Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / “15 MİLYARD MANATLA VƏZİYYƏTDƏN ÇIXMAQ OLAR” – Xarici borclanmaya getməyən hökumət nə edəcək?

“15 MİLYARD MANATLA VƏZİYYƏTDƏN ÇIXMAQ OLAR” – Xarici borclanmaya getməyən hökumət nə edəcək?

Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, bu il koronavirus epidemiyası səbəbindən qlobal iqtisadiyyat 1930-cu illərdə baş vermiş böyük böhrandan bəri özünün ən pis ilini yaşayacaq.

BVF-nin fikrincə, Cənubi Qafqazda Ermənistan iqtisadiyytaı 2019-cu ilin 7.6 faizlik artımından sonra 1.5 faiz geriləməyə məruz qalcaq. Qurumun hesabatında deyilir ki, ötən il 2.3 faiz artım yaşayan Azərbaycan iqtisadiyyatında bu il 2.2 faiz geriləmə baş verəcək. Son beş ildə iqtisadiyyatında 5 faizlik artım qeydə alınan Gürcüstanda isə 2020-ci ildə 4 faiz geriləmənin baş verəcəyi gözlənilir.

Rusiyada da iqtisadiyyatın 5.5 faiz geriləməyə məruz qalacağı bildirilir. Halbuki, bu ölkə 2020-ci ildə 1.3 faiz artıma sahiblənməliydi.

Artıq hökumətlər böhranın təsirini minimuma endirmək üçün tədbirlərə başlayıblar. Rusiya 2020-2022-ci illərdə büdcə parametrlərinin dəyişdirilməsinə getdi. Qlobal şokların təsiri altında Qazaxıstan höküməti də 2020-ci ilin büdcəsində həm gəlirlərin, həm də xərclərin artırılması barədə təklifləri hazırlayıb. Ukrayna hökuməti isə müəyyən güzəştlər müqabilində BVF-dan EFF tranşı çərçivəsində 5 milyard dollar borc almaqla büdcə kəsirini örtməyə ümid edir. Qlobal şokların təsiri altında 4,3 milyard dollarlıq gəlirinin 1 milyard dollarını itirəcəyini gözləyən Gürcüstan hökuməti də beynəlxalq maliyyə qurumları ilə borc almaq barədə danışıqlara başlayıb.

Məlum olduğu kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Prezident bəyan edib ki, ölkənin iqtisadi vəziyyətinə pandemiyanın təsiri qaçılmazdır: “Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir.

Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq”.

Eyni zamanda, ölkə başçısı hökumətə tapşırıb ki, yeni gəlir mənbələri aşkar edilməlidir: “Bildirməliyəm ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin rəhbəri Vüsal Qasımlı yaranmış vəziyyəti şərh edərkən bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstan kimi “təhlükəsizlik yastığı” olan dövlətlərdən başqa, bütün digər region ölkələri xarici dövlət borcunu artırmaq və büdcə kəsirinə yenidən baxmaq hesabına 2020-ci ilin dövlət büdcəsini balanslaşdırmağa cəhd edirlər. Onun sözlərinə görə, xarici borc hesabına böhranla mübarizə bahalıdır: “Azərbaycan isə region ölkələrindən fərqli olaraq korona-böhranla mübarizə çərçivəsində nə xarici borclanmaya, nə də devalvasiyaya getmədi, yalnız öz ehtiyatlarına arxalandı”.

V. Qasımlı qeyd edib ki, mövcud büdcə qanunvericiliyi çərçivəsində büdcə xərclərinin prioritetliyi yenidən qiymətləndirilərək bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına korona-böhranla mübarizəyə 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb.

Bəs Azərbaycanın dövlət büdcəsinin təxirəsalınmaz xərcləri nə qədərdir? Bu vəsaiti toplamaq üçün gəlir mənbələri kifayət edəcəkmi?

Tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib ki, 2020-ci ilin büdcəsində əməyin ödənişi ilə bağlı xərclərə 6 milyard 721,3 mln. manat, sosial yardımlar üçün 1 milyard 659,6 mln. manat məbləğində vəsait nəzərdə tutulub. “Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsinin əhaliyə ödənişlər üzrə xərcləri 4 milyard 684,7 milyon manatdır. Bundan əlavə də İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin xərcləri 128,2 milyon manat təsdiq olunub. Beləliklə də bu il üçün yalnız əmək haqqı, sosial müavinətlər, pensiya və işsizliyə görə sığorta ödənişlərini maliyyələşdirmək üçün 13 milyard 193 milyon 800 min manat vəsait lazımdır”.

Ekspertin sözlərinə görə, hazırda koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan 1,35 milyard manat məbləğində vəsaiti də nəzərə alsaq, onda 14 milyard 543 milyon 800 min manatla vəziyyətdən çıxmaq olar. “Bu, dövlətin ən zəruri və minimum öhdəlikləridir. Bu isə o deməkdir ki, əmək haqları, sosial müavinətlər və pensiyaları vaxtında ödəmək üçün büdcəyə və pensiya fonduna birlikdə hər ay orta hesaba 1 milyard 212 milyon manat vəsait toplanmalıdır. Neftin indiki qiymətlərilə bu vəsaitin hər ay 212 milyon manatı xam neft ixracatından əldə edilə bilər, yerdə qalan vəsaiti sahibkarlar və istehlakçılar ödəməlidir. Hazırkı karantin rejimində çalışan yalnız kənd təsərrüfatı və bəzi istehsal sahələridir. Kənd təsərrüfatı sektoru da vergilərdən azaddır. Maliyyə vəziyyəti çox qəlizdir. Odur ki, 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video konfransda Prezident İlham Əliyev hökumətə tapşırıb ki, yeni gəlir mənbələri aşkar etsinlər” – deyə Qubad İbadoğlu vurğulayıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …