Ana səhifə / İqtisadiyyat / “Əmanətə xəyanət”, yoxsa dövlətə xeyir – TƏHLİL

“Əmanətə xəyanət”, yoxsa dövlətə xeyir – TƏHLİL

Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun başlıca səbəbi odur ki, biz güzəştlərə çox öyrəşmişik. İndiyədək iqtisadiyyatın bir çox sahələrində müxtəlif güzəştlər tətbiq edilib və edilir.

2016-cı ilin fevralınadək bizdə banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulurdu. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri 7 il müddətinə gəlir vergisindən azad edilirdi. İndi isə vaxt bitdi və güzəşt ləğv olundu.

Ona görə də bəziləri haqsız olaraq deyir ki, “bir əmanətimiz qalmışdı, dövlət buna da göz dikdi və bundan da pay alacaq”. Halbuki, inkişaf etmiş və ölkələrdə gəlir gətirən nə varsa, hamısı vergiyə cəlb olunur. İstər sahibkar olsun, istər fiziki şəxs, istər işəgötürən olsun, istər işçi və sair, – əldə etdikləri gəlirlərdən və əməkhaqqından dövlət büdcəsinə müxtəlif adda vergi və rüsum ödəyirlər. Dövlətdən də bizdəki qədər maaş və sosial artım umanlar yoxdur.

Bəs çıxış yolu nədədir? Əvvəlcədən heç bir güzəşt-filan tətbiq etmək lazım deyil, yoxsa tətbiq olunubsa, müddətini bacardıqca uzatmaq və yaxud, heç ləğv etməmək gərəkdir?!

Əslində güzəştlər müvafiq sektorda böhranlı dövrdə stimul yaratmaq məqsədi daşıyır, “daşlı-torpaqlı yoldan düz yola çıxmaq üçün” edilir. Sual oluna bilər ki, yaxşı, bank sektorumuz məgər “düz yola” çıxıb ki, sözügedən güzəşt ləğv olundu? Xeyr. Ölkədə bütövlükdə bank sektorunda vəziyyət qənaətbəxş deyil və bankların fəaliyyətləri iqtisadiyyatın tələbləri səviyyəsindən hələ xeyli uzaqdır. Lakin vəziyyət fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faizlərin gəlir vergisindən azad edilməsinə dair güzəştin tətbiqinə qədər olan kimi də deyil.

2016-cı ilə qədər ölkədə 40-dan çox bank fəaliyyət göstərirdisə, həmin ilin sonunda bu rəqəm 32-yə düşdü. Səbəb nə idi?! 2015-ci ildə manatın 2 dəfə devalvasiyaya uğraması. Bu, bütün sektoru çökdürdü. 10-dan çox bank sıradan çıxdı. Yerdə qalanlar borc bataqlığına düşdülər. Azərbaycan Beynəlxalq Bankı kimi qurumu hökumət güclə xilas etdi. O dövrdə manata inam sıfır həddinə enmişdi, banklardan əmanətlər sürətlə geri çəkilirdi, demək olar bütün ölkə üzrə maliyyə sabitliyi pozulmuş, bankların ardıcıl olaraq sıradan çıxma təklükəsi yaranmışdı. O vaxt hökumət vəziyyətdən çıxmaq üçün bir sıra addımlar atdı. Bura həm idarəetmə, həm struktur dəyişiklikləri daxil olmaqla, bəzi güzəştlərin və stilmullaşdırıcı tədbirlərin tətbiqi də daxil idi. Haqqında söhbət açdığımız vergi güzəşti də bu sırada idi və sonradan ən effektli nəticə verən tədbirlərdən oldu.

Söhbət, əmanətin özündən deyil, onun il ərzində gətirdiyi dividenddən, yəni gəlirdən vergi tutulacağından gedir. Bu da cəmi 10% təşkil edəcək. Bu güzəştinin ləğvi əhalinin əmanətlərini banklardan geri çəkməsinə səbəb ola bilməz. Ən azı ona görə ki, ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, manatın dəyəri möhkəmdir, xarici valyuta ilə yığıma isə maraq yoxdur. Əmanətçilər üçün əsas cəhət bankların təklif etdikləri gəlirlik səviyyəsi və əmanətlər üzrə sığorta faiz dərəcəsidir. Xatırladım ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir.

Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasına başlanması kredit faizlərinə də hər hansı yüksəldici təsir göstərə bilməz. Çünki ölkədə kredit faizləri real olaraq onsuz da yüksəkdir və bunun başlıca səbəbi heç də depozitlər üzrə təklif olunan gəlirlik səviyyəsi deyil. Əsas səbəb ölkə iqtisadiyyatında risk həddinin yüksək olması və bir də etibarlı, dayanıqlı likvidliliyin çatışmazlığıdır. Bankın pulu çox ola bilər, ancaq onun maya dəyəri yüksədirsə, həmin bankdan ucuz kredit təklifi gözləməyə dəyməz.

Sözün qısası, əmanətlərdən gəlirlərə 10% vergi heç bir istiqamətdə əngəl yaratmayacaq. Çünki bu, əmanətə xəyanət deyil, dövlətə xeyirdir.

Pərviz Heydərov

Həmçinin oxuyun

“Azərkosmos” nə qədər pul qazanır?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 39 ölkəsinə 3,6 milyon dollar dəyərində …