Ana səhifə / İqtisadiyyat / Ət və ət məhsulları bahalaşacaq

Ət və ət məhsulları bahalaşacaq

“Otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib”.
Bunu Bakupost.az -a iqtisadçı-ekspert Natiq Cəfərli bölgələrdə yaranan ot qıtlığı ilə bağlı danışarkən deyib:
Ekspert ot qıtlığının yaranmasının səbəblərini açıqlayıb:

“Azərbaycanda 2015-ci ildən başlayaraq otlaq sahələrin kənd təsərrüfatına, əsasən də texniki bitkilərə ayrılması ilə bağlı qərarlar qəbul olunub. Bu da müəyyən şəkildə disbalans yaradıb. Əvvəllər proporsiyalar gözlənilirdi, amma texniki bitkilər, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi planları bir çox otlaq sahələrində də bu bitkilərin əkilməsinə səbəb oldu. Nəticə etibarilə otlaqların həcmi azalıb. Təbii ki, otlaqların həcmi azalarkən yem üçün tədarük olunan otun həcmində ciddi azalmalar müşahidə olunur. Bununla da qiymət qalxır, qıtlıq yaranır. Bu da heyvandarlıqla məşğul olan kənd təsərrüfatı işçilərinə ciddi mənfi təsir göstərir. Onların qiymətləri artırmaq məcburiyyəti yaranır. Əlavə yem qarışıqlarının alınması zərurəti yaranır ki, onların da qiymətində artım müşahidə olunur. Əslində, bu, planlaşmada problemlərin olmasından xəbər verir”.

Ekspert işğaldan azad olunmuş ərazilərdə otlaq sahələrinin yaradılması ilə bağlı planın olduğunu deyib:

“Kənd Təsərrüfatı Nazirliyinin işğaladan azad olunmuş torpaqlarda növbəti otlaq sahələrinin yaradılması ilə bağlı bir planı var. Müəyyən sahələr minalardan təmizləndikcə onların kənd təsərrüfatına qazandırılması mümkündür. Bu elə bir sahədir ki, burada sadə həllər yoxdur. Yəni otluq sahələri olmalıdır ki, ot tədarükünü də həyata keçirmək mümkün olsun. Hələlik çıxış yolu kimi müxtəlif ölkələrdən idxal hesabına bunu həll etmək mümkün olacaq. Bu da ət məhsullarının, iri və xırdabuynuzlu mal-qaranın qiymətinin artmasına gətirib çıxaracaq”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …