Bazar , Oktyabr 2 2022
Ana səhifə / İqtisadiyyat / Ərzaqla bağlı narahatlıqlar – Azərbaycan hansı tədbirlər görür?

Ərzaqla bağlı narahatlıqlar – Azərbaycan hansı tədbirlər görür?

Son günlər taxılın və unun qiymətində dəyişiklik ediləcəyi barədə xəbərlər yayılmaqdadır. Hətta artımın yaxın sentyabr-oktyabr aylarında olacağı ehtimal edilir.

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan kimi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO  dünyada ərzaq ehtiyatları barədə narahatedici proqnozlar verib: “Bu, ciddi yanlışlıq idi. İqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi dağıdır. Tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha güclənir. Beləcə qiymət qorxunu, qorxu da qiyməti yüksəldir.

Rusiya taxıl satmayacağını, Qazaxıstan az miqdarda satacağını elan etdi. Daha sonra taxıl nəhənglərindən olan Hindistan dedi ki, “üzrlü sayın, mən də taxılımı hələ ki satmıram”. Çin isə “mən 1 milyard acı necə doyduracam” deyib ən baha qiymətdən kim satdısa taxıl almağa başladı. Beləcə bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT-nin yaydığı məlumat o qədər də narahatedici deyil, bir az sakitləşdilər. Rəqəmlər bunu deyir: 1 ton ərzaqlıq buğdanın qiyməti mayın 1-də artıq 403 dollara qalxmışdı. Amma sonra hər ay qiymətlər endi, iyunda  380 dollar, iyulda 334 dollar və 1 avqustda 328 dollara düşdü. İndi BMT-nin  FAO-su  özü elan edir ki, iyul ayında ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib”.

Qarşıdakı illərdə qaz gəliri artacaq, neftin gəliri isə azalacaq – Eldəniz  Əmirov (Gündəm) - YouTube

Eldəniz Əmirov

Ekspertin sözlərinə görə, daha 2 hadisə böhranı yumşaldan amil rolunu oynayır: “Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və  ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltdığını açıqlaması, Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq.

Azərbaycanın taxıl ehtiyacı 3,6 milyon, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaqlıq buğdanın 75%-i idxaldan asılıdır. Ötən il 572 min hektardan 1,887 milyon ton buğda istehsal etmişik. Arpa isə 374 min hektardan 1,147 milyon ton yığılıb. Göründüyü kimi, ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 milyon 9 min hektar əkilib və təxminən 6:4 nisbətində buğda və arpa əkilib. İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektarda taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, potensial 200 min hektara bərabərdir”.

“Bu durumda çörəyin qiymətində artım ola bilərmi” sualına ekspertin cavabı belə oldu ki, hökumət çörəyin qiymətinin artmaması, buğdanın qiymətinin nəzarətdə saxlanması istiqamətində bir müddətdir bir sıra addımlar atmaqdadır: “Əkilmiş hər hektar taxıl sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləği artırılaraq hər hektara 210 manat müəyyən edilib. 2023-cü ildən başlayaraq, yeni subsidiya növü müəyyən edilib. Bu, məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ cənab Prezidentin ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi ”Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilib.

Amma bu, ilkin mərhələdə pilot layihə olaraq,  Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və  Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir.

Gələn ildən (2023) başlayacaq bu məhsul subsidiyasının 5 il müddətinə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Dövlət Ehtiyatlar Agentliyi hər il qiymət artımına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırır, yəni baha qiymətə alır. Belə ki, 2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirib. Bu da ötən illə müqayisədə 16%-lik artım deməkdir.  

Beləliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Mövcud duruma və gözləntilərə əsasən qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə bağlı yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər yaranan dünyada tam təhlükəsizliyə nail olmaq üçün yetərli deyil. Yəni gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhlükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır”. Musavat.com

Həmçinin oxuyun

Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını almaq lazımdırmı – TƏHLİL

Manatın nominal effektiv məzənnəsi ötən 8 ay ərzində, yəni yanvar-avqust aylarında 6,1 faiz möhkəmlənib. Bu …