmalar sərgilənir. Bəzi iqtisadçılar büdcənin gəlir və xərcləri, müxtəlif daxilolmalar, büdcə qaydasının dayandırılması və s. məsələlər barədə yanlış təsəvvür yaratmağa çalışırlar. Bəs əslində gerçəklik nədən ibarətdir?

Büdcə niyə indi dəyişdi?

Ən çox diqqəti çəkən məsələlərdən biri büdcənin niyə məhz cari ilin ikinci yarısında dəyişdirilməsidir. Əslində bu fikirləri səsləndirənlər hökumətin bir neçə ay əvvəl büdcə dəyişikliyi anonsunu unudur. 2020-ci ilin dövlət büdcəsinə dəyişikliyin olacağını mart ayının sonları, aprel ayının əvvəllərində iqtisadi situasiyalar diktə edirdi və Maliyyə Nazirliyi aprel ayındakı açıqlaması ilə bunun mümkünlüyünü bildirirdi. Çünki hökumətin iqtisadi blokuna tam aydın idi ki, koronavirus pandemiyası çərçivəsində baş verən hadisələr, neftin qiymətindəki ucuzlaşması, karantin və sosial təcrid tədbirləri iqtisadiyyata təsirsiz ötüşmür, gəlirlərimizin azalmasına, işgüzar fəallığın və iqtisadi artımın zəifləməsinə səbəb olur. Nəzərə alsaq ki, cari ilin ilk altı ayında ÜDM 2,7 faiz azalıb, əksər iqtisadi sektorlarda azalma müşahidə olunub. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması sözsüz ki, dövlət büdcəsinin gəlir və xərclərindəki möhkəm tarazlığın pozulmasına səbəb olurdu. Nəticədə büdcə layihəsinə dəyişikliklər zərurət idi və həmin vaxtdan aktual olaraq gündəmdə qalırdı.

Məsələ ondadır ki, hökumət ilin birinci yarımilliyini fiskal baxımından tam normal başa vurdu və maliyyə vəziyyəti qənaətbəxş olduğundan və ötən 6 ayda büdcənin gəlir və xərcləri tam icra edildiyindən dəyişikliklərin ikinci yarımilliyə saxlanılması məqsəduyğun idi. Onu da nəzərə alsaq ki, pandemiya hələ davam edir və nə vaxt bitəcəyini müəyyən etmək çox çətindir, onda qarşıdakı aylarda bir sıra vacib sahələrin – səhiyyənin artan ehtiyaclarının ödənilməsi, əhalinin həssas sosial qruplarının, dövlət şirkətləri, sahibkarlıq subyektləri və kiçik-orta biznesə dövlət dəstəyinin göstərilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, digər dövlət ehtiyaclarının təmin edilməsi olduqca zəruridir. Bütün bu amillər dövlət büdcəsinin xərcləri üzrə əlavə 1 milyard 372 milyon manata tələbat yaradırdı. Eyni zamanda, dövlət büdcəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması nəticəsində 2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərcləri formalaşdırmışdı. Beləliklə, dövlət büdcəsinin parametrlərinə dəyişiklik labüdləşdiyindən mövcud ssenariyə uyğun addım atıldı və büdcəyə dəyişiklik edilməsi, dürüstləşmə parlamentin müzakirəsinə çıxarıldı və qəbul olundu.

Vergi-gömrük daxilolmalarının azaldılması, neft transfertinin artırılması ən optimal yoldur…

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24 milyard 124 milyon manat nəzərdə tutulur. Gəlirlərin 13 milyard 990 milyon manatı neft sektorunun, 10 milyard 134 milyon manatı isə qeyri-neft sektorunun payına düşür. Büdcə gəlirlərinin 12 milyard 200 milyon manatı Dövlət Neft Fondunun transferti, 7 milyard 190 milyon manatı Dövlət Vergi Xidmətinin, 3 milyard 830 milyon manatı isə Dövlət Gömrük Komitəsinin daxilolmalarıdır. 804 milyon manat isə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarıdır.

Bəziləri büdcədə qeyri-neft sektoru üzrə daxiolmaların, daha doğrusus, vergi, gömrük və digər sahələrdən daxilolmaların azaldılmasını, neft sektoru üzrə, yəni Dövlət Neft Fondunun transfertlərinin artırılmasını qeyri-neft sektorunun arxa plana düşməsi kimi izah etməyə çalışır. Bu, tamamilə yanlışdır. Məlumdur ki, pandemiya iqtisadi aktivlik və məhdudiyyətlərə səbəb olub, vergi güzəştləri, vergidən azadolmaları tətbiq edilir, bu və digər amillər verginin və gömrüyün büdcədəki payının azalmasını labüd edir. Buna görə də, büdcədə əsas fiskal orqanların – vergi və gömrüyün daxiolmalarının azaldılması ən düzgün qərardır. Yaranmış natarazlığı neft transfertləri ilə balanslaşdırmaq isə ən doğru addımdır. Bu səbəbdən də Neft Fondunun transfertlərinin artırılması ən optimal variantdır. Digər tərəfdən, büdcədə daxilolamlarında fiskal orqanlar kimi vergilərin payı 685 milyon, gömrüyün payı 170 milyon, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları 35 milyon olmaqla, ümumilikdə 890 milyon manat azaldılır. Əvəzində Neft Fondu həmin kəsiri üzərinə götürür və transfeti 850 milyon manat artırılmaqla büdcədəki tarazlığın pozulmasının qarşısını alır.

Hansı xərclər artırılır, hansı azaldılır…

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri isə 27 milyard 492,2 milyon manat təşkil edir. Əlavə xərc maddələrinin istiqamətləri isə məlumdur. Bir sıra istiqamətlər üzrə xərclərin azaldılmasının səbəbləri də bəllidir. Ümumi dövlət xidmətlərinin büdcədəki maliyyə payı təxminən 160 milyon manat azalacaq, bu da pandemiya ilə bağlı həmin sahələrdə bir sıra tədbirlərin təxirə düşməsidir. Elm və təhsil sahəsi üzrə də bəzi xərclərin də azalması bu qəbildəndir. Ancaq burada əsas elmi və ali, orta təhsildə heç bir azalmadan söhbət gedə bilməz. Məsələn, büdcədə ümumi təhsil xərcləri sabit qalır, məktəbəqədər təhsil. əlavə təhsil, təhsil sahəsində tətbiqi tədqiqatlar, təhsil sahəsində digər müəssisələrdə tədbirlər üzrə xərclər azalır. Bu da tam normaldır, həmin sahələrdə fəaliyyət dayanıb, tədbirlər həyata keçirilməyib, bu isə fiziki olaraq müxtəlif xərcləri, o cümlədən, ərzaq və qeyri-ərzaq, kommunal ödənişlər, müxtəlif tədbirlər üzrə məsrəflərə qənaətlərə səbəb olub. Bu kimi hallar mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət üzrə xərclərin məbləğində azalmaları da labüd edib.

Hökumət iqtisadi fəaliyyət xərclərini artırmaqla sahibkarlığa və iqtisadi islahatlara dərin dəstək göstərməkdə qərarlıdır. Eyni zamanda, investisiya xərclərinin sabit qalması iqtisadi və investisiya fəallığının qorunub saxlanmasına, postpandemiya dövründə iqtisadi inkişafa xidmət edən siyasətin tərkib hissəsi hesab edilə bilər.

Büdcə kəsiri ÜDM-in 4,9 faizi civarındadır…

Dövlət büdcəsinin kəsiri dürüstləşmədən sonra 608 milyon manat artırılaraq 3 milyard 368,2 milyon manat səviyyədə olacaqdır. Bu, ÜDM-in 4,9 faizi həcmindədir. Yəni büdcənin kəsiri cəmi 2 faiz artırılır. Bəziləri büdcə kəsinin artmasını az qala təhlükəli tendensiya kimi şərh edir, bunun bağlanmasında hökumətin ciddi çətinliklərlə üzləşəcəyini qeyd edirlər. Əslində, bu, heç də belə deyil. İlk olaraq onu vurğulamaq lazımdır ki, dövlət büdcəsinin kəsiri birbaşa pandemiya ya bağlıdır. daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır. İndiki iqtisadi və sosial reallıqlar baxımından etmək mümkündür. Çünki büdcə kəsiri beynəlxalq təcrübəyə əsasən, ÜDM-in 35-40 faizindən çox olduqda təhlükəli vəziyyət yaranır. Ölkəmizdə bu göstərici cəmi 5 faizdən də az təşkil etməklə həmin təhlükəli həddən 7-8 dəfə aşağıdır.

Yeni büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılması tam məntiqli və başadüşüləndir…

Dürüstləşmə ilə bağlı ən mühüm qərarlardan biri yeni büdcə qaydasının dayandırılmasıdır. Bu mövzuda da anlaşılmaz mövqe, bəzən isə mahiyyətinə varmadan fikirlər yer almaqdadır. Pandemiya hökumətin bir çox planlarını müvəqqəti olaraq təxirə salır və burada maliyyə siyasətində korrektələr də qaçılmazdır. Məlum olduğu kimi 2019-cu büdcə ilindən tətbiq edilən yeni büdcə qaydasına əsasən icmal büdcə xərclərinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı hədləri xalis maliyyə aktivləri və proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən edilir. Büdcə qaydası həm də icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin də hər il əvvəlki ilin müvafiq göstəricisindən az olmasını tələb edir. Dürüstləşdirilmədən sonra 2020-ci ildə neftin bir barelinin orta illik qiymətinin 35 dollar əsasında götürüldükdə büdcə parametrlərinin də yenidən hesablanması qaçılmaz olur.

Yeni neft qiyməti reallıqları və neft hasilatının azalması nəzərə alınmaqla 2021-ci il və sonrakı üç il üçün fiskal çərçivənin hazırlanması zamanı büdcə qaydasının tətbiqi ortamüddətli dövrdə büdcə xərclərinin kəskin azaldılmasını da zəruri edir. Baş vermiş iqtisadi və maliyyə böhranlarından əldə olunan təcrübə göstərir ki, iqtisadiyyatın böhranlı dövrlərində tətbiq edilən kəskin daraldıcı fiskal siyasət ölkələrdə iqtisadi fəallığın və məşğulluğun kəskin azalmasına və tənəzzülün dərinləşməsinə səbəb olur. Bu baxımdan, məcmu tələbin dövlət xərcləri vasitəsilə müəyyən səviyyədə stimullaşdırılmasına ehtiyac yarandığı bir şəraitdə cari və növbəti ildə büdcə qaydasına uyğun olaraq büdcə xərclərinin və Neft Fondundan dövlət büdcəsinə transfertin kəskin azaldılması vəziyyəti daha da çətinləşdirə bilər. Ona görə də, 2020-ci ilin dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin təmin olunması və növbəti ilin dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlaşdırılmasında tarazlığa nail olmaq məqsədilə büdcə qaydasının müvəqqəti dayandırılmasının tam iqtisadi əsasları vardır.

Seçkilərlə bağlı xərclərin istifadəsi…

Digər qeyri-peşəkar yanaşmalardan biri sosial mediada 2020-ci ilin büdcə zərfində Milli Məclisə keçirilən seçkilərə ayrılmış 75,8 milyon manat vəsaitin düzgün olmayan xərclər kimi qeyd olunmasıdır. Guya bu xərclərin bir hissəsi istifadə olunmamış qalır və 2020-ci ildə daha yeni bir seçki üçün saxlanılır. Bu cür dəqiqləşdirilməmiş fikirləri irəli sürənlər başa düşməlidirlər ki, parlament seçkiləri ilə bağlı nəzərdə tutulmuş həmin xərclər 2020-ci il dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri” bölməsinin “Seçkilərin keçirilməsi və statistika tədbirləri” köməkçi bölməsinin proqnoz göstəricisidir. Bu köməkçi bölməyə isə Milli Məclisinə seçkilərin keçirilməsi xərclərindən əlavə, seçici siyahılarının dəqiqləşdirilməsi, dairə seçki komissiyalarının və katibliyinin saxlanılması, Dövlət Statistika Komitəsi üçün statistika tədbirlərinin həyata keçirilməsi xərcləri də daxildir. 2020-ci ilin dövlət büdcəsində Milli Məclisinə seçkilərin keçirilməsi məqsədilə nəzərdə tutulmuş 51,4 milyon manat vəsaitin 50,1 milyon manatı və ya 97,5 faizi istifadə olunubdur. Qalan 1,3 milyon manatla hansı seçki keçirmək olar?

Cərimələrdən daxilolmalar niyə artır?

Büdcədə bəzi sahələrdən daxilolmaların artırılmasına, o cümlədən cərimələrlə bağlı və hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə olunan daxilolmaların həcminin artırılmasına qeyri-ciddi yanaşma sərgiləyənlər isə anlamırlar ki, bu, qanunla müəyyən edilmiş qaydalardan irəli gəlir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, mülkiyyət əleyhinə olan, iqtisadi fəaliyyət və ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalardan, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına tətbiq edilən cərimələrdən, torpaq qanunvericiliyinin pozulmasına görə və sair cinayət və inzibati qaydada xətalara görə daxilolmalardan ibarətdir. Bu, bütün dünya ölkələrində tətbiq olunur.

2020-ci ilin təsdiq edilmiş büdcəsində cərimələrdən daxilolmalar 10 mln. manat proqnozlaşdırılmış, cari ilin 6 ayında isə 8 milyon manat dövlət büdcəsinə daxil olmuşdur. Dürüstləşdirilmiş büdcədə cərimələrdən daxilolmalar cari ilin 6 aylıq faktı və koronavirus pandemiyası ilə əlaqədar epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə tətbiq edilən cərimə məbləğlərinin artırılması nəzərə alınaraq 16,9 milyon manat nəzərdə tutulub.

Başqa bir istiqamət. Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30 milyon manat nəzərdə tutulur. Bu da tam tamamilə qanunla müəyyən edilmiş bir prosesdir. Korrupsiya qarşı gücləndirilmiş mübarizə və aparılan istintaq tədbirləri nəticəsində qeyri-qanuni yollarla əldə edilmiş əmlaklar müsadirə edilərək onun satışından daxilolmalar dövlət büdcəsinə təmin edilir.

Elbrus CƏFƏRLİ
İqtisadçı-jurnalist //musavat.com//

Həmçinin oxuyun

Əhalinin banklarda 7,8 milyard manat pulu var

Sentyabrın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 874,4 milyon manat təşkil edib. Azinforum.az Azərbaycan Mərkəzi Bankına …