Ana səhifə / İqtisadiyyat / Ərdoğan – Putin tarixi görüşü baş tutdu – münasibətlərdə sonuncu buz da əridi

Ərdoğan – Putin tarixi görüşü baş tutdu – münasibətlərdə sonuncu buz da əridi

Qərbin də diqqətdə saxladığı Peterburq görüşündə Türkiyə və Rusiya yeni “Yol xəritəsi” ilə yola davam qərarı verdi; Ərdoğan: “Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər”

Dünən Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburq şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında tarixi görüş olub. Ona görə “tarixi” ki, ötən il noyabrın 24-də Türkiyə səmasında Rusiyanın “Su 24″ təyyarəsinin vurulması səbəbindən korlanan ikitərəfli əlaqələrin bərpasından sonra bu, yüksək səviyyəli ilk təmas idi. 
 
Görüşə mühüm dəyər verən ikinci faktor Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdi səbəbindən Ankara-Vaşinqton münasibətlərinin soyumasından sonra Ərdoğanın xaricə ilk səfər qismində məhz Rusiyanı seçməsidir. Rusiyanın Ukrayna, Krım məsələsinə görə Qərbin maliyyə-iqtisadi sanksiyalar altında olması görüşün əhəmiyyətini artıran üçüncü ciddi amil sayıla bilər.
İki liderin dünənki görüşünün səkkiz aylıq böhrandan sonra Rusiya-Türkiyə münasibətlərinə impuls verəcəyi gözlənilirdi. Prezident Putinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, görüşdə münasibətlərin bərpası üçün hansı tempdə və hansı ardıcıllıqla məşğul olunacağına dair ciddi fikir mübadiləsi aparılacaqdı.
Qeyd edək ki, Türkiyə prezidenti R. T. Ərdoğan bu ərəfədə Rusiya səfərini tarixi səfər və yeni başlanğıc olacağını söyləmişdi. “İnanıram ki, dostum Vladimirlə danışıqlarda ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq. Bizim ölkələrimiz birlikdə çox şey edəcək. Rusiya ilə bütün münasibətlərimizi inkişaf etdirəcəyik” – Türkiyə dövlət başçısı səfər öncəsi ümidlə bildirmişdi.
***
Qərbdə də bu görüşə diqqət böyükdür. Məsələn, Peterburq danışıqlarının ABŞ və Avropa üçün önəmindən söz açan sabiq diplomat, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı eks-həmsədri Metyü Brayza belə bir məqama diqqət çəkib ki, hərbi çevriliş cəhdindən sonra NATO, ABŞ və Avropa Birliyi Türkiyəyə dəstək verməyəndə Rusiya Ərdoğana tam dəstək ifadə edib.
“Bu gün Türkiyə özünün İraq və Suriya ilə sərhədlərindəki qeyri-sabit vəziyyət, Misirlə zəifləyın əlaqələr, Avropa və ABŞ-la problemlər səbəbindən mürəkkəb duruma düşüb. Rusiya isə azsaylı ölkələrdəndir ki, Ankara onunla yaxınlaşmaya gedə bilər” – Brayza qeyd edib. Onun sözlərinə görə, iki ölkə liderləri görüş zamanı energetik layihələri, o cümlədən “Türk axını” qaz kəmərini, ikitərəfli əlaqələrin tam həcmdə bərpası üçün bir çox aspektləri müzakirə edəcəklər.
Sabiq diplomat hesab edir ki, tərəflər bütün əsas aspektlərlə bağlı razılığa gələn kimi iki dövlət arşında münasibətlər bütünlüklə bərpa olunacaq. Lakin Brayzaya görə, Ərdoğanın səfəri qlobal dəyişikliklərə gətirməyəcək və daha çox “pozitiv dəyişikliklərə doğru yolda ilk addım” olacaq.
Peterburq görüşü ərəfəsində yayılan daha bir maraqlı məlumat budur ki, Ankara ilə Moskva Suriya böhranının aradan qaldıırlması istiqamətində görüləcək işlərlə bağlı razılığa gəlib. Belə bir xəbər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb. Məlumata görə, xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyə XİN nümayəndəsi Ümit Yalçın ikitərəfli operativ əməliyyatlara start vermək haqda razılıq əldə ediblər (axar.az).
*** 
Rusiya və Türkiyə prezidentləri arasında görüş Sankt-Peterburqun Strelni rayonunda Konstantinov sarayında baş tutub. Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyası baş katibinin müavini İbrahim Kalın və tərcüməçi, Rusiya tərəfdən isə ölkənin xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və tərcüməçi Gülnarə Ziqanişina iştirak edib.
Putin və Ərdoğan öncə qısa bəyanat veriblər və qarşıdakı danışıqlarda müzakirə ediləcək mövzuların anonsunu veriblər. Bundan sonra görüş bağlı qapılar arxasında davam edib.
“Rusiya və Türkiyə dialoqu yeniləmək istəyir. Sizin ölkə daxildəki çox mürəkkəb siyasi vəziyyətə rəğmən, bugünkü səfəriniz göstərir ki, hamımız dialoqun yenilənməsinin bərpa olunmasını, Türkiyə və Rusiya xalqlarının maraqları naminə əlaqələrin bərpasını istəyirik” – Putin Ərdoğanla görüşdə deyib. Rusiya lideri Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Ərdoğana ilk zəng edən şəxs olduğunu xatırladaraq bir daha Türkiyə rəhbərliyinə dəstəyini ifadə edib, “Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Bu bizim prinsipial mövqeyimizdir” – deyib.
“Rusiya və Türkiyənin əməkdaşlığı regiondakı bir çox problemin həllinə öz töhfəsini verəcək. Ümid edirəm ki, əlaqələrimizi yeni səviyyəyə qaldıra biləcəyik. Bölgənin siyasi nöqteyi-nəzərdən bizdən gözləntiləri var”. Bunu isə Ərdoğan bildirib. O, ölkəsində baş verən dövlət çevrilişi cəhdindən sonra Rusiya prezidentinin telefon zəngini yüksək qiymətləndirdiyini və buna şad olduğunu vurğulayıb, verdiyi dəstəyə görə Kreml başçısına minnətdarlıq edib.
*** 
İki ölkə rəhbərinin 2 saat çəkən görüşündən sonra tərəflər geniş tərkibdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Bundan sonra iş adamları ilə bir araya gəliblər. 
“Reuters”in məlumatına görə, Türkiyə prezidentinin nümayəndələri danışıqları çox pozitiv qiymətləndiriblər. “Ümumi ovqat çox pozitivdir. Hər iki tərəf qəti şəkildə növbəti addımlara köklənib”, – deyə onlar vurğulayıblar. Onlar həmçinin iki ölkə arasında münasibətlərin bərpası üzrə iki lider arasında dəqiq konsensus əldə edildiyini bildiriblər.
Maraqlıdır ki, Ərdoğan-Putin görüşünə Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanovun da qatıldığı bildirilir. “Report”un xəbərinə görə, bu haqda “ProKazan” məlumat yayıb… 
Qəzet çapa gedərkən səfər çərçivəsində ikitərəfli təmaslar və müzakirələr davam edirdi. Əsas müzakirə mövzuları ikitərəfli iqtisadi-ticari əlaqələrin tam həcmdə bərpası, energetika, o sırada “Türk axını” layihəsinin perspektivi, terrorla mübarizə, Suriya mövzusu və ikitərəfli əməkdaşlığı zəruri edən digər regional məsələlər olub. İki prezident arasında danışıqların əsasən bağlı qapılar arxasında keçdiyi nəzərə alınarsa, Dağlıq Qarabağ mövzusunun da müzakirəsi istisna olunmurdu.
***
“Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər”.
APA-nın məlumatına görə, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O, görüşdə məsələnin müzakirə olunduğunu bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan və Rusiya ilə üçtərəfli formatın yaradılması mexanizminə müsbət baxır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın