Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / 12 min manata xalça və 25 manata falçı xidmətləri

12 min manata xalça və 25 manata falçı xidmətləri

Müxtəlif cür çaylar, rəngarəng qolbaqlar, sarilər, xalçalar, mərmərdən hazırlanmış fil heykəlciklər və onları müşayiət edən hind musiqisi ilə milli hind geyimində rəqqasələrlə şəkil çəkdirən qonaqlar.

Söhbət ötən gün açılışı olan “Benyəlxalq Hindistan sərgisi”ndən gedir. Artıq bir neçə ildir ki, Bakıya gətirilən Hindistan məhsulları burada sərgilənir və satışa çıxarılır. Satış sərgisində 12 min manatlıq xalça da var, 1 manatlıq fil “brelok” da. Bir sözlə, Hindistan mədəniyyətinə aid hər şeyi hər qiymətə tapmaq olar.

Sərgidəki məhsulların hamısı Hindistandan gətirilir və əl işidir. Azərbaycana birbaşa yol olmadığına görə, məhsulların ölkəyə gətirilməsi Gürcüstan vasitəsilə baş tutur. Əsasən, Hindistanın şimal bölgəsindən olan 50 şirkət burada öz məhsulunu sərgiləyir.

Onu da qeyd edək ki, satışa çıxarılan məhsullar arasında zərgərlik məmulatları da var ki, əksəriyyəti gümüşdür və üzəri zümrüd, əqiq, yaqut və s. kimi qiymətli daşlarla bəzədilib.

İzdihamı yara-yara, çətinliklə də olsa, bir-bir piştaxtalara yanaşırıq. Hindistan tərzində 15-35 manat arası qiymətə satılan ayaqqabılar bir az da nağıl qəhrəmanı Ələddinin çarığını xatırladır. Bu “çarıq”ların həm qadın, həm də kişi üçün olanı var, amma təbii ki, həmişəki kimi, maraq göstərənlərin əksəriyyəti qadınlardır.

Sərginin açılış günü piştaxtaları qonaqlarla bərabər Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana, səfirliyin nümayəndələri və sərginin təşkilatçıları da gəzirdi. Səfir jurnalsitlərə açıqlamasında bildirdi ki, azərbaycanlılar Hindistan məhsullarına maraq göstərir və iki ildə artıq bir neçə dəfə belə sərgi təşkil olunub.

Zərgərlik məmulatları satılan bir neçə piştaxtanı geridə qoyub müxtəlif ölçüdə xalçalara olan hissəyə yaxınlaşırıq. Üzərində naxışlar, bəzək həddindən artıq bol olan xalçaların qiymətləri də ucuz deyil. Ən ucuz xalça 700 manatdan başlayır ki, onun da ölçüsü xeyli kiçikdir. Ondan nisbətən böyük xalça 2500 manat, bir otağın döşəməsini əhatə edəcək qədər böyük xalça isə 12 min manata satılır. Satıcı deyir ki, qiymətin belə olmasının səbəbi məhsulun təmiz əl işi olması ilə bağlıdır. Onunla paralel piştaxtada isə mərmərdən hazırlanmış və əl işi olan şahmat var ki, 120 manata satılır. Kompas, stəkan var ki, burada da qiymətlərin ən ucuzu 15 manatdan başlayır. Əksəriyyətinin hazırlandığı material alüminiumdur.

Müxtəlif ölçüdə fil heykəllər də tapmaq olar. Açar üçün nəzərdə tutulan 1 manatlıq “brelok”dan tutmuş 200-500 manat arası qiyməti olan nisbətən böyük heykəllərə qədər.

Çoxunun hind filmlərində gördüyü sarilər də ucuz deyil. 60 manatdan 120 manata qədər hər qiymətə milli hind geyimi tapmaq mümkündür. Milli tərzdə hazırlanmış sırğalar isə 15 manatdan satılır. Bundan başqa, üzərində milli hind naxışları olan köynəklər var ki, bunların qiyməti 5-10 manat arasında dəyişir. Yəni digər məhsullara nisbətən daha ucuzdur.

Piştaxtanın qarşısında söhbətləşdiyimiz alıcı Nərminə Əliyeva da deyir ki, bəzi məhsulların qiyməti münasib olsa da, digərləri çox bahadır: “Qızım üçün köynək aldım. Biri 5, biri isə 10 manata. Görünüşü xoşuma gəldi, materialı da yaxşıdır. Yayda sərin olacaq”.

Piştaxtadan uzaqlaşdıqca yaxınlıqdan gələn musiqi səsi yüksəlir. Təşkilatçılar hind rəqsini də sərgiləməyi unutmayıb. Belə ki, kiçik səhnədə quraşdırılan səs ucaldıcılar hind rəqs musiqilərini ətrafa yayır, milli geyim, saç düzümü və makiyajda olan hindli xanım isə rəqs edir. Düzdür, rəqqasə xanım hind filmlərindəki rəqslərdə olduğu kimi cəld, çevik hərəkətlər etməsə də, ətrafına izləyici toplaya bilmişdi.

Ötən il olduğu kimi, hindistanlılar bu il də falçı gətirməyi unutmamışdılar. Sərgidə ona ayrıca otaq ayrılıb ki, 25 manat əvəzində gələcəkdən proqnoz verir. Bundan başqa, inanclarla bağlı əşyaların satıldığı piştaxtada yapışdırılan elanlarda astroloq Suami Ram Sarma adlı şəxsin göstərdiyi xidmətlər barədə məlumatlar yazılıb və telefon nömrəsi qeyd olunmuşdu.

Hindistanlılar təkcə geyim, zinət əşyaları, suvenir və xalçalar yox, həm də kosmetik məhsullar, müxtəlif cür kremlər, göz qələmləri, sürmələr və s. də sərgiləyir və satırdı. Satıcıların arasında çox az qismi hindistanlı idi, əksəriyyəti elə yerli işçilər idi.

Axtaran bu sərgidə müvəqqəti tatu əvəzi olan xına ilə tatunu da tapa bilər. Hindistanlı ustanın bir saniyə belə əlini saxlamadan çəkdiyi naxışlar uşaqdan böyüyə, demək olar ki, hər kəsin marağını cəlb edir.

Sərgi martın 27-ə qədər davam edəcək.

 

Virtualaz.org 

Həmçinin oxuyun

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

“Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız üçün xüsusi güzəştlər təqdim edir. Xüsusi …

Bir cavab yazın