Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “2020-ci ildə manatın məzənnəsində dəyişiklik gözlənilmir” – Ekspert

“2020-ci ildə manatın məzənnəsində dəyişiklik gözlənilmir” – Ekspert

“Bu gün hesab edirik ki, revalvasiya Azərbaycan iqtisadiyyatı üçün yararlı deyil, zərərli ola bilər”. 

Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. 

O, qeyd edib ki, bizim əsas istiqamətlərimizdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır: “Revalvasiya isə buna maneə ola bilər. Düşünürük ki, cari ildə manatın məzənnəsinə təsir edə biləcək fundamental amil yoxdur. Növbəti ilə də nikbin baxırıq. Yəqin ki, gələn il də milli valyutanın məzənnəsini idarə edə biləcəyik”. 

E.Rüstəmovun sözlərinə görə, 2020-ci ildə “Tam üzən məzənnə” rejiminə keçmək mümkün olmayacaq: “Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək. Bu gün açıq demək lazımdır ki, defakto sabit məzənnə inflyasiyanın ən başlıca lövbəridir. Biz bilirik ki, bu gün əhəmiyyətli dərəcədə istehlak malları idxal edirik və onların istehlak səbətində payı olduqca yüksəkdir. Bu gün Azərbaycanda aşağı inflyasiya varsa, onun ən başlıca səbəblərdən biri məzənnə və onun gözləntərinin sabitliyidir”. 

İqtisadçı ekspert Pərviz Heydərov Elman Rüstəmovun fikirlərini dəyərləndirərkən bildirdi ki, 2020-ci ildə manatın məzənnəsi ilə bağlı bir addım atılacağını gözləməyə dəyməz: “Hazırda həm dünya iqtisadiyyatında, həm də Azərbaycan iqtisadiyyatında gedən proseslər elə xarakterdədir ki, çox uzunmüddətli proqnozlar vermək mümkün deyil. Qısa və orta müddətli proqnozlar irəli sürmək belə xeyli çətinləşib. Odur ki, gələn illə bağlı konkret fikir söyləyə bilərik ki, milli valyutamızla bağlı revalvasiya və ya devalvasiya  kimi bir ciddi dəyişikliyin olacağını söyləməyə dəyməz. Çünki bunun üçün nə daxili faktorlar mövcud deyil, nə də hazırki iqtisadi şərait baxımından hər hansı əsas var. O səbəbdən builki iqtisadi trendlər növbəti ildə də özünü qoruyub saxlayacaq. Əgər bu il ilin əvvəlindən start götürən islahatlar davam etdirilərsə, növbəti ildə daha yaxşı nəticələr əldə etmək mümkündür”. 

P.Heydərov onu da vurğuladı ki, əhalinin gəlirlərinin artması inflyasiyaya təsir göstərmir: “Azərbaycanda inflyasiyanın dinamikasına diqqət yetirsək görərik ki, bizdə inflyasiya heç zaman kəskin şəkildə əhalinin əmək haqlarının, sosial ödənişlərin artırılması nəticəsində baş vermir. Bəziləri hesab edir ki, sosial artımlarla bağlı dövriyyəyə daxil olan vəsaitlərin həcminin yüksəlməsi inflyasiyaya təsir edə bilər və ya edəcək. Ancaq biz inflyasiya ilə bağlı əvvəlki illərin təcrübəsinə diqqət yetirsək, onun şahidi oluruq ki, heç zaman əmək haqqı və pensiyaların, sosial ödənişlərin artımı ilə bağlı ikirəqəmli inflyasiya baş verməyib. İkirəqəmli inflyasiya əsasən neftin qiymətindəki ucuzlaşmalar və xarici iqtisadi şəraitin pisləşməsi ilə bağlı  ölkəyə daxil olan valyutanın azalması zamanı baş verib. Bu zaman ölkə iqtisadiyyatına ciddi təzyiqlər yaranır. Necə ki, 2014-2016-ci illərdə neftin dünya bazarında qiymətlərin düşməsi ilə 21 dəfə devalvasiya baş verdi və 2016-2017-ci illərdə, hətta 2017-ci ildə ölkə iqtisadiyyatda stabillik əldə edildiyi halda inflyasiya 12,9 faiz səviyyəsinə çıxdı. Ötən il və bu il inflyasiyanı birrəqəmli səviyyəyə salmaq ona görə mümkün olub ki, valyuta bazarında sabitlikdir, neftin qiyməti əlverişlidir, xarici iqtisadi şərait də Azərbaycan üçün heç bir təhlükə və təzyiq yaratmır. Bu vəziyyət davam etdikdə bizdə inflyasiyanın ikirəqəmli səviyyəyə çıxacağını gözləməyə dəyməz. Dövlət qurumları inflyasiyanı hədəflədiklərini və nəzarətdə saxladılqlarını açıqlasalar da, təcrübə göstərir ki, xarici iqtisadi şərait dəyişən kimi, neft ucuzlaşan kimi inflyasiya alovlanacaq”. 

İqtisadçı onu da vurğuladı ki, inflyasiya həddinin çox aşağı olması çox da müsbət hal sayılmır: “Digər bir məsələ isə odur ki, Avropa və ABŞ başda olmaqla inkişaf etmiş ölkələrdə inflyasiya 2 faizdən aşağı olanda narahat olurlar, bizdə isə aşağı olanda sevinirik. Onlar narahat olurlar ki, iqtisadi artım tempi zəifləyib. Amerikada belə olarkən qarşı  dövr üçün çalışırlar ki , növbəti rübdə heç olmasa 3 faiz təşkil etsin. Çünki iqtisadi artımı şərtləndirir. Təəssüf ki, iqtisadi artımla inflyasiya, manatın məzənnəsi , eləcə də əhalinin gəlirləri arasında qarşılıqlı əlaqə mövcud deyil. Müsbət hal isə odur ki,  əhalinin gəlirlərinin artım səviyyəsi inflyasiyadan yüksəkdir. Bunu prezident də qeyd etdi. Bu vəziyyətdə çalışmaq lazımdır ki, o müsbət fərq qorunsun”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …