Bazar , Yanvar 29 2023
Ana səhifə / İqtisadiyyat / “Ərzaq idxalımız getdikcə artır” – EKSPERT

“Ərzaq idxalımız getdikcə artır” – EKSPERT

“Ərzaq idxalından asılılığı azaltmaq üçün kənd təsərrüfatına qoyulan investisiyanın həcmi indikindən 5-6 dəfə çox olmalıdır”. Bunu Qaynarinfo-ya açıqlamasında “Liberal İqtisadçılar” Mərkəzinin rəhbəri Akif Nəsirli Azərbaycanda cari ildə də yeyinti məhsulları üzrə idxalın artması səbəblərindən danışarkən deyib. Ekspert bildirib ki, ölkənin ərzaq məhsulları ilə təmin olunması üçün büdcədən keçən il cəmi 997 milyon manat vəsait ayrılıb: “Azərbaycan potensialına görə aqrar ölkədir. Ölkəmizdə kənd təsərrüfatına yararlı kifayət qədər geniş torpaq sahələri var. Əhalinin 65 faizi aqrar vərdişlərə malikdir. Buna baxmayaraq, hazırkı iqtisadi siyasət ölkədə ərzaq məhsullarının istehsalının azalması ilə nəticələnir. Məhsuldarlıq aşağı düşür. Eyni zamanda, əhali üçün kənd təsərrüfatı ilə məşğul olmaq maraqsız görünür. Onlar istehsal etdiyi məhsul üçün bazar tapa bilmirlər. 

10 milyon əhalisi olan ölkənin ərzaq məhsulları ilə təmin olunması üçün büdcədən keçən il cəmi 997 milyon manat vəsait ayrılıb. Gələn il bu rəqəm 1,2 milyard manat olacaq. Bu isə ərzaq məhsullarının ölkə daxilində geniş istehsalına şərait yaradılması baxımından çox aşağı göstəricidir. 
Müqayisə üçün deyim ki, İsrailin ərzaq məhsuluna olan tələbatının 90 faizi yerli istehsal hesabına ödənilir. Bu ölkə cari il üçün aqrar sahənin inkişafına 4 milyard dollar həcmində vəsait ayırıb. Həmçinin, İsrail daimi olaraq aqrar sektora böyük investisiyalar yatırır. Bu rakusdan çıxış etsək, Azərbaycanda kənd təsərrüfatına qoyulan investisiyanın həcmi indikindən 5-6 dəfə çox olmalıdır. Yalnız bu yolla ərzaq idxalından asılılıq aradan qalxa bilər”. 
Qeyd edək ki, cari ilin 11 ayının yekunlarına görə, Azərbaycan 2 milyard 88 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal edib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 386,5 milyon dollar və ya 22,7 faiz çoxdur. 

Həmçinin oxuyun

DSMF bu şəxsdən daha bir ofis icarəyə götürdü – Bu dəfə 417 minə…

“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi …