Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Sən allah Həsənağanın qohumusan? … Yox, Bədəl Bədəlovun qohumuyam

Sən allah Həsənağanın qohumusan? … Yox, Bədəl Bədəlovun qohumuyam

Sözün düzü, bəzi rayon icra hakimiyyəti başçılarının tərcümeyi-halına ( söhbət icra hakimiyyətinin saytında yerləşdirilmiş rəsmi məlumatlardan gedir) hətta gözucu nəzər salanda xeyli “boşluq”ların olması diqqəti cəlb edir. Yəni bu “boşluq”lar uzaqdan adamı çağırır, az qala “gəl-gəl” deyir.

Məsələn, icra başçısının rəsmi avtobioqrafiyasında yazılır: İcra başçısı təyin olunanadək MÜXTƏLİF VƏZİFƏLƏRDƏ işləmişdir…

Necə yəni müxtəlif vəzifələrdə..?

Vəzifələrin ad, yeri, ünvanı yoxdur..?

Yaxud böyük bir rayonun icra başçısnın tərcümeyi-halında qeyd olunur: Filan ali məktəbi bitirmişdir…

Bu necə məlumatdır..?

Neçənci ildə ali məktəbə daxil olub, neçənci ildə bitirib..?

Yaxud icra başçısının tərcümeyi-halında onun hərbi qulluqda olub-olmaması barədə bircə kəlmə də yazılmır.

Niyə..? Nə səbəbə..?

Bir adam ki vətən qarşısında borcunu verməyib, onun böyük bir rayona rəhbər olması hansı məntiqə uyğundur.?

Həm də bu “Dövlət qulluğu haqqında” Qanuna birbaşa ziddir.

Axı, bu məlumatlar niyə gizlədilir..?

Bəlkə, bunlar texniki xətadır..?

Əsla yox. Texniki xəta-filan deyil. Açıq-aşkar hiss olunur ki, bəzi rəhbər işçilərin tərcümeyi-halları rüsvayçıdır.

Hətta dövrü mətbuatda icra başçılarının, bəzi deputatların diplomlarının saxta olması, hərbi qulluqdan yayınması və s, barədə məqalələr dərc olunur.

Ən maraqlısı odur ki, həmin vəzifəli şəxslər yayılan məlumatları rəsmi təkzib etmək əvəzinə məqalələri saytlardan sildirməklə məşğul olurlar.

Adamdan soruşarlar ki, diplomun saxta deyilsə, çıxart qoy ortaya diplomunu və bunu cəmiyyətə sübut elə, bütün söz-söhbətlər də aradan qalxsın.

Yaxud hərbi qulluqda olubsansa, bunu da sübut etməyin yolları var.

Hətta bəzi icra başçılarının müxtəlif xəstəliklərə (əlbəttə söhbət qaşınmadan, meningitdən, yaxud enurez-gecələr yerinə sidik buraxmaqdan getmir) mübtəla olduğu mətbuat səhifələrinə çıxır.

Və yenə ortada heç bir təkzib-filan olmur, icra başçısı öz kreslosunda qalmaqda davam edir.

Bu gün redaksiyamıza daxil olan məlumata görə, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Aslanov Natiq Musa oğlunun rayon icra hakimiyyətinin saytındakı ömürlüyünə, yəni tərcümeyi-halına nəzər saldıq.

“1976-cı ildə Naftalan şəhərində anadan olumuşdur. 1998-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 2000-ci ildən 2004-cü ilə kimi “Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində “Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb. 2010-cu ildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib”.

Rəsmi tərcümeyi-halda hərbi qulluqla bağlı heç nə yazılmayıb. Niyə..?

Hərbi qulluqda olubsa, bunu niyə yazmayıblar..?

Hərbi qulluqda olmayıbsa, bunu da yazmaq olar. Ki, filan xəstəlik səbəbindən hərbi qulluqda olmayıb.

Görəsən, icra başçısı 1998-ci ildə bitirdiyi Kənd Təsərrüfatı Akademiyasına neçənci ildə daxil olub..?

İcra başçısının tərcümeyi-halından bəlli olur ki, bu şəxs 34 yaşında icra başçısı təyin olunub. Az qala Ginnesin rekordlar kitabına düşməlidir.

Görəsən, Natiq Aslanovun vətən və millət qarşısında hansı xidmətləri olub ki, gənc yaşında mühüm bir şəhərə rəhbər təyin olunub..?

Əgər belə xidmətləri olubsa, yazsınlar cəmiyyət bilsin də.

Axı, rəsmi məlumatlardan bəlli olur ki, bu şəxs hansısa firmada alqı-satqı ilə məşğul olub. Budur, xidmət..?

Yaxud hansısa MMC-də çalışmaq məgər icra başçısı olmaq üçün “tramplin”dir..?

Doğrudan da heç bir xidməti olmayan şəxs birdən-birə necə icra başçısı kreslosuna sahib olub..?

Ölkə mətbuatı bu yüksəlişin mənbəyini də göstərir.

Deməli, icra başçısının vaxtilə çalışdığı “Kəpəz” firması onun əmisi oğlu, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Aslanova məxsusdur.

Ölkə mətbuatında dərc olunan başqa bir məlumata görə, Natiq Aslanovun icra başçısı təyin olunmağında ARDNŞ-in Sosial İnkişaf İdarəsinin rəhbəri Bədəl Bədəlovun əsas rolu olub. Məlumat üçün qeyd edək ki, Bədəl Bədəlovla icra başçısı yeznə-qayındır.

Ölkə mətbuatı onu da yazır ki, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Aslanovların və ARDNŞ-nin idarə rəisi Bədəl Bədəlovun nəzarətindədir.

Bu yerdə adamın yadına “Həsənağanın qohumusan..?” sualı düşür.

– Bilirsən? Mən Həsənağanın qohumuyam.

– Doğurdan? Sən allah Həsənağanın qohumusan?

– Vallah Həsənağanın qohumuyam

– Sən Həzrət Abbas Həsənağanın qohumusan?

– Həzrət Abbas haqqı Həsənağanın qohumuyam

– Deginən sən öl Həsənağanın adamıyam ?

-Sən öl Həsənağanın adamıyam.

– Onda gəl min boynuma!

Yox, bunlar Həsənağanın deyil, Bədəl Bədəlovun qohumlarıdır…

Legion.az

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …