Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Əti bahalaşdıracaq qərar verildi – ŞƏRH

Əti bahalaşdıracaq qərar verildi – ŞƏRH

Məlum olduğu kimi ölkə ərazisində qeyri-qanuni ət kəsimləri həyata keçirilir. Həmin ət kəsmi məntəqələrinin ləğv edilməsi ilə bağlı işlər aparılır. Bu işi isə öhdəsinə Qida Təhlükəsizliyi Agentliyi götürüb. Qurum hesab edir ki, ölkə ərazisinin istənilən yerində ət kəsimi məntəqələrinin olması gigiyenik cəhətdən  normalara cavab vermir. Bunun qarşısını almaq məqsədilə agentlikdə yeni layihələrin hazırlanması istiqamətində işlər aparılır.

Qurum tərəfindən kəsim yerləri mərkəzləşdirilmiş sallaqxanaya çevriləcək və ət satışına nəzarət birbaşa Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək. Bu işlə məşğul olan kiçik sahibkarlar ət satışını həmin sallaqxanadan daşıyaraq edəcəklər. Təbii ki, bu zaman daşınma və digər xərclər artacaq. Eyni zamanda bu ətin qiymətinə də təsirsiz ötüşməyəcək.
Ekspertlər hesab edir ki, əslində vahid ət kəsimi məntəqəsinin yaradılması və işin buradan icra edilməsi həmin sahənin monopoliyaya alınmasından xəbər verir.

Hökumət bu sahəni də özününküləşdirərək azad rəqabətin qarşısını almış olacaq.  Ekspertlərin fikrincə, əslində indiki kəsim yerlərinə vaxt verib həmin yerləri sanitar-gigiyenik tələblərə uyğunlaşdırmaq və ət məsələsindəki təhlükəsizliyi tələb etmək daha doğru addım olardı.

“Ətin qiyməti bahalaşacaq”

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Qida Təhlükəsizliyi Agentliyinin bu addımı kənd təsərrüfatı sahəsinin monopoliyaya alınmasına bir hədəfdir:

“İndiyədək müəyyən variantlar işlətmiş və o variantları sınaqlar keçirmiş o qədər məmurlar var ki, ət kəsiminin mərkəzləşdirilməsində bu sahəyə cavabdeh olan adamı inandırırlar ki, yalnız belə etsək, ətin təhlükəsizliyini qorumuş olarıq. Ümumiyyətlə, iqtisadiyyatda hər şey bir mərkəzdən idarə olunub ölkə bazarlarına çıxmasa, onun təhlükəsizliyinə hökumət tərəfindən nəzarət mümkün deyil. Amma bazar iqtisadiyyatı şəraitində bu cür sistem yaratmaq da düzgün deyil.  Belə sistem yalnız iqtisadiyyatın inzibati amili sisteminə qatılan ölkələrdə qoymaq düzdür. Məsələn, keçmiş SSRİ-də, Şimali Koreyada və s… Bu cür ölkələri barmaqla saymaq olar. Belə ölkələrdə dövlət hər şeyə tam nəzarət edir. Əksər sahələrdə sahibkar da dövlətdir. Amma bizdə sahibkarların fəaliyyətinin qarşısı alınır. Məsələn, torpaqların geri alınması, indi isə ət kəsimi məsələsidir. Gələcəkdə də hansısa variantlar düşünəcəklər ki, sahibkarlıq məhv edilsin. Kənd təsərrüfatı sahəsində monopoliya zəif olsa da hökumət aqrar sahənin inkişafına o qədər də dəstək vermir. Gələcəkdə o məmurlar kənd təsərrüfatı sahəsini  dəstəklə alacaqlar. Konkret iqtisadiyyatın digər sahələri bir neçə əldə toplaşıb, sindikat yaradıblar. Eləcə də kənd təsərrüfatında da sindikat yaradacaqlar. Buna şərait yaradılsa, ən əsası ətin qiyməti bahalaşacaq. Çünki ət kəsimi mərkəzləşdirilirsə, birbaşa olaraq o bazarlar da nəzarətə götürüləcək. Bir neçə ət satan olmayacaq, mərkəzləşəcəklər. Mən adamlar tanıyıram ki, rayondan heyvan gətirib kəsirlər və müəyyən qədər dolanırlar. O məsələ baş tutsa belə, xırda sahibkarların fermerlərlə əlaqəsi tamamilə kəsiləcək. Onlar bazara da qiymət diktə edəcəklər. Məsələn, orda heyvanı ucuz qiymətə alıb, burada baha qiymətə satacaqlar. Bu prosesdə isə həm fermer, həm də əhali uduzacaq. Bir sözlə, kiçik sahibkarlar hamısı sıradan çıxır. Bazar iqtisadiyyatı şəraitində kiçik sahibkarın böyük sahibkara çevrilməsi üçün mümkün yol xəritəsi olmalıdır. Yəni o, öz qabiliyyətindən istifadə edib böyük sahibkara çevrilə bilməz. Belə qabiliyyətli adamlar var. Sadəcə, Azərbaycanda buna şərait yoxdur”.

 

“Qida təhlükəsizliyinə vətəndaş cəmiyyəti nəzarət etməlidir”

Ekspert onu da əlavə edib ki, ət kəsimi yerlərində sanitar-gigiyenik qaydaları sovet hökumətindən qalmış sistemdir:

“Bu nəzarət sistemi dünyanın işlək mexanizm sisteminə malik deyil. Mərkəzləşdirilmiş ət kəsmi yararlı olsa da, orada da nəzarət sistemi mümkün olmayacaq. İnsanları bu formada yenidən tərbiyə etmək mümkün deyil. Bu gün sallaqxanalara nəzarət edən bazar həkimləri ətin istifadəyə yararlı və ya yararsız olduğunu müəyyənləşdirə bilirmi? Sadəcə olaraq sənəd verir. Bazar iqtisadiyyatı üçün nəzarət sistemi vətəndaş cəmiyyətinin köməyilə təsdiq edilməlidir. Bunun üçün velosiped kəşf etməli deyilik. Artıq bu kəşf edilib. Dünyanın inkişaf etmiş ölkələrində nəzarət necə həyata keçirilirsə, Azərbaycanda da nəzarət o qaydada olmalıdır. Vətəndaş özü nəzarət etməlidir. Onun əlində əsas olmalıdır ki, qarşısına çıxan yararsız məhsulun yararsızlığını təsdiq etsin və sahibkarı cəzalandırsın. Bu kütləvi nəzarət olacaq. Belə kütləvi nəzarətin təşkili ən real yoldur. Bu nə iqtisadiyyatın inkişafına maneçilik törədir, nə də dövlət qurumlarının nəsə yaratmasına ehtiyac qalır. Bundan sonra 5 dənə də Qida Təhlükəsizliyi Agentliyi yaradılsın, faydası olmayacaq. Bazar iqtisadiyyatında qida təhlükəsizliyinə nəzarəti vətəndaş cəmiyyəti həyata keçirə bilər. Onların məqsədi ət biznesini və o monopoliyanı ələ keçirməkdir ki, buna  da nail olacaqlar. Amma təhlükəsizlik baxımından heç nə dəyişməyəcək. Nə qədər ki, qida təhlükəsizliyinə vətəndaş cəmiyyətinin nəzarəti yoxdur”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …