Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / İqtisadiyyat / “1000 bərəkət, halal nemət” halaldırmı – Həqiqət, yoxsa qurşaqdan aşağı rəqabət?

“1000 bərəkət, halal nemət” halaldırmı – Həqiqət, yoxsa qurşaqdan aşağı rəqabət?

Qafqaz Müsəlmanları İdarəsinin halallıq zəmanəti verdiyi kolbasa firmaları arasında “Səhliyalı”nın adı yoxdur.

Ovqat.com xəbər verir ki, iddianı AzEuroNews.com saytı yayıb.

Maraqlıdır ki, bu məlumat digər informasiya kanallarında da dərhal ictimailəşdirilib.

Məlumata görə, şirkətin “1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasa və sosiska məhsulları qoca, südsüz inəklərin ətindən hazırlanır:

“Əgər QMİ halallıq zəmanət verməyibsə, deməli, bu məhsulların tərkibində şübhəli məmulatlar var.

Hətta az əvvəl rəsmi “Yeni Azərbaycan” yazmışdı ki, firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

“Min bərəkət, halal nemət” nişanlı məhsulların da tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var.

Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Bu şirkətin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Bu haqda şirkətin rəsmi sahliyali.com saytında da məlumat yerləşdirilməyib.

Bir müddət qabaq şirkətin kolbasalarında nişastanın normadan artıq olduğu aşkarlanmışdı. Həmçinin, sosiskadan siçan əti çıxması böyük ajiotaja səbəb olmuşdu”.

Qeyd edək ki, bu firmanın yalnız adının “Halal” olmasıyla bağlı informasiyaların mətbu orqanlarda dolaşması ilk hadisə deyil. Hardasa 2 il bundan əvvəl də bənzər məlumatları “Musavat” qəzeti də irəli sürmüşdü. Musavat.com-un 22.04.2016 tarixli buraxılışında ““1000 bərəkət, halal nemət” leş ətlərdən istifadə edir? – şok iddia” sörlövhəli məqalədə deyilirdi:

http://musavat.com/news/olke/1000-bereket-halal-nemet-lesh-etlerden-istifade-edir-shok-iddia_341688.html

“Adının açıqlanmasını istəməyən mənbənin musavat.com-a verdiyi məlumata görə, “1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən «Səhliyalı» şirkəti də leş ətlərdən gen-bol istifadə edir. Biz bu iddianın nə dərəcədə doğru, nə dərəcə yalan olduğu barədə bir fikir deyə bilmərik. Bu, yalnız o zaman mümkün olar ki, şirkət jurnalistləri istehsal prosesi ilə tanış edər.

Məlumatlı mənbə əməkdaşımıza «Səhliyalı» şirkətinin təqdimat filminə tamaşa etməyimizi tövsiyə edir. Qeyd edir ki, həmin 8 dəqiqəlik filmdə

 kolbasa və sosislərin Avropa istehsalı olan avadanlıqlar vasitəsilə ərsəyə gəldiyindən söhbət açılır. Lakin ətin haradan alınması haqda konkret məlumat verilmir. Videoçarxda kolbasaların istehsalında istifadə olunan ətlərin daşınması qənaətini formalaşdıran səhnə var, amma həmin səhnədə istehsalda istifadə olunan ətlərin birbaşa özünü göstərimirlər. Videoçarxda bir neçə yerdə istehsalda istifadə olunan ətlər ümumi şəkildə, uzaqdan göstərilsə də, həmin ətləri yaxından tamaşaçıya təqdim etməkdən yayınırlar. Kolbasa istehsalı üçün qarışıq məhsulların elevatora tökülməsi səhnəsində isə ağ rəngli, kvadrat şəklində olan, naməlum əlavə də görünür.

Bu səhnədə də istehsalda istifadə edilən ət məhsulları olduğundan ötəri şəkildə üzərindən keçilir. Əvəzində istehsalın gigiyenik tələblərə cavab verən şəkildə olması təbliğ olunur. Üstü bəzəkli kolbasa və sosislər tamaşaçıya – gələcək istehlakçıya təqdim olunur. Əsas məsələ – kolbasa istehsalında istifadə olunan ətlərin görüntüsü arxa plana keçirilir. Ətlərin mənşəyi, haradan alınması haqda ümumi məlumatla kifayətlənirlər. Bu təsadüfdürmü?”

Yeri gəlmişkən, bir məqama diqqət çəkməyi lüzum bilirik; təxminən, bir il əvvəl, konkret desək, 2017-ci il 10 fevral tarixində prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman imzalamışdı. 13 noyabr 2017 tarixində isə Agentliyin Əsasnaməsi hazırlanıb Prezidentin imzasıyla qanuni qüvvəyə minmişdi. Üzərindən ayyarım keçdikdən sonra, dekabrın 27-də  Qida Təhlükəsizliyi Komissiyasının Nazirlər Kabinetində keçirilən iclasında Baş nazirin müavini Əli Əhmədov qeyd etmişdi ki, agentlik 2018-ci il yanvarın 1-dən tam fəaliyyətə başlayacaq.

Yəni artıq bir aydır ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətdədir. Belə bir zamanda “1000 bərəkət, halal nemət”  haqqında neqativ məlumatların mətbu orqanlara “sızdırılması” sırf qurşaqdan aşağı rəqabətin də nəticəsi ola bilər. Bütün hallarda iddialar müvafiq qurumlar tərəfindən yoxlanılmalı, əsl həqiqətlər barədə ictimaiyyət məlumatlandırılmalıdır.

 Ovqat.com

Həmçinin oxuyun

Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır –Açıqlama

Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq. Bu barədə “Türkiyə Dövlət Dəmir …