Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / 2018-ci ilin əsas iqtisadi hadisələri – TƏHLİL

2018-ci ilin əsas iqtisadi hadisələri – TƏHLİL

2018-ci il bir il əvvəl təşəkkül tapmış ümumi iqtisadi sabitlik üzərində müsbət meyllərin inkişaf etməsilə yadda qaldı. Bir çox istiqamətlərdə sabitliyin gələcəkdə möhkəm dayaqlar üzərində köklənməsinə xidmət edən müvafiq dinamika müşahidə edildi ki, bu, olduqca zəruri xarakter daşıyıdı. Çünki ölkədə həyata keçirilən ümumi iqtisadi kurs məhz bu məqsədə xidmət edir. Başqa sözlə desəm, ümumi iqtisadi artımın əvvəlki illərdə olduğu kimi ikirəqəmli olmasa da, birrəqəmli səviyyədə inkişafı müsbət qiymətləndirilməlidir.
2018-ci ildə baş verən ən mühüm müsbət iqtisadi hadisələr sırasına birinci Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin nəzərdə tutulduğu vaxtda, yəni bu ilin birinci yarısı başa çatmamış istifadəyə verilməsi hadisəsini daxil edə bilərəm. Söhbət Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin birinci fazasının başa çatdığından gedir. BakıBeynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Xəzər dənizində demək olar, hər mənada ən böyük limandır. Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “zəncirin mərkəzi həlqəsini” təşkil edir. Yəni, adı çəkilən Liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsi – mərkəzi sayılacaq iddiasındadır.

Kompleksin Ələtdə tikilməsi də təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və Limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, ərazinin mühüm nəqliyyat qovşağına, yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.

Təkrar edirəm, 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı artıq, fəaliyyətə başlayıb. Burada yüz min konteynerin daşınması nəzərdə tutulur. Ancaq bu, son deyil. Əgər, böyük tələbat olarsa, Ələt Limanı genişləndiriləcək. Bunun üçün bütün imkanlar və texniki imkanlar var.

İkinci, ən böyük hadisə “Cənub Qaz Dəhlizinin” birinci hissəsinin açılışından ibarətdir. Məlumdur ki, “Cənub Qaz Dəhlizi” 3 layihəni birləşdirir: Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP. Başlanğıc, yəni, mənbə isə “Şahdəniz-2”-dir. “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi açıldı. Prezident İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə saldı. İyun ayının 12-də isə Türkiyənin Əskişəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış oldu. “Cənub Qaz Dəhlizi” böyük strateji infrastruktur layihədir. Bu, gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin layihəyə dəstək vermələri də bununla əlaqədardır. Düzdür, bütövlükdə mövcud qaz resurslarımız yalnız “Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və sair…

Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatları 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu “Şahdəniz”də yerləşir. “Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Hazırda ehtimal olunur ki, gəlirlərimiz 100 milyard ABŞ dollarından çox olacaq. Söhbət “Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu indi dəqiq söyləmək mümkün deyil. O mənada ki, gəlirlər daha çox ola bilər. Orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edə bilər. Əsas hədəflərdən biri də məhz bundan ibarətdir.

Üçüncü, mühüm hadisə isə hesab edirəm, ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin Türkiyədə açılması oldu. “Star” zavodunun təməli 7 il qabaq, 2011-ci ildə qoyulmuşdu. Zavod İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib.“Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək ki, müəssisənin əsas xammal tədarükçüsü kimi SOCAR özü çıxış edəcək. SOCAR-ın inşa etdiyi bu zavodda bu ilin avqust ayından etibarən sınaq məqsədilə artıq, ilk xam neft də emal olunmuşdu. Və bu neft də məhz, bizim 80 min ton “Azeri Light” markalı neft olmaqla, ölkəmizdən çatdırılıb. Təbii ki, havayı deyil.

Ümumiyyətlə, zavodun hər iki tərəf üçün böyük xeyri olacaq. Türkiyə bu zavodun işə düşməsiylə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan qurtulacaq. Ölkəmizə gəldikdə, birincisi, xaricə ixrac etdiyimiz neftimizin bir hissəsi üçün stabil bir alış yeri qazandıq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq. Və bu sahədə qardaş ölkənin daxili bazarında bir növ söz sahibi olacağıq. Üçüncüsü isə, SOCAR-ın istənilən halda gəlirləri artacaqdır ki, bu da ölkəmizin dövlət büdcəsinə ödəmələri genişləndirəcək. Ümumiyyətlə, Türkiyə tərəfinin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaətə nail olacağı bilavasitə SOCAR-ın gəlirinin artması ilə müşahidə olunacaq. Təsadüfi deyil, növbəti mərhələdə əlavə olaraq hələ 700 milyon dollar da yatırım ediləcək. Bu, dayanaqlı və yüksək gəlirə nail olmaq üçün ediləcək.

Və nəhayət, beynəlxalq maliyyə və reytinq qurumlarında mövqelərimizin yaxşılaşması üzərinə gələk. Dünya İqtisadi Forumunun (DIF) Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metod əsasında hazırlandığından, gözlənilirdi ki, ölkəmizin mövqeləri zəifləyəcək. Yəni, keçən hesabatda tutduğumuz pillələrin hamısında geriləcəyik. Lakin yeni metodoloji yanaşma da, Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilmədi və ölkəmiz sözügedən hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər yaxşı yer tutdu. Məsələn, dünyanın 140 ölkəsi arasında ölkəmizin sosial bərabərliyin dünyada ən yaxşı səviyyədə təmin olunduğu ölkə hesab olunması böyük nailiyyətdir. Və yaxud da, elektrik enerjisi ilə təchizat məsələsini götürək… Əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 bal əldə etmək və bu göstərici üzrə dünyada ilk pilləyə yüksəlmək Azərbaycan kimi ölkə üçün böyük nailiyyətdir.

Biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmağımız da mühüm göstərici idi. Bu isə ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə aparılan islahatların, göstərilən cəhdlərin, sahibkarlıq fəaliyyəti üçün ortada olan bütün maneələrin aradan qaldırılması və sair kimi işlərin nəticəsidir. Ümumiyyətlə, ötənilki reytinqlə müqayisədə, Azərbaycanın “infrastruktur”, “ictimai institutlar”, “İKT potensialı”, “əmək bazarı”, “biznesin dinamikası” üzrə mövqeyini yaxşılaşdırması təsadüfi deyil. İnfrastruktur, İKT-dən istifadə səviyyəsi,Əmək bazarı üzrə ölkəmizdə həyata keçirilən işlər də göz qabağındadır və bu da təbii ki, öz nəticələrini göstərməli idi. O cümlədən, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycanın 32 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi həqiqətən də qeyri-adi nəticədir.

Xatırladıram ki, “Doing Business 2018” hesabatında Azərbaycan 1 il əvvəllə müqayisədə 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlməşdi. Ümumiyyətlə, istər DIF, istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatlar aparılmalıdır ki, bütün bunlar da Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib.

O ki qaldı növbəti ilə, 2019-cu ildə ölkəmizin iqtisadiyyatının yaxın keçmişdə, yəni 2015-2016-cı illərdə neftin dünya bazar qiymətlərinin düşməsiylə əlaqədar üzləşdiyi məlum böhrandan tam çıxa bildiyini şərtləndirən tamamilə yeni modelə transformasiyası uğurla başa çata bilər. Sadəcə olaraq, bundan ötrü islahatların daha da dərinləşdirilməsi, tədbiq ediləcək yeni vergi dəyişikliklərinin səmərəli nəticə verməsi, qeyri-neft sektorunu lokomotivə çevirmək işləri sürətləndirilməlidir. Ümumiyyətlə, 2019-cu ilin islahatların birinci mərhələsinin uğurlu konkret nəticələrlə dolu bir yekun ili olacağına böyük ümid var.

Pərviz Heydərov 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …